DataLife Engine / “Kəpəz”in dərdi var, “Kəpəz”...

“Kəpəz”in dərdi var, “Kəpəz”...

Bu yaxınlarda yolum Gəncə tərəfə, daha doğrusu, Daşkəsənə düşmüşdü. Plana görə əvvəlcə Gəncəyə qədər taksiylə getməliydim, ordan da məni qarşılayacaq avtomobillə mənzilbaşına çatmalıydım. Yolun yarısına qədər sürücüylə söhbətləşmədim. Əvvəla ona görə ki, sürücülərin diqqətini yoldan yayındırmağı sevmirəm. Özü də son vaxtlar Bakı - Qazax yolunda “gizlənən radarlar”ın sayı xeyli artıb. Əminəm ki, bu aralar yolu Gəncəyə, Qazaxa, hətta Yevlaxa düşənlər belə, sözlərimi təsdiqləyər. Yevlax postu, ümumiyyətlə, “keçilməz sədd”ə çevrilib. Yolun hər iki tərəfində əlində “çubuq” olan polislər sıraya düzülüb və postun qarşısından keçən maşınların hamısını saxlayır, yoxlama aparır, “çp” axtarırlar. Mən də istəmirdim ki, taksi sürücüsünün diqqətini yoldan ayırım. Onsuz da koronavirus pandemiyası hamı kimi, sürücülərin də əhvalını xeyli korlayıb. Susqunluğumun ikinci səbəbi də beynimin öz qayğılarımla məşğul olmasıydı. Beynimdə işlərimi götür-qoy edir, Daşkəsənə çatandan sonra nəyi necə edəcəyimin planlarını qururdum. Amma necə oldusa, yolun yarısından sonra sürücüylə söhbətləşməyə başladım.
Əvvəlcə Gəncədəki vəziyyət, Bakıya və geriyə sərnişin daşıyan sürücülərin yol polisləri ilə necə dil tapması haqda danışdıq. Onu öyrəndim ki, sürücülərin qazancı xeyli azalıb, gediş-gəliş əvvəlki kimi deyil. Yolboyu qurulan açıq və gizli radarlardan da yayınmaq çətinləşib, tez-tez cərimə gəlir. Avtomobilin köhnə olması da əlavə problemdi, ehtiyat hissələrinə görə hər həftə xərc çəkməli olursan. Qayğılardan danışıb, futbola keçid almağa qərar verdim. Fikirləşdim ki, həmsöhbətim gəncəlidisə, mütləq futbolla maraqlanar, “Kəpəz”in azarkeşi olar. Ona görə də yol yoldaşıma “Mehman Allahverdiyevi tanıyırsızmı” sualını verdim. Cavab özünü çox da gözlətmədi, həm də elə gözlədiyim kimi oldu: “Eh, ay qardaş, Mehman Allahverdiyevi tanımamaq olar? Adam Gəncə, “Kəpəz” üçün can qoyub, cibinin pulunu xərcləyib. İndi futboldan ayrı düşüb, kefi yoxdu”. Futbolla bağlı söhbətə beləcə keçid aldıq. Dəqiqləşdirdim ki, gəncəli gənclərin əksəriyyəti futbolu sevir, “Kəpəz”in durumuna görə narahatdılar. Amma komandanın birinci divizionda oynaması, illərdi ölkə futbolundakı aparıcı mövqeyini əldən verməsi iddialı gəncəlilərin ürəyincə deyil. Bu səbəbdən də onlar hazırkı “Kəpəz”ə ürək qızdırmır, onun parlaq gələcəyinə inanmırlar. Gəncəli futbolsevərlər başa düşürlər ki, bu gün aşağı divizionda başını girələyən “Kəpəz”, sadəcə, ad xatirinə mövcuddu. AFFA bu komandanı ona görə saxlayır ki, söz düşəndə Gəncədə futbolun olduğunu, “Kəpəz”in yaşadığını deyə bilsinlər. Ona görə də “Kəpəz” əvvəlki şöhrətini qaytara bilmir, Gəncədə əvvəlki kimi yeni-yeni istedadların üzə çıxması üçün yetərincə şərait yoxdu.
