DataLife Engine / “Sumqayıt”ın ağsaqqalı dünyadan köçdü

“Sumqayıt”ın ağsaqqalı dünyadan köçdü

69 yaşının tamamına iki gün qalırdı…
69 yaşını qeyd etməyə cəmi iki2 gün çatmadı. Fevralın 25-də Göyçayda dünyaya göz açan “Sumqayıt”ın ağsaqqalı 23-ü səhər saatlarında “gənclik şəhəri”ndə bu dünyayla vidalaşdı. Sumqayıt əhalisinin, xüsusilə yaşlı və orta nəslin nümayəndələrinin əksəriyyətinin yolu şəhərdə fəaliyyət göstərən zavod-fabriklərdən keçib. Vaxtilə bu gün “Azərikimya”nın nəznində olan zavodlarda onminlərlə insan çalışırdı. Bu üzdən belə böyük kollektivin Həmkarlar İttifaqına rəhbərlik etmək heç də asan deyildi. O, minlərlə sumqayıtlının xeyir-şərində iştirak etmiş, ehtiyacı olanlara Həmkarlar İttifaqının xətti ilə yardım göstərmişdi. Bu üzdən “kimyaçılar”ın ağsaqqalını az qala şəhərdə hər evdə şəxsən tanıyırdılar. Şəxsən tanış olmayanlar isə adını eşitmişdilər. Atalarımızın yaxşı bir sözü var. Deyir, adam var evdən gedir, adam da var eldən. Çərşənbə axşamı səhər saatlarında gözlərini əbədi yuman Vaqif Ömərov məhz eldən gedən insan oldu.
Onunla ilk tanışlığım 2010-cu ilə təsadüf etmişdi. Onda hələ onun Həmkarlar İttifaqının təsisçisi olduğu “Sumqayıt” birinci dəstədə mübarizə aparırdı. İlk söhbətimizdə mənə çox sərt, əsl nomenklatura adamı təsiri bağışlamışdı. Hətta bəzi dostlara “deyəsən, Vaqif müəllim zavodla futbolu səhv salıb. O elə bilir ki, futbolçular da zavodda çalışanlar kimi hər gün səhər 8-də işə gəlib, axşam 6-da çıxmalıdı” söyləmişdim. Bu söhbətdən bir neçə gün sonra məni stadionda gördü və yaxınlaşaraq “mənə bir söz çatdırdılar. Guya sən demisən ki, Vaqif müəllim zavodla futbolu səhv salıb. O futbolçuların da fəhlələr kimi 8 saat çalışmasını istəyir” söyləmisən. Bilmədim “bəli” deyim, yoxsa “belə şey olmayıb” söyləyim. Hər halda, qarşımdakı adını hələ uşaqlıqdan eşitdiyim, hamının hörmət bəslədiyi Ömərov idi. Ani pauzadan sonra “bəli, belə fikir söyləmişəm” dedim. Gözlərimin içinə diqqətlə baxıb qoluma girərək sakit bir güşəyə çəkdi və qayıtdı ki “sənin atanla uzun illər bir müəssisədə çalışmışam. Hər ikimiz öz zəhmətimizlə bu yerlərə gəlib çıxmışıq. Sumqayıt da, bildiyin kimi, zəhmətkeşlərin şəhəridi. Bu gün komandada olan və qısa karyerası ərzində heç bir uğura imza atmayan cavanların xarıci maşınlarda küçələrdə şütüməsi məni çox əsəbləşdirir. Onlar başa düşmürlər ki, Sumqayıtda 30-40 il gecə-gündüz zavodlarda çalışanların çoxunun heç “Moskviç”i yoxdu. Bunlar alın tərinin, qabarlı əlin nə olduğunu bilmirlər və elə başa düşürlər ki, həyat bu qədər sadədi. Bütün bunları görəndən sonra o gün iclasda cavanlara əsəbləşib, “8 saat stadionda olmalısız” demişəm. Mən onların əməyə, zəhmətə dəyər verməsini istəyirəm. Bir də istəmirəm ki, kənardan gələn, xarici maşınlarda yuxarı-aşağı gedən futbolçular sumqayıtlıları əsəbləşdirsinlər”. Həmin an ona heç nə deməyib ayrıldım. İllər ötdükcə Ömərovun Sumqayıt və sumqayıtlılar üçün necə vacib insan olduğunu anladım. “Sumqayıt”ın bu gün elitada saylıb-seçilənlər arasında olmasında onun danılmaz əməyi var. Sözün əsl mənasında ağsaqqal olan Vaqif müəllim şəhər sakinləri kimi, klubda da hamının son ümid yeri, məsləhət almaq üçün yaxınlaşdığı insan idi. Açığı, onunla bağlı keçmiş zamanda danışmaq mənə ağırdı. Ömərov Göyçayda dünyaya göz açsa da, Sumqayıt onun üçün ayrı dəyər, çox sevdiyi şəhər idi.
Axır vaxtlar səhhətində problemlər yaşanırdı. Müalicə üçün hətta İsrailə belə getmişdi. Tibbi bütün dünyada məşhur olan, savadlı həkimləri ilə seçilən ölkədə həkimlər onu müalicə edə bilməyəcəklərini əzizilərinə demişdilər. Özü də bilirdi ki, İsrail səfərindən sonra çox yaşamayacaq. Buna baxmayaraq, həmişəki kimi işə çıxır, “Sumqayıt”ın istər ev, istərsə də səfər oyunlarında fəxri tribunadakı yerini tuturdu. Həyatda prinsipial adam olduğundan xəstəliyə də baş əymək, onun qarşısında “ağ bayraq qaldırmaq” istəmirdi. Amma və lakin... Sumqayıtlıların xətrini çox istədiyi Vaqif müəllim növbəti doğum gününə 2 gün qalmış əbədiyyata qovuşdu. Allah rəhmət eləsin.
RƏŞAD
27-02-2021, 12:0
Вернуться назад