DataLife Engine / Eldar Mansurov “Neftçi”nin “sındırıldığını”, “Qarabağ”ın adına görə irəli çəkildiyini düşünür

Eldar Mansurov “Neftçi”nin “sındırıldığını”, “Qarabağ”ın adına görə irəli çəkildiyini düşünür

“Aqil Abbas gedib öz işi ilə məşğul olsun”
“Qarabağ” və “Neftçi” arasında gedən çempionluq mücadiləsi idman mediasını, azarkeşləri gərginlikdə saxlayır. Mövsümün sonuna cəmi 3 tur qalmasına baxmayaraq, “qızıl”ın taleyinə aydınlıq gəlməyib ki, bu üzdən qarşıdakı hər oyun komandalar üçün ölüm-qalım mübarizəsi anlamına gələcək. Sadə azarkeşlərlə yanaşı, hər iki komandaya könül verən tanınmışlar da bu mübarizədən kimin qalib ayrılacağını səbirsizliklə gözləyir.
Ölkənin tanınan ziyalısı, könül oxşayan mahnıların bəstəkarı Eldar Mansurovun stajlı “Neftçi” azarkeşi olduğunu bilməmiş deyilsiz. Eldar bəy “ağ-qaralar”ın bir çox tanınan siması ilə dostluq edib, hələ sovet dönəmində çox vaxt bu komandanın oyunlarını stadiondan canlı izləyib. 69 yaşlı bəstəkarla söhbətimizdə “Neftçi”nin çempionluq şanslarını dəyərləndirməklə yanaşı, ölkə futbolunun bugünkü durumu barədə danışdıq.
- Çempionatı izləyirsiz?
- Bütün oyunlara baxıram desəm, yalan danışmış olaram. Yaradıcılıqla bağlı müəyyən işlərim çıxıb, ona görə bütün qarşılaşmalara baxa bilmirəm. Ancaq “Neftçi”nin, demək olar ki, əksər görüşlərini izləyirəm.
- Yəqin “Neftçi”nin çempionluq uğrunda mübarizə aparmasından xəbəriniz var...
- Açığı, mən “Qarabağ”ı komanda saymıram. “Neftçi”ni “sındırdılar” və Ağdam klubu bu fürsətdən istifadə etdi. “Qarabağ”ı adına görə irəli çəkdilər. Bəlkə elə deyil? “Qarabağ” nə vaxtdan böyük camiə olub? “Neftçi” tam başqa aləmdi. Ötən əsrin 60-70-ci illərində Azərbaycanın “bir nömrə”si Bakı klubu olub və hamı da ona azarkeşlik edib. “Neftçi” SSRİ çempionatında böyük klublarla başabaş mübarizə aparanda “Qarabağ” respublikadaxili yarışlarda çıxış edirdi ki, ona da heç kim baxmırdı. İndi bu müsahibəni oxuyub deyəcəklər ki, Eldar Mansurov “Qarabağ”ın əleyhinə danışır. Mən bir “Neftçi”li, uzun illər “ağ-qaralar”a könül verən tərəfdar kimi danışıram. Mən “Neftçi”ni sevmişəm, sevirəm və həyatımın sonuna qədər sevəcəm. Bu komandanın adı ürəyimin başındadı.
- Qeyd etdiz ki, “Neftçi”ni “sındırdılar”. Nəyi nəzərdə tutursuz?
- “Neftçi”nin heyəti həmişə güclü olub. Ancaq son vaxtlar o futbolçuları müxtəlif bəhanələrlə komandadan ayırıb başqa klublara apardılar. “Qarabağ” necə çempion olur? Orda bir ağdamlı var? Bütün oyunçuları ordan-burdan dəvət ediblər. Ağdam təmsilçisi o biri komandalarda üzdə olan oyunçuları öz rənglərinə bağlamaqla başqalarını zəiflədir. Bu da bir siyasətdi.
