DataLife Engine / Səməd Qurbanov “Neftçi”nin futbolçularını gecə gimnastikaya qaldırıb

Səməd Qurbanov “Neftçi”nin futbolçularını gecə gimnastikaya qaldırıb

“Krivetka”nın gözlərini çıxarıb boşqaba yığmağa başladım”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salır, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı uzun illər “Neftçi”nin formasını geyən, ölkənin sayılıb-seçilən veteranlarından olan, yaşlı nəslin “Jiquli” ləqəbi ilə tanıdığı Səməd Qurbanovdu. Hazırda “ağ-qaralar”ın Müşahidə Şurasının üzvü olan Səməd bəy futbol oynadığı dönəmdə başına gələn məzəli hadisələri bizimlə bölüşdü.
“Ona görə də deyilən yerə getmədim”
“Neftçi”yə təzə gəldiyim vaxtlar idi. 18 yaşım var idi. Ölkənin bir nömrəli komandasında bu yaşda oynamağın nə olduğunu yaxşı başa düşürsüz. Çempionat oyunu ilə bağlı Moskvaya yollanmışdıq və “Moskva” mehmanxanasında məskunlaşmışdıq. Təsəvvür edin, mehmanxanada, otaqda tək idim. Gənc olduğumdan həmin vaxt təcrübəli futbolçularla qaynayıb-qarışmağa utanırdım. Biz başqa tərbiyə ilə böyümüşdük, özümüzdən iki-üç bayram böyük olanların yanında oturmağa cəsarət etmirdik. Bu üzdən bir qədər abır-həya edib usta futbolçularla pərdə saxlayırdım. Birdən qaldığım otağa zəng gəldi. Dəstəyi götürmüşdüm ki, o başda bir qız Banişevskini soruşdu. Səhv düşdüyünü bildirib dəstəyi yerinə qoymaq istəyirdim ki, qız “mən əslən Azərbaycandanam, “Neftçi”nin bütün futbolçularını tanıyıram. Sən kimsən mənimlə danışırsan?” dedi. 18 yaşlı gənc olasan və sənə qız zəng edə... Dedim ki, adım Səməddi. O da “sənin haqda da eşitmişəm. Yaxşı sürətin var, texnikalı futbolçu olduğunu deyirlər. Filan yerə gəl, görüşək” söyləyib mənə görüş təyin etdi. Oturub bir az fikirləşdim. Dedim, burda nəsə iş var. “Neftçi” kimi komandaya təzə gəlmişəm, hələ o qədər də oynamamışam, Moskva kimi şəhərdə bu qız məni hardan tanıya bilər? Zəngdən şübhələnsəm də, qızın mənə görüş təyin etdiyi yerə getdim, ancaq bir qədər aralıda dayanıb müşahidə etməyə başladım. Birdən gördüm ki, Adil Babayev həmin ərazidə fırlanır və ora-bura baxır. O dəqiqə tutdum ki, mənimlə məzələniblər. Adil də çox zarafatcıl, hamı ilə məzələnən yoldaş idi. O məni görməsə də, mən onu görürdüm. 5-10 dəqiqə görüş təyin olunan yerdə gəzib çıxıb getdi. Mən də ondan 5 dəqiqə sonra mehmanxanaya yollandım. Qaldığımız yerə çatanda gördüm Banişevski, Babayev və Bruxti qapıda dayanıb mənə baxıb gülürlər. Rəhmətlik Tolik soruşdu ki, hardan gəlirsən? “İşim var idi” deyib yanlarından ötmək istəyəndə o qədər də avam olmadığımı sübut etmək üçün “bilirdim ki, sizlərdən kimsə məni dolayır. Ona görə də deyilən yerə getmədim” söyləyib içəri girdim. Həmin vaxt hamısı başa düşdü ki, Səmədlə məzələnmək olmaz, gənc olsam da, ayıq idim.
“Gecə saat 4-ə işləmiş nə gimnastika, bu da yeni metoddu?”
