DataLife Engine / Sərxan İbrahimoğlu tribunadan “İnter”in futbolçusuna telefon atıb

Sərxan İbrahimoğlu tribunadan “İnter”in futbolçusuna telefon atıb

“Neftçi” azarkeşi Ruslan Abışovu Zaur Tağızadə ilə səhv salıb
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər-istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı “İdman TV”nin readaktoru, agent və nəhayət, futbolçu Ruslan Abışovun qardaşı Sərxan İbrahimoğludu.
“Gördüm yoxluğumuz, təyyarəyə minməməyimiz heç kimin vecinə deyil”
Yığma Lüksemburqa yollanırdı. “İdman TV”dən də mən və bir operator komanda ilə səfər çıxırdı. Bakıda hava limanınına çatanda bizimlə birgə səfərə çıxan jurnalistlərin artıq orda olduğunu gördük. Onların hamısı ilə görüşdükdən sonra gördüm adını çəkmək istəmədiyim həmkarlarımdan biri kənarda tək oturub, əhvalı da yaxşı deyil. Yaxınlaşıb səbəbini soruşanda dərin depressiyaya düşdüyünü, vəziyyətinin heç də yaxşı olmadığını söylədi. Durumunu görüb “bu vəziyyətdə nə məcburdu xaricə gedirsən? Özü də səfərimiz uzundu, iki təyyarə dəyişməliyik” demişdim ki, “redaksiyadan mənim adımı veriblər, ona görə də məcburam” cavabını verdi. AFFA-nın o vaxtkı mətbuat katibi Mikayıl Nərimanoğlu hələ təyyarəyə minməmiş dəfələrlə ona yaxınlaşıb fikrindən yayındırmaq istəsə də, xeyri olmadı. Qardaşın da bir əlində təzyiqölçən cihaz, bir əlində də “Quran” kitabı var idi. Nə isə, bu minvalla gedib çatdıq Frankfurta. Yolboyu bu yoldaşı tək buraxmadım ki, başına nəsə iş gələr. Frankfurtda ikinci təyyarəyə minməliydik ki, Lüksemburqa gedək və bunun üçün 4-5 saata yaxın gözləməliydik. Fürsətdən istifadə edib operatorla şəhəri gəzmək fikrinə düşdük. Özünü yaxşı hiss etməyən həmkarımıza da təklif etdik ki, bizimlə şəhərə getsin. Ancaq razılaşmadı. Belədə kameranı, ştativi onun yanında qoyub özümüz getdik. Geri qayıdanda uzaqdan gördük ki, qardaşımızın oturduğu yer qələbəlikdi. Hiss etdim ki, nəsə baş verib. Təcili həmin yerə qaçdıq və yaxınlaşanda gördük ki, həmkarımızın yanında xeyli mülki şəxs və bir neçə polis var. Sən demə, bu yoldaş təzyiqini yoxlamaq üçün cihazdan istifadə edib və təzyiqinin yüksək olduğunu görəndən sonra başlayıb hava limanının içində yüksək səslə dua oxumağa. Ordakı sərnişinlər də elə başa düşüblər ki, bu terrorçudu və tez polis çağırıblar. Birtəhər polislərə durumu izah edib, dövlət televiziyasından olduğumuzu dedim, bu yoldaşın da jurnalsit olduğunu bildirib canımızı qurtardıq. Bu bəladan xilas olmuşduq ki, hava limanında Lüksemburqa uçan təyyarəyə miniyin davam etməsinin anonsu verildi. Həmin terminal da olduğumuz yerdən xeyli aralı idi. Opretor ştativi və kameranı, mən isə özünü yaxşı