- 8 illik fasilədən sonra “Neftçi” “Qarabağ”ın hegemonluğuna son qoya bilər. Sizcə, Samir Abasovun çalışdırdığı komanda bunu bacaracaq?
- Çox istəyərəm “Neftçi” çempion olsun. Ancaq inanmağım gəlmir. “Qarabağ”ın azarkeş səhifələrində yazılanları oxuyuram. Orda yazırlar ki, “Neftçi” çempionluğa layiq deyil”, “Neftçi” çox zəifdi”, nə bilim daha nələr. Məncə, bu azarkeş fikri yox, ümumilikdə futbol təsərrüfatında formalaşan fikirlərdi. Cəmiyyətdə sanki “Neftçi”yə qarşı bir qısqanclıq formalaşıb, nədənsə bu komandanı qəbul etmək istəmirlər, onun uğurlarını həzm etmirlər. Səbəbini isə bilmirəm. Kim necə istəyir, o cür də düşünsün. Mən “Neftçi”ni 60-cı illərdən sevmişəm və ona olan məhəbbətim heç vaxt sönməyib.
- Neçə illik azarkeş stajınız var? İlk dəfə “Neftçi”nin oyununu izləyəndə neçə yaşınız var idi?
- 1962-ci ildə atam ilk dəfə əlimdən tutub məni stadiona, “Neftçi”nin oyununa baxmağa aparıb. Onda 10 yaşım var idi. Bilirsiz, uşaq kiçik yaşda ilk dəfə nəyi görürsə, ona da bağlanır. Mənim “Neftçi”m bu ölkənin, Azərbaycan adlı məkanın “bir nömrə”si olub və mənim üçün yenə də ilk yerdədi.
- Bildiyim qədər “Neftçi”nin bir çox veteranı ilə dostluq edirsiz...
- Orta və yaşlı nəsil veteranların, demək olar ki, hamısı ilə münasibətim var. Özü də mən onların bütün tədbirlərində iştirak edirəm. Oqtay Abdullayev, Asim Xudiyev, Rüstəm Rəhimov, İqor Ponomaryov ilə çox yaxınıq. İqor hər dəfə Bakıya gələndə mütləq görüşürük. Boris Xetaqurovla uzun illərdi dostluq edirik. Arada özüm də “Neftçi”nin veteranları ilə futbol oynayırdım. Bu komandanın veteranları ilə oturub-duran, onlarla çiyin-çiyinə futbol oynayan adam başqa komandanı necə sevə bilər?!
- Paytaxt klubu 4-cü dövrədə yaponiyalı ulduz Keysuke Hondanı heyətinə cəlb etdi. Necə düşünürsüz, onun gəlişi çempionluq uğrunda mübarizədə komandaya kömək olacaq?
- Açığı, mən həmişə legionerlərin əleyhinə olmuşam. İstyirəm ki, “Neftçi” sırf azərbaycanlı futbolçulardan qurulsun. Əvvəllər də komandanın heyətində başqa millətin nümayəndələri çıxış edərdi. Ancaq onların hamısı Bakıda dünyaya göz açmışdılar. Bizim məktəbin yetirmələri hesab olunurdular. Bruxti, Semiqlazov, Banişevski, adını çəkmədəyim başqa qeyri-millətin nümayəndələri özlərini bakılı sayırdılar. Hələ mən dığaları demirəm. Onlar da Bakıda anadan olub “Neftçi”də parlamışdılar, burdan SSRİ yığmasına dəvət almışdılar. Məni yandıran, narahat edən odu ki, niyə bizim komanda, yığmamız kənardan dəvət olunan “milliləşdirilən” futbolçulardan asılı olmalıdı. Götürək elə Riçard Almeydanı. Onu az qala göyün yeddinci qatına qaldırıb, “ondan yoxdu” deyirdilər. Hanı Almeyda, niyə elə tez “söndü”? Bu gün “Zirə”də belə, bir oyunu başa çatdıra bilmir, baş məşqçi hər görüşdə onu əvəzləyir. 1990-cı illərin sonu, 2000-lərin əvvəlində “Neftçi”də Vadim Vasilyev var idi. Çox bəyəndiyim forvard idi. Bakıda böyümüşdü, sanki rus yox, azərbaycanlı idi. O və onun kimi Azərbaycanda dünyaya göz açan, başqa millətdən olan futbolçular “Neftçi”nin ölkə üçün necə dəyər olduğunu bilirdilər. Ona görə də hər oyunda meydanda sona qədər can qoyurdular. Ancaq kənardan dəvət olunan legionerləri ha başa sal ki, “Neftçi” ölkənin ən köklü klubudu, ona flaqman deyirlər, xeyri olmayacaq. Çünki o bura pul dalınca gəlib. Ənənə, tarix onlar üçün boş şeydi.