Bir dəfə “Neftçi” ilə birgə Soçiyə - təlim-məşq toplanışına yollanmışdıq. Toplanışın 3-cü günü idi. Gecə saat təxminən 3 radələrində yuxudan oyandım və çox çalışsam da, yata bilmədim. Otaq yoldaşlarım da rəhmətlik Elbrus Abbasovla Rafiq Əlizadə idi. O vaxt da səhər saat 7-nin yarısı hava qaranlıq olsa belə, gimnastikaya çıxırdıq. İşığı yandırıb idman paltarımı geyirdim ki, Elbrus oyandı və saatı məndən soruşdu. Zarafatla gimnastikanın vaxtı olduğunu bildirib, “siz nə qədər yatırsız? Vaxtdı, durun geyinin, aşağıda sizi gösləyirəm. O biri uşaqları da oyadın, yoxsa söz gələcək” söyləyib otaqdan çıxdım və lobbiyə düşdüm. Təxminən 10 dəqiqədən sonra gördüm Elbrus, Rafiq və bir də rəhmətlik Araz Qulamov “qoymazlar yataq, saat 7-də gimnastika olar”, - deyə-deyə pilləkənlə endilər və gəlib yanımda oturdular. 5-10 dəqiqədən sonra yavaşca onların arasından sivişib yuxarı – otağa qalxdım və soyunub yerimə girdim. Bu yazıqlar da oturub lobbidə yarıyuxulu, yarıoyaq gözləyirlərmiş ki, indi məşqçi və başqa futbolçular səhər gimnastikası üçün aşağı enəcəklər. O qədər yuxulu olublar ki, saata baxmaq belə ağıllarına gəlməyib. Mən gedəndən sonra mehmanxananın əməkdaşlarından biri “üçlüy”ə yaxınlaşaraq “siz bu vaxt burda nə edirsiz” sualını verib. Onlar da “gimnastikanın vaxtıdı, komanda yoldaşlarımızı gözləyirik” cavabını veriblər. Bunların hamısını sonradan bilmişəm. Həmin əməkdaş bir qədər təəccüb içində üzünü Elbrusa tutaraq, “gecə saat 4-ə işləmiş nə gimnastika, bu da yeni metoddu?” deyəndə Arazla Rafiqi elə bil tok vurub. Saatı öyrəniblər və başa düşüblər ki, onlarla məzələnmişəm. Bir də gördüm donquldana-donquldana otağa girdilər. O qədər əsəbləşmişdilər ki, məni asmağa belə hazır idilər. Özümü yuxuya vurub onların dediklərinə reaksiya vermədim və beləcə təhlükədən sovuşdum.
“Bir də onda ayıldıq ki, artıq bir saatdan çoxdu gəzirik, özümüz də azmışıq”
Gənc vaxtlarım idi. Həmin vaxt Azərbaycan yığması “Ümid kuboku”nun final mərhələsində iştirak etmək üçün Vitebskə yollanmışdı. Onda da bizi aparan avtobusa talon verilmişdi ki, yolda yanacaq vursun. Hər dəfə avtobus dayananda vaxtımız olurdu ki, keçdiyimiz şəhəri bir qədər gəzək, özümüzə lazım olan nəsə alaq. Bu minvalla Simferopola gedib çatdıq. Avrobus yanacaqdoldurma məntəqəsinə girəndə mən və Tahir adlı komanda yoldaşım bir qədər gəzmək istədik. O dükan sənin, bu dükan mənim, o kafedən çıxıb bu kafeyə giririk. İki gənc ora-bura baxa-baxa o qədər getmişik ki, bir də onda ayıldıq ki, artıq bir saatdan çoxdu gəzirik, özümüz də azmışıq. İndi özümüzə əl qatmışıq. Ona-buna yalvarırıq ki, bizə kömək etsinlər. Cibimizdəki pul da qurtarıb. Birtəhər ona-buna yalvara-yalvara trolleybusla, tramvayla, taksiylə, avtobusla özümüzü Vitebskə çatdırdıq. Ancaq biz ora çatanda məlum oldu ki, oyuna gecikmişik və komanda birinci oyunu bizsiz keçirib. Həmin olaya görə bizi çox ciddi cəzalandırdılar.
