DataLife Engine / Vətən müharibəsi iştirakçısı FİFA referisi olmaq istəyir

Vətən müharibəsi iştirakçısı FİFA referisi olmaq istəyir

44 günlük Vətən müharibəsində müzəffər ordumuzun sıralarında döyüşənlərdən biri də futbol hakimi Əli Əliyevdi. Sentyabrda səfərbərlik əsasında orduya cəlb olunan 26 yaşlı referi artıq tərxis olunaraq evinə dönüb və hazırda hakimlər üçün seminarlara qatılır. Əli ilə söhbətdə cəbhə günlərini yada saldıq, bizi maraqlandıran başqa suallara cavab tapmağa çalışdıq.

- Sentyabrın 20-də zəng vurub dedilər ki, 21-i hərbi komissarlıqda olmalısan. Elə həmin gün bizi Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi hissələrin birinə apardılar. Təxminən iki həftə təlim keçdik. Oktyabrın 4-dən 5-nə keçən gecə, saat 3-də həyəcan siqnalı verildi və bizi Füzulu istiqamətinə yolladılar. Əvvəlcə Kürd-Mahmudlu kəndində olduq, ordan isə Ərgünəş deyilən yerə apardılar. Füzuli cəbhəsi ən ağır nöqtələrdən biri idi. Düşmən həmin istiqamətdə çox güclü müdafiə sistemi qurmuşdu. Buna baxmayaraq, ordumuz bütün sədləri aşaraq, ermənilərə həmin istiqamətdə ağır zərbələr endirdi. Qısa vaxtda Füzuli rayonu və ətraf kəndlər işğaldan azad olundu. Bu həm də Vətən müharibəsində ilk böyük qələbə idi. Məhz Füzuli uğrunda gedən döyüşlərdən sonra ermənilər başa düşdülər ki, bu dəfə onlar üçün məğlubiyyət qaçılmazdı. Onlar ordumuzun nəyə qadir olduğunu orda hiss etdilər.

- Mülki geyimi hərbi paltarla, fiti avtomatla əvəz etmək çətin olmadı?
- Bir var peşəkar hərbiçi olasan və həyatını bu sahəyə yönəldəsən, təbii ki, belədə heç bir çətinlik olmur. Əvvəlcədən bilirsən ki, bu nə vaxtsa olmalıdı və psixoloji cəhətdən illərlə özünü buna hazırlayırsan. Bir də var mənim kimilər. Həqiqi həbi xidməti illər əvvəl başa vurandan sonra orduya çağrılasan. Əlbəttə, təlimdə olduğumuz ilk günlər bir qədər darıxdırıcı idi. Əslində biz heç bir həftədən sonra müharibənin başlayacağını bilmirdik. Sentyabrın 27-də artıq bu xəbər bizə çatdı. Elə həmin gündən təlimdə olan uşaqların hamısı cəbhəyə yollanmağa can atırdı. Möhtəşəm ruh yüksəkliyi var idi. Heç kim kənarda qalmağı özünə sığışdırmırdı, hamı bir nəfər kimi döyüşə yollanmağı arzulayırdı. Əsgərlər arasında yüksək əhval- ruhiyyənin olması qələbə qazanmağımızda mühüm rol oynadı. Hamımız bilirik ki, biz haqq savaşına girmişik. Uzun illərdən bəri yığılıb qalan intiqam hissi bizi irəli aparırdı.

- Bəzən deyirlər ki, döyüş görən gənclərin gözünü qan örtür. İnsan ölümü onlar üçün adiləşir. Bu fikirlə razısan?
- Heç bilmirəm, bu suala necə cavab verim... Doğrudan da müharibə çox pisdi. Günlərlə sənin yanında olan, bir masada çörək yeyən, çiyin-çiyinə səngərdə duran dostun, yaxının bir də görürsən səndən bir neçə metr aralıda şəhid olur. Bu artıq səni dəyişir, düşməni insan yox, başqa gözdə görürsən. İntiqam hissi səni boğur, istəyirsən şəhid olan dostuna, yoldaşına görə onların hamısını güllədən keçirəsən. Hərdən elə olur ki, gecə yuxuda da onlarla döyüşürsən, düşməni yalın əllə boğmağa çalışırsan. Bunları yada salanda düşünmək olar ki, insan ölümü döyüş görən uşaqlara adi gəlir. Ancaq bir müddətdən sonra, adi həyata qayıdanda hər şey fərqli görünür.

- Yaşıl meydanda qərar vermək asandı, yoxsa döyüş meydanında?
- Təbii ki, yaşıl meydanda. Oyun zamanı hakimin hansısa səhvi insan ölümü ilə nəticələnmir. Uzağı cəzalanıb bir-iki tur kənarda qalırsan. Ancaq döyüş meydanında yol verdiyin cüzi səhv tağımın, bölüyün məhvi ilə nəticələnə bilər.

- Bildiyim qədər hakimliyə gəlməmişdən öncə peşəkar futbol oynamısan.
- “Rəvan”nın heyətində premyer-liqada çıxış etmişəm. Komanda fəaliyyətini dayandırandan sonra “Kəpəz”ə üz tutdum. Ona qədər isə MOİK-in şərəfini qorumuşdum. Gəncə təmsilçisi elitanı tərk edəndən sonra divizionda oynamaq istəmədim və hakimliyə üz tutdum. 26 yaşım var və artıq iki ildi bu sahədəyəm. Ceyhun Haşımov, Anar Salmanov, Ömər Paşayev bizə dərs keçir, nəzəri bilikləri öyrədir. Dekabrın 31-də ordudan tərxis olundum. Artıq məşqlərə və dərslərə başlamışam.

- “Səbail” – “Neftçi” matçında sənin kimi döyüşə yollanan Kamal Umudlu üçün futbolçular “zəfər dəhlizi” açdı. Həmin an hansı hissləri keçirdin?
- Kamal da bizim qardaşımızdı. Ona göstərilən hörmət və ehtiramı döyüşə yollanan bütün hakimlərə jest kimi qəbul etdim. Çox fərəhləndim. Həm PFL rəhbərliyini, həm də komandaları buna görə alqışlayıram.

- Bəzən hakimliyə üz tutan cavanlar bir müddət sonra bu yoldan çəkilirlər. Kimi fiziki cəhətdən çatdırmır, kimi xarici dil bilmədiyindən irəli getməyəcəyini başa düşüb bu addımı atır...
- Mən hələ ikinci, yəni “istedadlar” qrupunda yer almışam. Bu səbəbdən müxtəlif yaş qrupu üzrə liqalarda baş hakim kimi meydana çıxıram. 19 yaşa qədər futbolçuların çıxış etdiyi Gənclər Liqasında da oyunlar idarə edirəm. Hədəfim premyer-liqa maçlarında fit çalmaqdı. Bunun üçün daim üzərimdə çalışıram. Futbol oynadığıma görə fiziki cəhətdən heç bir problem yaşamıram. İngilis dilini də bilirəm və çalışıram ki, daha da mükəmməlləşdirim. Əsas istəyim FİFA referisi olmaqdı. Bunun üçün əlimdən gələni edəcəm.

RƏŞAD
29-01-2021, 23:0
Вернуться назад