DataLife Engine / Zaur bəylə bostan əkənin...

Zaur bəylə bostan əkənin...

Yunis Hüseynovun "Keşlə"dəki macəraları uzun sürmədi. İsti avqust günlərində "Keşlə"nin baş məşqşisi təyin olunan Yunis bəy qışın oğlan çağında ərizəsini yazdı. Hər bir azərbaycanlı mütəxəssisin uğursuzluğa düçar olması, işsiz qalması məni dərindən təəssüfləndirir, narahat edir. O cümlədən də Hüseynovun bu gedişinə çox təəssüfləndim. Eyni hissləri Tərlan Əhmədov "Keşlə"dən getməyə məcbur qalanda da keçirmişdim. Bunu xatırlamaqla nəyəsə işarə vurmaq fikrində deyiləm. Azərbaycanda xeyli dəyərli, hörmət bəslədiyim futbol məşqçisi var. Həm Yunis bəy, həm də Tərlan Əhmədov onların arasında yer alır. Premyer-liqada da klub sayı azdı, vəziyyət elə gətirir ki, həmin mütəxəssislər bir-birini əvəzləyir, "karuseldə fırlanırlar”. Birinin işsiz qalması başqasının iş tapmasına səbəb olur. Bu mənada işarə vurmalı, tənə edəsi də nəsə yoxdu.
Amma bir məsələ var ki, ona görə bizimkilərə dost qınağımızı ünvanlaya bilərik. Həmin qınaq da odu ki, "Keşlə"nin varlığı ilə yoxluğu bilinməyən Müşahidə Şurasının sədri Zaur Axundovun qeyri-peşəkarlığı, futbola yanaşması, idarəçilik prinsipləri hər kəsə bəllidi. Bütün bunları bilə-bilə, onunla işbirliyinə razılıq vermək intihara bərabərdi. Əlbəttə, Axundov adamı öldürmür, ya da şikəst etmir. Sadəcə, hörmətdən salır, urvatsızlaşdırır, sonra da yola salır. Bunu Tərlan Əhmədov da bilirdi, Yunis Hüseynov da. Amma bilə-bilə də, Axundovla işləməyə, "Keşlə"ni çalışdırmağa razılıq verdilər. Əhmədov premyer-liqanın sonuncusu olan "Keşlə"ni ayağa qaldırdı, koronavirus pandemiyasına görə yarımçıq qalan mövsümdə qəsəbə təmsilçisi yetərincə yaxşı təsir bağışlayırdı, mükafatçılar sırasında yerini möhkəmləndirmişdi. Nəticədə "Keşlə" Azərbaycanı Avropa Liqasında təmsil etmək hüququ qazandı. Sonrasını siz də bilirsiz. "Keşlə"ni mükafatçı edən, avrokuboklara çıxaran Əhmədovun özünün mükafatı işsiz qalmaq oldu.
Az əvvəl qetd etdiyim kimi, "Keşlə"nin Müşahidə Şurasının adı var, özü yoxdu. Orda qərarların hamısını Zaur Axundov təkbaşına qəbul edir. Məşqçiləri çağırır, vəzifəyə təyin edir, sonra da onları urvatsız şəkildə yola salır. Şura toplansaydı, müzakirələr aparılsaydı, normal qərarlar da qəbul olunardı. Atalarımız nahaq yerə "ağıl ağıldan üstündü" deməyiblər ki. O şuradakılardan da biri çıxardı, hamıya sual ünvanlayardı ki, biz Yuri Maksimovu niyə yola saldıq, Tərlan Əhmədova niyə imkan vermədik ki, halal zəhmətiylə qazandığı avrokubok vəsiqəsinin "meyvəsini dadsın”, komandanı oyuna çıxarsın?! Bu sualların ardınca desin ki, Yunis Hüseynovdan nə gözləyirdik, niyə gözlədiyimizi ala bilmədik, nə üçün qış fasiləsində komandaya hazırlıq keçən baş məşqçi bir məğlubiyyətdən sonra yola salınır? Yoxdu, nə şura var, nə də Zaur Axundova bu sualları verən ağıl və hünər sahibi.
Yuri Maksimov yadınızdadı. Ukraynalı mütəxəssis "Keşlə"yə Azərbaycan kubokunu qazandırdı. Özü də az qala döyülə-döyülə, söyülə-söyülə. Yazıq neçə dəfə bezdiyindən istefa ərizəsini də yazmışdı. Deyilənlərə inansaq, Zaur Axundov paltardəyişmə otağında Maksimova su butulkasıyla "atəş açırmış". Dindirən olsa, Maksimov hönkürüb ağlayardı, Axundovun da paxırlarını açar, eyiblərini ifşa edərdi. Amma nə faydası, onsuz da hansısa azərbaycanlı mütəxəssis indi həvəslə oturub, "Keşlə"yə təyinatının rəsmiləşəcəyini gözləyir. Sonra da toy-bayram edəcək, dost-tanışa qonaqlıq verəcək. Bir müddət sonra onu da Maksimov, Əhmədov və ya Hüseynov kimi yola salacaqlar. Unutmayın, bəylə bostan əkənin tağı çiynində bitər!
26-01-2021, 16:18
Geri dön