DataLife Engine / Yunis Hüseynov istefasının səbəbini açıqlamadı

Yunis Hüseynov istefasının səbəbini açıqlamadı

Cari mövsümdə ikinci məşqçi dəyişikliyi oldu. Ötən ilin sonlarında “Neftçi”də Füzuli Məmmədovu Samir Abasov əvəzləmişdisə, fasilə bitər-bitməz “Keşlə”də Yunis Hüseynovun istefasından sonra “sükan arxasına” Sənan Qurbanov dəvət olundu. Açığı, Hüseynovun gedişi bir qədər gözlənilməz oldu.

Düzdü, ardıcıl 5 oyun qələbəyə həsrət qalan komandanın çalışdırıcısının istefa verməsi normal qarşılanmalıdı. Ancaq hazırda turnir cədvəlində elə vəziyyət yaranıb ki, “Keşlə” uğurlu qrafik cızıb 4 tur qələbələri sıralasa, ilk “üçlüy”ə qədər yüksələ bilər ki, “qırmızı-ağlar”ın potensialı buna imkan verir. Bundan başqa, onu da yaddan çıxarmayaq ki, paytaxt təmsilçisi hələ ölkə kubokunda mübarizəyə qoşulmayıb. 1/4 finalda “Kəpəz” səddini keçəyi halda - bu da yetərincə real görünür – adını yarımfinalçılar sırasına yazdıra bilər. Ancaq nədənsə Yunis Hüseynov bir qədər gözləməyi lazım bilmədi, istefa ərizəsini klub rəhbərliyinin masasına qoydu. Niyə, hansı səbəbdən? Yunis bəyi bu addımı atmağa nə vadar etdi? Bu suallara cavab tapmaq üçün dünən onunla danışmağı lazım bildik.

- Əvvəlcə istefanızın səbəbini açıqlayardız.
- Açığı, elə bir səbəb yoxdu. Sadəcə, belə məsləhət oldu və bu addımı atdım. Sizə deyim, nəsə qlobal problem oldu və buna görə komandadan getdim, yoxdu elə bir şey. Özüm belə qərar verdim.

- Hələ çempionatın sonuna xeyli var. Bu prizmadan yanaşsaq, belə tələsik qərar verməyiniz kənardan bir qədər təəccüblü göründü...
- Mən tam əminəm ki, mövsümün sonunda “Keşlə” mükafatçılar sırasında yer alacaq və avrokuboklara yollana biləcək.

- “Keşlə”nin avrokuboklara yollcağına əmin olan baş məşqçi niyə istefa versin ki?
- Belə lazım bildim.

- “Karvan”la ilk dəfə avrokubokda mərhələ adlamısız, “Xəzər Lənkəran”ın tarixinə qitəmiqyaslı turnirlərdə mərhələ adlayan baş məşqçi kimi düşmüsüz. Yəni deməyim odu ki, yetərincə təcrübəniz var. Ancaq uğur qazanacağına əmin olduğunuz komandadan getməyinizin səbəbini açıqlamırsız...
- Bəli, söylədikləriniz faktdı. Ancaq elə saytlar var ki, bunları bimir, ya da bilir, ancaq oxucusuna xatırlatmaq istəmir. Bu gün (dünən) saytların birində yazıblar ki, Yunis Hüseynovun çalışdırdığı “Karvan” və “Xəzər Lənkəran” fəaliyyətini dayandırıb ki, bu da Yunis Hüseynovla bağlıdı. Mən kiməm ki, klubun dağılmasına qərar verim? Baş məşqçi nə vaxtdan komandanın sponsoru olub? Hər kəs özünə aid sahəyə cavabdehlik daşıyır. Belə yazıları oxuyanda adam əsəbləşir. Sualınızın ikinci hissəsinə gəlincə, yenə deyirəm, xüsusi qabardılası, “məhz bu səbəbə görə komandadan getdim” deyə biləcəyim bir şey yoxdu. Klub rəhbərliyi ilə münasibətim əla idi və bundan sonra da əla olacaq. Bu gün üçün belə məsləhət oldu.