Özüm futbolun içində olduğumdan Azərbaycan futbolunun, o cümlədən də “Kəpəz”in problemləriylə yaxından tanışam. Çalışdım ki, bildiklərimin ucundan-qulağından gəncəli sürücüyə də danışım. Gəncə futbolunun belə acınacaqlı vəziyyətə niyə düşdüyünü, ölkə çempionatının iddialılar arasında Nizami yurdunun təmsilçisinin nə üçün olmadığını ətraflı izah etdim. Həmsöhbətim bəzi məqamlarla razılaşdı, bəziləriylə yox. Dediyi əsasən o idi ki, “Kəpəz”in zəifləməsinin birinci səbəbi Mehman Allahverdiyevin komandadan uzaq salınmasıdı. Gəncəli sürücü belə düşünürdü ki, komandanın əvvəlki şöhrətinin qayıtması üçün Allahverdiyev mütləq komandanın içində olmalıdı, ya klub prezidenti, ya da baş məşqçi kimi ona səlahiyyət verilməlidi. Bu düşüncələrinə görə onu qınamaq istəmədim. İndinin özündə də Mehman Allahverdiyevin “Kəpəz”ə öz cibindən pul xərcləməsi, şəxsi vəsaiti hesabına futbolçulara maaş və mükafat verməsi haqda söhbətlər eşidirik, azarkeşlərin xatirələrində belə məqamlar vacib yer tutur. Amma o da var ki, indi dövran dəyişib. Birvaxtlar “Kəpəz” Mehman Allahverdiyevin cibinin puluyla ayaqda dayanıb, çempionluq uğrunda yarışa bilirdişsə, indi belə şey mümkün deyil. Mənim bildiyimə görə, Allahverdiyevin hazırda Gəncədə elektrik mallarının satıldığı bir və ya bir neçə xırda ticarət məntəqəsi var. Onların qazancı bir komandanı ayaqda saxlamaq üçün yetərli olarmı? Təbii ki, yox. Lap elə Mehman bəy o dükanları içindəki məhsullarla birlikdə satıb, “Kəpəz”ə sponsorluq etmək fikrinə düşsə, yenə də ortaya yetərli məbləğ çıxmayacaq.
AFFA-nın son illərdə ortaya atdığı “bank təminatı, lisenziyalaşdırma şərtləri” kimi nüanslar hətta milyonçuları, oliqarxları belə Azərbaycan futbolundan uzaq salıb. Klublara sponsorluq etmək, ölkə futbolunun inkişafını dəstəkləmək istəyənlər də bu şərtlər qarşısında geri çəkilir. Heç bir gəlir gətirməyən futbola görə milyonlarla xərcə düşmək ağrımayan başa dəsmal bağlamaq kimi məşğuliyyətdi. Bunu Mehman Allahverdiyev də yaxşı başa düşür. Onun milyonları olsa və həmin pulları “Kəpəz”ə xərcləmək istəsə belə, Gəncə komandasını gözlənilən, azarkeşlərin tələb etdiyi səviyyəyə qaldırmaq heç də asan iş deyil. Aylardı gözümüz yolda, qulağımız səsdə idi. Biz də Mehman Allahverdiyevlə birlikdə “Kəpəz”ə sponsorluq etmək istəyən, adı məchul olan gəncəli iş adamının doğma şəhərə gəlişini gözləyirdik. Əvvəl Yeni il bayramını nişan verdilər, sonra da Novruzu. Əvvəlcə həmin şəxs gəlmədi, sonra da xoş xəbər. Eşitdik ki, Mehman Allahverdiyevin “Kəpəz”ə sponsor tapmaq sevdası baş tutmayıb, gəncəli azarkeşlər xoş xəbər eşitmək istəklərini qeyri-müəyyən müddətə təxirə salmalı olacaqlar. Elə biz də. “Kəpəz”in dərdi çox ağırdı. Ona çarə tapmaq nə Mehman bəyin işidi, nə də doğma şəhərin komandasına pul xərcləmək, “Kəpəz”i dirçəltmək istəyən Rusiyada yaşayan həmin biznesmenin...
11-04-2021, 12:40
Geri dön