DataLife Engine / De Byaziyə təskinlik verək?

De Byaziyə təskinlik verək?

2005-ci il avqustun 5-də milli komandamız Bakıda Avstriyanı qəbul edirdi. Bu qarşılaşma turnir cədvəli baxımından nə bizim, nə də rəqib üçün heç bir əhəmiyyət daşımırdı. Necə deyərlər, alan almışdı, satan da satmışdı. Biz də həmişə olduğu kimi, sonuncu yeri özümüz üçün “təmin etmişdik”. Özü də həmin seçmə mərhələ bizim üçün daha bir məqama görə yaddaqalan idi. Braziliyadan böyük ümidlərlə Azərbaycana dəvət etdiyimiz, ahıl yaşında ümid işığı kimi baxdığımız, rəhmətlik Karlos Alberto Torres Polşa ilə oyunun gedişində dava-dalaş salmışdı. Həmin qalmaqallı oyunda Polşaya 0:3 hesabıyla məğlub olmuşduq, bu qarşılaşma həm də braziliyalı çalışdırıcının millimizin “sükanı arxasında” son oyunu olmuşdu. Torresin vətəninə yola salınmasından sonra Azərbaycan millisi müvəqqəti Vaqif Sadıqova tapşırılmışdı və Avstriya ilə oyuna komandamızı məhz o çıxarmışdı. Qolsuz heç-heçə ilə başa çatan oyunun sonunda Vaqif Sadıqov nəticəni böyük şadyanalıqla qeyd etmiş, elə qaçış cığırının kənarındaca qol götürüb oynayacaq qədər “sevinc göstərisi yapmışdı”. Üstündən 16 il keçib, hələ də Vaqif bəyin həmin sevinci gözümüzün önündədi. Biz onu anlamağa çətinlik çəkirik, mənasız və qolsuz bir heç-heçəyə çalışdırıcının niyə belə sevinməsinə məntiqi izah verə bilmirik.
Sən demə, hələ görəcəyimiz günlər irəlidə imiş. Dağdan ağır italyan mütəxəssis Canni de Byazi millimizin Belarusu məğlub etdiyi qarşılaşmadan sonra əsl çılğın gənclər kimi davranırdı. Onun bu sevinci futbolçulara da sirayət etmişdi, təcrübəli Maksim Medvedev, Bədavi Hüseynov, Ramil Şeydayev Minsk stadionunun qazonunu toy-bayram yerinə çevirmişdilər. Futbolçuların davranışlarından belə başa düşülürdü ki, AFFA futbolçulara yaxşı mükafat söz verib. Onlar da yay tətili ərəfəsində yaxşı qazanc əldə etdiklərinə görə ürəkdən seviniblər. Yoxsa onları başqa nə bu qədər sevindirə bilərdi ki?! Belarusu məğlub etdiyimizə görə bizə xal verilmirdi. Sıradan bir yoxlama görüşündə qələbəni çılğınlıqla sevinmək kənardan həm xeyli gülünc, həm də qəribə görünürdü. Qeyd etdiyim kimi, futbolçuları başa düşdük. Onlar öz gəlir-çıxarlarını hesablayan adamlardı. Əvvəldən də biz futbolçularımızı belə tanımışıq. Bəs De Byaziyə nə olmuşdu? O ki böyük qələbələr görən, Albaniya millisini Avropa çempionatının final mərhələsinə çıxarmasıyla öyünən mütəxəssisdi. Azərbaycan millisindəki məğlubiyyətlər onu da dəyişib. Adam o qədər dəyişib ki, sıradan bir yoxlama görüşündə qazandığı qələbəyə sevinməsiylə Vaqif Sadıqovu da yenidən hörmətə mindirdi, həmyerlimizin qiymətini bir daha anlamağa başladıq.
Bəli, Belarus üzərində qazanılan qələbə sıradan bir nəticə idi. Biz uzun illər idi millimizin belə nəticələriylə qarşılaşırıq. Qələbələri sistematik hala çevirmək, onların davamını gətirmək mümkün olmur. Belədə həmin o qələbələri də haqlı olaraq təsadüfi adlandırırıq, tez də unuduruq. Necə ki, cəmi beş gün sonra millimiz Moldovaya uduzmaqla Minskdəki qələbəni də unutdurdu. De Byazi də başa düşdü ki, sevinməyə tələsib. Uşaq kimi sevinməklə öz imicini də yerlə bir edib, özünü hörmətdən salıb. Gərək qələbə qazananda elə sevinəsən ki, ondan beş gün sonra uduzanda özünü gülünc duruma salmayasan. Belə şeyləri illərin təcrübəlisi, qitə çempionatının finalına komanda çıxarmasıyla öyünən bir mütəxəssis də yaxşı bilməlidi. Azərbaycan və Moldova futbolunun səviyyəsi eynidi. Hətta biz “Qarabağ”ın sayəsində standartlarımızı bir qədər yüksəldə bilmişik. Moldova çempionu “Şerif” az qala hər il Çempionlar Liqasında “Qarabağ”ın qarşısına çıxırdı və “köhlən atlar”la duellərdən boynubükük ayrılırdı. Belədə millimizin Moldovaya uduzması bizim üçün xeyli pis nəticə hesab olunmalıdı. Özü də bu qarşılaşmada De Byazi bizə çox yaxşı tanış olan həmyerlisi Roberto Bordinə uduzdu. “Neftçi”dən ayrılandan sonra uzun müddət iş axtaran Bordinin adı vətənində C liqasının klublarıyla yanaşı hallanırdı. Yəni Roberto ölkəsində üçüncü liqa səviyyəsində məşqçi kimi qiymətləndirilir. Heç təsadüfi deyil ki, “Neftçi”dən sonra onun iş yeri Moldova millisi oldu. İndi həmin o C liqası səviyyəsində məşqçi də gəldi, adlı-sanlı De Byazini məğlub etdi.
Dərdin ağırdı, sinyor De Byazi. Gücü ancaq Andorraya çatan, sonuncu dəfə məhz bu rəqibi məğlub edən Moldova bizi də evə əliboş yola saldı. Moldavanlar düz iki il bu günün həsrətində oldular. 2019-cu ilin iyununda Andorranı məğlub edən Moldovanın növbəti “qurbanı” Azərbaycan oldu. Heç şübhə etmirəm ki, komandamız Moldova önünə baş məşqçisiz çıxsaydı, bundan betər nəticə qeydə alınmazdı. İllərdi bu sözü deyirik, düz-əməlli futbolçumuz yoxdusa, Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç, Canni de Byazi nəyimizə lazımdı, əcnəbi mütəxəssis haramıza yaraşır? Təəssüf ki, AFFA illərdi səsləndirdiyimiz bu suala heç cür cavab-izahat verə bilmir. De Byazi məğlubiyyətdən sonra öyrəndiyimizi, daha da inkişaf etməli olduğumuzu deyib. Bütün bunları biz də bilirik, sinyor. Heç kefini pozma. Şair demişkən, gəl sənə təskinlik verim, darıxma, heç nə düzəlməyəcək!
9-06-2021, 08:0
Вернуться назад