- Milli Məslisin üzvü, “Qarabağ”ın qatı azarkeşi olan Aqil Abbas hər dəfə futbolla bağlı açıqlamalarında “Neftçi”nin “bostanına daş atır”, indiki dönəmdə “ağ-qaralar”ın yox, məhz Ağdam klubunun flaqman olduğunu bildirir. Buna münasibətinizi öyrənmək istərdik.
- Aqil Abbas gedib öz işi ilə məşğul olsun. “Qarabağ”ı flaqman bunlar ediblər. Məni çox danışdırmayın... İdman göstəricilərinə görə flaqman həmişə “Neftçi” olub və olacaq. Qoy “Qarabağ”ı flaqman sayanlar heyətə baxsınlar. Bu günə kimi Ağdam klubu Azərbaycan futboluna bəlkə Banişevski, Bruxti, Tuayev, Məmmədov kimi futbolçular bəxş edib? Olub beləsi? Bəlkə var, mənim xəbərim yoxdu? Adını çəkdiklərim insanlar tərəfindən sevilirdi, onlara hər yerdə hörmət var idi. Onların hamısı xalqın qəhrəmanları idi. “Neftçi”nin tarixinə baxın, bir də “Qarabağ”ın... Mən bir az köhnə fikirli adamam. Ancaq futbol tariximizi, sanballı, sayılıb-seçilən futbolçularımızı tanıyıram. Kimin nəyə qadir olduğunu bilirəm. İndi hamı “Qarabağ”ın qitəmiqyaslı turnirlərdəki uğurlarından danışır. Ancaq nədənsə çoxları demir ki, Avropa liqasında ilk dəfə qrupda oynayan komanda məhz “Neftçi” olub. Məhz bakılılar “planka”nı qaldırandan sonra Ağdam klubu onun arxasınca düşməyə başladı. Hərdən mənə elə gəlir ki, “Neftçi”nin uğurlarını bilərəkdən unutdurmağa çalışırlar. Tariximizə dəyər vermək lazımdı.
- Sonda bir qədər öncə verdiyim suala qayıtmaq istəyirəm. “Neftçi”nin çempion olacağına inanırsız?
- Mən keçmişlə yaşamıram. Ancaq arzu edirəm ki, indiki komanda gördüyüm “Neftçi”nin ruhunu yenidən geri qaytarsın. Bayaq bir az əsəbləşdim və ona görə “Neftçi”nin çempion olacağına inanmadığımı söylədim. Ancaq bu sözlər ürəkdən gəlmədi. Heç şübhəsiz, mən Eldar 10 yaşımdan sevdiyim “Neftçi”ni daim zirvədə görmək istəyirəm və ümid edirəm ki, bu il komanda çempion olmaqla bizi sevindirəcək. Təki hər şey son tura qalsın. “Qızıl”ın taleyi 28-ci turda həll olunacağı halda bakılılar, çətin ki, ağdamlılara uduzsun.
RƏŞAD
10-05-2021, 06:0
Geri dön