DataLife Engine / Yeni “Ohanyan səddi” ilə üz-üzə...

Yeni “Ohanyan səddi” ilə üz-üzə...

Portəgizlərin bizimkiləri darmadağın edəcəyini düşünənlərin, sosial şəbəkələrdə bədbin proqnoz yazanların sıraları bu dəfə ən müxtəlif səbəblərdən bir qədər də genişlənmişdi. Yığmamız meydana istisnasız yerli futbolçularla (bir gül, yəni Anatoli Nuriyev ilə bahar olmaz!) çıxacaqdı, rəqib son Avropa çempionu, Millətlər Liqasının 2018/19 mövsümünün qalibi idi, oyun dünyanın iki ən güclü futbolçusundan biri olan Kriştiano Ronaldonun istəyi ilə doğma “Yuventus”unun stadionunda keçiriləcəkdi, bu rəqiblə oyunların acı statistikası göz deşirdi və s. və i.a. Bəribaşdan deyim ki, mən darmadağın gözləyənlərin sırasında deyildim. Bu Portuqaliya da 5 il əvvəlki obrazından çox uzaqdı, bu Ronaldo da. Digər tərəfdən qitənin Portuqaliyadan nəhəng yığmalarının Millətlər Liqasına “5-ci təkər” gözü ilə baxdığı da heç kimə sirr deyil, yəni burda qalib gəlmək hələ komandanın gücünün göstəricisi sayıla bilməz. Dünyanın ən güclü iki futbolçusundan biri srağagün nə etdi? Yalandan atdanıb-düşdü, qol vura bilməməyin acığını Şahruddinin qapısının dirəyini təpikləməklə çıxdı... Ronaldo meydandan əli ətəyindən uzun ayrıldı və yığmada 103-cü qolu vurmaq, azərbaycanlı Əli Daeiyə yaxınlaşmaq arzusu gözündə qaldı. Təəssüf ki, eyni aqibəti Portuqaliya yığmasına yaşada, seçmə mərhələyə xalla başlaya bilmədik. Hər nə qədər hesab 0:1 olsa da, məğlubiyyət elə məğlubiyyətdi.
Bəli, yığmamız da qeyri-adi oyun göstərmədi, xüsusən də 1-ci hissədə hədsiz zəif, miskin komanda təsiri bağışladı, hamılıqla müdafiəyə çəkildi. Fikrimcə, burda ən böyük problem psixoloji hazırlıqla bağlıdı. Bizimkilər meydana çıxana qədər o dünyanı görüb qayıdırlar, onlara elə gəlir ki, həmin Ronaldo, Bernardo Silva, Moutinyo, Bruno Fernandeş adamyeyən-zaddı, harda rastlaşsaq, qanımız getdi. Məhz bu üzdən çempionat oyunlarında top saxlamağı bacaran futbolçular da ilk imkanda ondan xilas olmağa, ünvansız-səliqəsiz ötürmələr verməyə çalışırlar. Bir qədər daha artıq top saxlamaq, rəqibi boş-boşuna qaçmağa məcbur etmək, qəzəbləndirmək lazım idi ki, De Byazi 2-ci hissədə dəyişikliklərin də köməyi ilə buna az-çox nail oldu. Bəlkə də son üç əvəzetməni bir neçə dəqiqə əvvəl həyata keçirmək olardı, bəlkə də İsayev, Ələsgərov və Şeydayevdən birinin əvəzinə Amil Yunanovu meydana buraxmaq daha yaxşı nəticə verərdi. Həmin anlarda oyunun axarı elə şəkil almışdı ki, rəqib 2-ci, hətta 3-cü qolu da vura, amma biz də hesabı bərabərləşdirə bilərdik. Nə onlar bacardı, nə də biz. Təbii ki, yığmamız qola daha çox ehtiyac duyurdu.
Nə qədər ki öz cəsarətimizdən qorxacağıq, nə qədər ki özünəinamımız olmayacaq, daim uduzacağıq. 44 günlük müharibəyə qədər Ermənistan və havadarları da gözümüzə div kimi görünürdü, onları xəyallarımızda şar kimi şişirtmişdik. Bəs nə oldu? Sabun köpüyü, kağızdan düzələn ev kimi darmadağın oldular. Portuqaliyanın, ya elə Serbiyanın, İrlandiyanın, Lüksemburqun müdafiə xətti “Ohanyan səddi”ndən güclüdü? Deyil və ola da bilməz! Amma yığmamızın üzvləri futbol qəhrəmanlığına qadirdimi? Buna ilk növbədə De Byazi inanmalı, sonra da yetirmələrini inandırmalıdı. Bu gün Azərbaycan futboluna maliyyə axını əvvəlki kimi olmasa da, klublarda güclü futbolçu yetişdirmək üçün hər cür şərait var. Futbolçular yenə də bütün başqa təbəqələrdən fərqli qazanca sahibdilər, yığmadakı pay-puş da öz yerində. Hədsiz primitiv yanaşma kimi görünsə də, futbolçuların üzərinə düşən iş meydana çıxıb öz oyununu göstərmək, azarkeşləri qələbələrlə sevindirməkdi. Onlarla başqa cəbhədə uğur qazanan millət futbolda bu qədər zəif ola bilməz və olmamalıdı! Qətərlə oyun heç, amma qarşıdan Serbiya ilə önəmli qarşılaşma gəlir. De Byazi və yetirmələri Turindəki oyunun 2-ci hissəsində görünən qığılcımları alova çevirməli, serblərdən xal və ya xallar almalıdılar. Yenə də o fikirdəyəm ki, futbolda mümkünsüz heç nə yoxdu, Serbiya isə hətta Portuqaliyadan da zəifdi. Qurban Qurbanov azərbaycanlı futbolçuların gücsüzlüyünə dair mif və əsatirləri dağıtmağa 12 il əvvəl başlayıb. Yığma səviyyəsində eyni uğurlara nail olmaq bir qədər çətin olsa da, heç şübhəsiz, mümkündü. Portuqaliya ilə oyun bunu bir daha göstərdi. Bəzən məğlubiyyət də qələbə qədər faydalı olur. Futbolun hər üzünü görmüş De Byazinin də bu həqiqəti anladığına ümid edir, Serbiya ilə oyunu səbirsizliklə gözləyirəm. Milyonlarla nikbin azərbaycanlıdan biri kimi!
28-03-2021, 16:43
Geri dön