DataLife Engine / “Qarabağ” “Qəbələ”ni 38 dəqiqəyə diz çökdürdü

“Qarabağ” “Qəbələ”ni 38 dəqiqəyə diz çökdürdü

69. Qarabağ (Ağdam) - Qəbələ 3:0 (3:0)
1. Şahruddin Məhəmmədəliyev - 5,5
44. Elvin Cəfərquliyev - 5,5
5. Maksim Medvedev (k) - 5,5
55. Bədavi Hüseynov - 5,5
30. Abbas Hüseynov - 5,5
(27. Toral Bayramov, 63) - 5,0
2. Qara Qarayev - 5,5
(7. Ovusu Kvabena, 74) - 5,0
6. Patrik Andrade - 6,0
10. Abdulla Zubir - 6,0
19. Filip Ozobiç - 6,5
(8. Uroş Matiç, 68) - 5,0
9. Xayme Romero - 5,5
11. Mahir Emreli - 6,0
Ehtiyat oyunçular
12. Emil Balayev
94. Ayhan Arazlı
18. İsmayıl İbrahimli
21. Rauf Hüseynli
29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Filip Ozobiç

1. Anar Nəzirov (k) - 4,0
71. Rüfət Əhmədov - 4,5
2. Vinko Medimoreç - 4,5
28. Murad Musayev - 4,5
13. Yurgen Qoxa - 4,0
77. Merab Qiqauri - 4,5
26. Stefan Vukçeviç - 4,5
74. Yusif Nəbiyev - 4,0
(7. Roman Hüseynov, 81) - qiymətsiz
32. Nikolas Raysel - 4,5
(9. Ehtiram Şahverdiyev, 63) - 4,0
10. Rövlan Muradov - 4,5
(70. Ülvi İsgəndərov, 66) - 4,5
99. Ceyms Adeniyi - 5,0
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
11. Asif Məmmədov
5. Rasim Ramaldanov
4. Sadiq Quliyev
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Ceyms Adeniyi
Qollar: F.Ozobiç, 22 (1:0, M.Emreli). F.Ozobiç, 34-p. (2:0). M.Emreli, 38 (3:0, M.Medvedev).
Vərəqələr: Y.Nəbiyev, 14 (qeyri-idman hərəkəti). A.Nəzirov, 33 (qeyri-idman hərəkəti). M.Qiqauri, 90+1 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: KAMAL UMUDLU, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov (hamısı Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Bakı).
2 mart. Bakı. Azərsun Arena.Tamaşaçısız.
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
İlk oyun gününün 2-ci qarşılaşmasında “Qarabağ” “Qəbələ”ni qəbul etdi. Qurban Qurbanov ənənəsinə sadiq qalaraq, 4-1-4-1 taktiki sxemindən istifadə etdi. Müdafiənin mərkəzində ötən həftə olduğu kimi yenə Maksim - Bədavi cütlüyü yer almışdı. Geryenin Ağdam təmsilçisini tərk etməsindən sonra Cəfərquliyev ardıcıl 3-cü qarşılaşmada müdafiənin solunda, Abbas isə sağında qərarlaşmışdı. Yarımmüdafiədə Qara, Andrade, Ozobiç, Zubir və Xayme çıxış edirdi. “Qarabağ”ın yeganə qol ümidi Emreli idi.
Elmar Baxşıyev isə həm zədəli, həm də cəzalı futbolçulara görə heyətdə dəyişiklik etmişdi. Gənc mütəxəssinin müdafiə “dördlüy”ü Rüfət, Medimoreç, Murad və Qoxadan ibarət idi. Albaniyalı müdafiəçi ilk dəfə alışmadığı sağ cinahda çıxış edirdi. Yarımmüdafiənin dayağında Merab - Vukçeviç ikilisi yer almışdı. Utriqin cəzalı olması səbəbindən Baxşıyev onun əvəzinə Yusifi sol cinah yarımmüdafiəçisi kimi meydana buraxmışdı. Mərkəzdə Raysel, sağ cinahda isə Rövlan qərarlaşmışdı. “Qəbələ”nin qol ümidi Adeniyi idi.