hiss etməyən həmkarımızı çiynimə alıb qaçaraq həmin terminala yollandıq. Biz ora çatanda artıq qapılar bağlanmışdı. Əsəbimdən bilmirdim nə edim. Növbəti dəfə qapıda dayanan polisə vəziyyəti izah etməli oldum. İngiliscə də o qədər danışa bilmədiyimdən xeyli əziyyət çəkdim. Alman polis məni dinlədi, bir neçə saniyə sakit durub bir kəlmə dedi: “olmaz”. İndi əsəbdən mənim və opretorumun rəngi qaralıb. Dostumuzun isə heç nə vecinə deyil, sanki belə də olmalıymış. Biz buna görə təyyarəyə gecikməliymişik. Məcbur olub Frankfurtdan Lüksemburqa qatarla getməli olduq. Yolboyu fikirləşirəm ki, yəqin bizimlə səfərə çıxanlar, AFFA-nın mətbuat katibi Mikayıl müəllim narahat olublar, hər yerdə bizi axtarırlar. Düşünürəm ki, depressiyada olan həmkarımızı yarıyolda qoymayıb özümüzlə Lüksemburqa çatdırdığımıza görə Mikayıl müəllim mənə “çox sağ ol” deyəcək. Bizim üçün nəzərdə tutulan otelə çatnda gördüm ki, yoxluğumuz, təyyarəyə minməməyimiz heç kimin vecinə deyil. Hərə öz işi ilə məşğuldu. Ona qədər də milli orda bir məşq də edib. Bir saatdan sonra Mikayıl müəllim bizi oteldə görüncə, başladı ki, “hardasız, sizdən telekanalın rəhbərliyinə şikayət edəcəm”. Bizi qorxutmaq üçün hələ üstəlik, “Berti Foqts məşqi yarımçıq saxlayaraq məni yanına çağırdı, hanı Az.TV sualını verdi. Sizə görə mənə narazılıq etdi” deyib yalan da düzüb-qoşdu. Guya Foqtsa Az.TV maraqlı imiş. O vaxtdan “hanı Az.TV?” deyimi dillər əzbəri olub. Həmin səfər zamanı başıma gələnlər illər ötsə də, yaddaşımdan silinməyib.
“Arif müəllim Xavi deyirsə, deməli, onun adı Xavidi”
Bir gün “İdman TV”də iclas keçirilirdi. Telekanalın o vaxtkı direktoru Elsevər Dünyamalıyev iclasın ortasında şərhçilər İsmayıl Abdullayevlə Ramiz Mirzəzadəyə irad bildirməyə başladı: “Uşaqlar, bu nədi? Dünən futbola baxırdım. “Barselona”nın oyununu şərh edirsiz və özünüzdən Amerika kəşf edərək Xaviyə Çavi deyirdiz. Bu Çavi hardan çıxdı? Bunun adı Xavidi və Xavi də deməlisiz. Sədr Arif Alışanov da mənə irad bildirir ki, bu nədi? Niyə sənin şərhçilərin Xaviyə Çavi deyirlər?” O sözünü bitirmişdi ki, telekanalın tərcüməçisi Kənan əlini qaldırıb söz istədi və üzünü Elsevər müəllimə tutaraq, “müəllim, mən İspaniya – Azərbaycan oyunundan sonra keçirilən mətbuat konfransında Xavinin özündən soruşdum ki, sənin adın necə tələffüz olunur? O da birmənalı şəkildə bildirdi ki, düzgün variant Çavidi. Xahiş edirəm, uşaqlara irad bildirməyin” söylədi. Elsevər müəllim diqqətlə Kənanı dinləyib, bir qədər də aşağıdan yuxarı süzüb qayıtdı ki, “otur aşağı. O çox şey deyə bilər, qələt edir. Arif müəllim Xavi deyirsə, deməli, onun adı Xavidi və siz də şərhdə Xavi deyəcəksiz”.