“Bəs nə bilirdin, ona görə kürünün qiyməti bahadı”
Bir dəfə Nikolay Smolnikov bazaya “krivetka” gətirmişdi. Komandadan bir neçə uşaqla oturub yeyirdilər. Onlara yaxınlaşıb yanlarında oturmaq istəyirdim ki, bir də gördüm rəhmətlik Arif Orucov da stola yaxınlaşdı. Arif bizə çatan kimi “o nədi yeyirsiz” deyib, çox maraqla “krivetka”ya baxmağa başladı. Yazıq o günə qədər belə şey görməyibmiş. “Krivetka”nın da gözləri qara kürüyə oxşayır axı. Mən də onun bu sualına cavab vermədən əlimi atıb “krivetka”nın gözlərini çıxarıb boşqaba yığmağa başladım. Arifin maraqla baxdığını görüb “səhərlər bizə kürü verirlər e, bax, o kürü bu heyvanın gözlərindən hazırlanır” deyib, başımı aşağı salıb işimə davam etdim. Arif sağa-sola baxırdı ki, birdən gözü zibil yeşiyinə sataşdı və gördü ki, yeşikdə xeyli “krivetka” var. Bir anda həmin “krivetka”ların qalıqlarını başqa stolun üstünə boşaldıb başladı gözlərini çıxarmağa. İndi bizim masada oturanların hamısı ona baxır. O da “gözçıxarma əməliyyatı”na necə aludə olubsa, təəccüblə onu izlədiyimizi görmür. Birdən başını qaldırıb bizim ona baxdığımızı görüncə, “bu nə çətin iş imiş, xeyli zəhmət tələb edir” söyləyincə, mən heç nə olmayıbmış kimi “bəs nə bilirdin, ona görə kürünün qiyməti bahadı” deyib məsələnin üstünü vurmadım. Orucov işini qurtarandan sonra boşqabı bizə gətirib “görün nə qədər kürü yığmışam” dedi. Həmin an bizim vəziyyətimizi təsəvvür edin. Gülməkdən özümüzü saxlaya bilmirik, gözümüzdən yaş gəlir. Yazıq bir an duruxub onunla məzələndiyimizi başa düşdü və acıq edərək 10 gündən çox bizimlə danışmadı.
“Səməd, çanta çox ağırlaşıb, bu nədən olar”
Bir dəfə “Neftçi”nin səfər oyununa hazırlaşırıq. Bilmirəm nə üçünsə bazanın həyətinə çıxmışdım. Gözümə iki dənə kərpic sataşdı. Tənbəllik həmin kərpicləri özümlə otağa gətirdim. Araz Qulamovla da otaq yoldaşı idim. Mən içəri girəndə Araz çantasını hazırlayırdı, əlimdəki kərpiclərə fikir vermədi. O işini bitrib uşaqların otağına keçəndə birdən ağlıma gəldi ki, fürsətdən istifadə edib həmin kərpicləri Qulamovun çantasını qoyum. Çantanı açıb kərpicləri səliqə ilə onun paltarlarının altına yerləşdirdim və ağzını bağladım. İndi yola çıxmışıq. Avtobusa minəndə gördüm Araz bir-iki dəfə çantasını yuxarı-aşağı qaldırıb dodağının altında nəsə mızıldanır. Qayıtdım ki, “nə olub, nə deyinirsən?” Üzünü mənə tutaraq “heç nə olmayıb” dedi, çantasını maşının yük yerinə qoydu. Hava limanında da gördüm yenə nəsə çantaya qəribə baxır. Özümü bilməməzliyə qoyaraq növbəti dəfə “nə olub” sualını verdim və yenə eyni cavabı eşitdim. Mən bundan söz çəkmək istəsəm də, özünü “yandırmır”. Moskvada hava limanında çantalarımızı götürəndə artıq Araz dözmədi və mənə “Səməd, çanta çox ağırlaşıb, bu nədən olar” sualını verdi. Mən də “nə bilim, çanta sənindi, sən bilərsən” deyəndə, “ola bilsin, butslar ağırlaşıb, onları dəyişmək lazımdı” söylədi və avtobusa yollandıq. Mehmanxanada çantaları açıb paltarları çıxaranda yazıq Araz yazıq kərpicləri gördü və bildi ki, mənim işimdi.
RƏŞAD
11-04-2021, 12:03
Geri dön