Gözlənildiyi kimi, “Qarabağ” oyuna daha istəkli başladı. Ağdamlılar topa nəzarət edir, futbolçuların fərdi bacarığı sayəsində “Qəbələ”nin müdafiəsini yarmağa çalışırdı. “Qırmızı-qaralar” isə əks-hücumlara ümid bəsləyirdi. Bölgə təmsilçisinin müdafiəçiləri topu ələ keçirən kimi Rövlana ötürmə edirdilər ki, sürətli reyd edərək “Qarabağ”ın qapısı qarşısında təhlükə yaratsın. “Köhlən atlar”ın dayaq yarımmüdafiəçiləri, xüsusilə də Qarayev gənc futbolçunu zərərsizləşdirə bilirdi. Ağdam təmsilçisində isə iki futbolçu daha çox nəzərə çarpırdı. Ozobiç və Zubir fərdi reydlər hesabına qonaqların müdafiəsini çaş-baş salırdı. Belə epizodların birində, 22-ci dəqiqədə hesab açıldı. Ozobiç Emreli ilə “divar paslaşması”ndan sonra cərimə meydançası daxilindən zərbə ilə Nəzirovu məyus etdi. Qoldan sonra “Qəbələ” toparlanmağa çalışsa da, bunu bacarmadı. Hesabın açılmasə ağdamlılar üçün əlavə stimul oldu. Bunun nəticəsində 34-cü dəqiqədə fərq artdı. Nəzirov onu aldatmaq istəyən Ozobiçin qarşısını kobudluqla aldı. Topun arxasına keçən Filip sabiq komandasını ikinci dəfə məyus etdi. Bundan sonra “Qəbələ” müdafiəsində problemlər daha da artmağa başladı. Nəbiyev sol cinahda reyd etmək istəsə də, topu tez-tez itirirdi. Buna əsəbləşən Vukçeviç ona etiraz edirdi. Belə epizodların birində monteneqrolu futbolçu qaydanı pozmaq məcburiyyətində qaldı. Topun arxasına keçən Maksim ideal ötürmə ilə Mahiri zərbə mövqeyinə çıxardı ki, forvard möhtəşəm zərbə ilə hesabı 3:0-a çatdırdı. Çempion qalan dəqiqələrdə fərqi daha da artırmağa yaxın olsa da, futbolçuların qeyri-dəqiqliyi buna mane oldu.
“Qəbələ” ikinci yarıda topa daha çox nəzarət etməyə çalışırdı. Elmar Baxşıyevin yetirmələri qol vurmaqdan çox, buraxmamağa çalışırdı. Hesabın verdiyi rahatlıq “Qarabağ” futbolçularının daha rahat oynamasını şərtləndirmişdi. Zubir, Xayme, Mahir “üçlüy”ü rəqiblərini aldadaraq uzaqdan zərbələrlə Nəzirovun sayıqlığını yoxlayırdı. 63-cü dəqiqədə fransalı yarımmüdafiəçinin ideal ötürməsindən sonra Emreli qapıçı ilə üzbəüz qaldı. Lakin Nəzirov çətinliklə də olsa, onun fərqlənməsinə mane oldu. 85-ci dəqiqədə “Qarabağ” künc zərbəsini yerinə yetirərkən “Qəbələ” rəqibi əks-hücumda yaxaladı. İkinci hissədə meydana çıxan İsgəndərov Şahruddinin irəlidə olduğunu görüb, təxminən 50 metrdən topu qapıya göndərməyə çalışdı. Zərbə gözəl olsa da, dəqiqlik çatmadı. Beləliklə, “Qarabağ” “Qəbələ”ni 3:0 hesabıyıa məğlub edərək, birgünlük də olsa, zirvəyə yüksəldi.
İLKİN SULTANLI

Gözdən qaçmadı
* Komandalar oyundan öncə məşq edərkən Qurban Qurbanovla Elmar Baxşıyev bir müddət söhbət etdilər.
* İlk hissənin sonunda Yusif Nəbiyev Stefan Vukçeviçə yaxınlaşıb söz demək istəyərkən yarımmüdafiəçi onu əli ilə itələdi. Komanda yoldaşları müdaxilə edərək, hadisənin böyüməsinin qarşısını aldılar.
5-03-2021, 15:04
Geri dön