- Çoxları deyir ki, Zaur Axundov çox emosional klub rəhbəridi. Hətta söylənilənlərə inansaq, baş məşqçinin işinə müdaxilə edir, meydana çıxacaq heyəti müəyyənləşdirir. Bir sözlə, komandada hər şey onun istəyinə uyğun olur. Siz bu haqda nə deyərdiz?
- Sizi tam əmin edirəm ki, “Keşlə”də çalışdığım müddətdə Zaur Axundov bir dəfə də işimə qarışmayıb. Heç vaxt mənə deməyib ki, heyətdə filan futbolçu olsun. Zaur müəllim, emosional olmasına baxmayaraq, çox gözəl, futbolu sevən insandı. Başqa məşqçilərə münasibətini deyə bilmərəm, ancaq mənə qarşı heç vaxt elə olmayıb. O barədə yüz faiz əmin ola bilərsiz.

- Adətən, bir komandaya baş məşqçi təyin olunan mütəxəssis özünün məşqçilər korpusunu formalaşdırır. Tanıdığı, işinə bələd olduğu məşqçiləri yanına dəvət edir. Siz isə “Keşlə”də bunu etmədiz. Tərlan Əhmədovun köməkçiləri ilə yola davam etdiz... Özünüz belə istədiz, yoxsa klub rəhbərliyi onların qalmasını tələb etdi?
- Mənim köməkçilərim kimlər idi? Zaur İsmayılov, Kamal Quliyev, Camaləddin Əliyev. Onların da işi məni qane edirdi. Onlardan hansındansa narazı qalsaydım, korpusa başqa məşqçi dəvət edərdim. Adını çəkdiyim mütəxəssislər mənə lazımi qədər kömək edirdilər, nə tapşırıq verirdimsə, yerinə yetirirdilər. Onlarla aramda heç bir problem olmadı. Belədə yeni köməkçi dəvət etməyim nə qədər düzgün olardı?!

- Bəs transferlər? İstədiyiniz oyunçuları komandaya dəvət edə bildiz?
- Bilirsiz ki, mən yayda komandaya gələndə artıq bir çox futbolçuyla müqavilə bağlanmışdı. Qış “transfer pəncərəsi”ndə isə komandaya iki futbolçu cəlb olundu ki, biri Sadio Tounkara, ikinci Anatole Abanqdı. Sadionu çoxdan tanıyıram və nəyə qadir olduğunu bilirdim. Abanq pis futbolçu deyil, qarşıdakı oyunlarda özünü göstərəcək.

- Sizə elə gəlmir ki, öz komandasını formalaşdıran baş məşqçi üçün iki futbolçu azdı?
- Hər baş məşqçinin futbola fərqli baxışı var. Mənim fikrimlə baqqasının fikri üst-üstə düşməyə bilər. O mənim işimi bəyənməyə bilər, mən də onun. Hər mütəxəssisin özünə görə futbol fəlsəfəsi var. İş başında olduğum müddətdə bir dəfə də “bu komandanı mən formalaşdırmamışam” söyləmədim. Ancaq o başqa məsələ ki, baş məşqçinin özünün bəyənib-seçdiyi futbolçularla işləməsi daha asan olur.

- Artıq “Keşlə”nin yeni baş məşqçisi var. Sənan Qurbanov təyinatı gerçəkləşəndən sonra sizinlə əlaqə saxlayıb, hansısa məsləhət istəyib?
- Mənə elə gəlir, onun məsləhətə ehtiyacı yoxdu. Qurbanova yeni işində uğurlar arzulayıram. Düşünürəm ki, artıq məşqçilərimiz premyer-liqa matçlarını yaxından təqib edirlər, hər oyunu izləməyə çalışırlar. Mən özüm AFFA-da işlədiyim dönəmdə çalışırdım bütün qarşılaşmaları izləyim. “Keşlə”yə gedəndə də komanda haqda ümumi məlumatım var idi.Yəqin ki, Sənan da çempionat qarşılaşmalarını izləyib və təklifi dəyrləndirməmişdən öncə müəyyən təhlillər edib. Növbəti kubok matçına kimi də komandanı yaxından tanımaq üçün vaxtı var.

- Bundan sonra nə etməyi düşünürsüz? Yenidən AFFA-dakı işinizə qayıtmaq istəyirsiz, yoxsa bir müddət istirahət edib, başqa komandalardan təklif gözləyəcəksiz?
- Mənim işim məşqçilikdi. Ancaq Elxan Məmmədov əvvəlki işimə qaytarsa, can-başla işləyərəm. Hazıram buna. Amma hər şey məndən yox, Elxan müəllimdən asılıdı. Ola bilər ki, hansısa komandadan təklif gəlsin. Onu da dəyərləndirə bilərəm.

RƏŞAD
29-01-2021, 15:0
Вернуться назад