“Zaur Tağızadə “qızıl oğlan”dı, “Neftçi” üçün bir dəyərdi”
Ruslanın “Nefçi”də oynadığı dönəm idi. “Ağ-qaralar” “Tofiq Bəhramov”da “Bakı” ilə qarşılaşırdı. Matç qurtarandan sonra komandaları götürən avtobusların dayandığı yerdə maşında oturub onu gözləyirdim. Ruslan maşına yaxınlaşarkən bir azarkeş yaxınlaşdı və başladı onu bərk-bərk qucaqlayıb xoş sözlər deməyə. Mən də onlara yaxınlaşdım ki, görüm bu kimdi, Ruslandan nə istəyir. Azarkeş olduğunu bildim. Yaşı 50-55 aralığında olan azarkeş indi dil-boğaza qoymur, durmadan qardaşımı tərifləyir: “Mən sənin oyununun vurğunuyam. Bu komandada səndən yoxdu. Harda otururamsa, ancaq səni tərifləyirəm. Sən “Neftçi” üçün bir dəyərsən”. Arada pencəyinin iç cibindən klubun şərfini çıxarıb Ruslana imzalatmağa da imkan tapdı. O bizdən ayrılandan sonra bir qədər də stadionda ləngiyib, sonradan maşına oturub yola çıxmışdıq ki, gördüm həmin azarkeş piyada gedir. Onun qardaşımı tərifləməsi mənə ləzzət etmişdi. Bu üzdən ona “piyada getmə, gəl, səni də aparaq” söyləyib maşına minməsini istədim. Fikrim belə idi ki, metronun yaxınlığında onu düşürək. Həmin vaxt qardaşımla axşam yeməyinə getməyi planlaşdırmışdıq. Sözarası onu da dəvət etdik. Azarkeş qardaşım sanki buna bənd imiş, “yox” demədi və böyük məmnuniyyətlə gedəcəyini bildirdi. Həmin axşam bir yerdə şam etdik, ölkə və dünya futbolundan danışıb iki saata yaxın vaxt keçirdik. Yeməkdən sonra onu ünvanına düşürəndə maşından bir-iki addım aralanmışdı ki, birdən geri çevrilərək “mən həmişə demişəm və yenə deyəcəm ki, Zaur Tağızadə “qızıl oğlan”dı, “Neftçi” üçün bir dəyərdi”. Sən demə, qardaşımız Ruslanı Zaurla səhv salıb, iki saat bir yerdə otursaq da, yenə elə bilib ki, onu yeməyə dəvət edən Zaur Tağızadədi. Ruslan da özünü sındırmayaraq pəncərəni aşağı salıb “bəli, sən düz deyirsən, Tağızadə “qızıl oğlan”dı” deyib, gülərək azarkeşi yola saldı.
“Bir də onda ayıldım ki, məni PPX maşınına oturdub bölməyə aparırlar”
Vaqif Sadıqov “Neftçi”nin baş məşqçisi idi. O vaxtkı “Şəfa” stadionunda “İnter”lə “Neftçi” qarşılaşırdı. Ruslan da həmin ərəfədə zədədən yeni döndüyündən ideal formadan uzaq düşmüşdü, artıq çəkisi var idi. Sadıqov onu müdafiənin solunda oynadırdı. Həmin cinahda “İnter”də indi soyadını unutduğum gürcü futbolçu çıxış edirdi. Elə bil o da bilirdi ki, Ruslan zədədən yeni dönüb, matç ərzində dayanmadan pressinq edir, qəsdən toplu-topsuz Ruslanı vururdu. Mən də oyunu tribunadan izləyirdim. Növbəti belə epizodların birində özümü saxlaya bilmədim. Gürcü futbolçu yenə qardaşımı vurunca tribunadan qışqırdım. O mənə baxıb cavab qaytarınca əlimdəki sadə “Nokia” telefonunu ona tərəf tulladım. Bununla da əsəbim soyumadı və məhəccəri aşıb meydana girmək istəyirdim ki, polislər məni yaxaladılar. Bir də onda ayıldım ki, məni PPX maşınına oturdub bölməyə aparırlar. Özlüyümdə “nə işə düşdüm” deyib, özümü bilməməzliyə vurdum, polislərdən məni nəyə görə bölməyə apardıqlarını soruşdum. Aralarından biri qayıtdı ki, sən xuliqanlıq edibsən, meydana girməyə çalıırdın. Vəziyyətdən çıxmaq üçün “mən bu oyunun rejissoruyam. Operatorlardan biri oyunu çəkmirdi. Stadionda səs-küy olduğundan məni eşitmədiyini görüb hirsimdən telefonu ona tulladım” deyib vəziyyətdən çıxmağa çalışdım. Onda da çempionatın yayın hüququ “İdman TV”də idi. Polislərin çaşdığını görüb telekanalın vəsiqəsini də göstərdim. Yazıqlar mənə inanıb yenidən geri qayıtmağıma, oyunu sona qədər izləməyimə icazə verdilər. Sonradan fikirləşdim ki, nə yaxşı polislər vaxtında qarşımı kəsib meydan girməyimə imkan vermədilər. Yoxsa həm yayını pozacaqdım, həm də biabır olacaqdım.
RƏŞAD
18-05-2021, 11:0
Вернуться назад