DataLife Engine / Rəşad Sadıqov azı iki-üç legioner istəyir

Rəşad Sadıqov azı iki-üç legioner istəyir

Rəşad Sadıqov azı iki-üç legioner istəyir


"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2020" layihəsi üzrə mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablayıb. Gənc mütəxəssis bir sıra maraqlı məqamlara aydınlıq gətirib.

- Əvvəlcə şəhid futbolçu İlqar Bürcəliyevlə bağlı fikirlərinizi bilmək istərdik...
- Çox sevindiricidi ki, İlqar sorğuda qalib oldu. Hamımız qürur duyur, fərəhlənirik. İlqarın xəyalı yaxşı futbolçu olmaq idi. Amma bundan da uca zirvəyə yüksəldi, torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmanlıq göstərdi, canından keçdi. Allahdan ona rəhmət diləyirik. İnanıram ki, qardaşı futbolçu kimi onun arzularını həyata keçirəcək.

- "Zirə"nin 2020-ci ildəki çıxışını necə dəyərləndirirsiz?
- İlin ilk yarısı bir az qarışıq keçdi. Mövsüm yarımçıq dayandırıldı. Futbolçular az sayda oyun keçirdilər. Qış fasiləsindən sonra cəmi 6-7 tur oldu. Bu, onların performansına təsir etməyə bilməzdi. Amma sevindiricidi ki, avqustda çempionatımız bərpa olundu. Mövsümün ilk yarısında 13 tur oynadıq. Hətta yoluxma sayına görə çempionatın yenidən dayandırılması təhlükəsi var idi. Sevinirik ki, çətinliklərə baxmayaraq, klublar təcrid olundu və hamı sağaldı. Bundan sonra oyunlarımıza davam etdik. Bu, çox önəmli idi. Onsuz da çempionatda cəmi 28 oyun keçiririk. Kuboku da nəzərə alsaq, futbolçu üçün maksimum 33 qarşılaşma olur. Bu, oyunçunun fərdi inkişafı üçün çox azdı. Ona görə də matçların təxirə salınmasına qəti şəkildə qarşıyam. Hesab edirəm ki, bu, futbolçuların inkişafına zərbə vurur. Ümumilikdə komandanın çıxışını yaxşı qiymətləndirirəm. Turnir cədvəlində 3-cü sıradayıq. 4, 5 və 6-cı yerdəki komandalarla xal fərqimiz var. Amma elə də böyük deyil. Nəzərə alaq ki, qarşıda hələ 15 tur var. Yeni qurulan komandayıq. Çoxlu transferimiz oldu. Bu futbolçular ilk dəfə bir yerdə oynayır. Buna baxmayaraq, bir-birimizə çox tez uyğunlaşdıq. Razıyam, daha yaxşı ola bilərik. Komandamızın daha yaxşı səviyyəyə gəlməsi üçün çalışacağıq.

- Premyer-liqanın 13-cü turunda "Qarabağ"a 2:3 hesabı ilə uduzduğunuz oyundan sonra mətbuat konfransında heyəti gücləndirmək üçün iki-üç futbolçu transfer etmək istədiyinizi bildirdiz. Hazırda danışıqlar nə yerdədi, anlaşdığınız yeni oyunçular varmı? Eyni zamanda, komandadan başqa futbolçuların ayrılmağı gözlənilirmi?
- Ümumiyyətlə, yayda belə transfer işlərini tamamlamamışdıq. Mənim legionerlərlə bağlı bir prinsipim var. Yaxşı oyunçudusa, transfer edim. Səviyyəsi sual altındadısa, say doldurmaq naminə kimisə komandaya götürmək istəmirəm. Onsuz da bizdə bir oyunçu transferi var idi. Qış fasiləsinədək Kayo Rangel da Silva və Rəşad Eyyubovla yolları ayırdıq. Bu səbəbdən hazırda bizə mütləq şəkildə 2-3 transfer lazımdı. Bundan sonra kiminsə komandadan göndərilməsi planımda yoxdu. Bəlkə kimsə yenidən ayrılmaq istəsin. Bu, xüsusilə daha çox oynamaq istəyən futbolçulara aiddi. Özüm futbolun içində olmuşam. Kimsə bu fikirlə yanıma gələ bilər və biz yenidən ayrılıq məsələsinə qayıdarıq. Komandanın maraqlarına uyğun fərqli qərarlar qəbul edə bilərik. Bugünlərdə Yürgen Kloppun bir açıqlaması qarşıma çıxdı. Deyib ki, biz getmək istəyən futbolçunu komandada məcbur saxlaya bilmərik. Mən də məsələyə belə yanaşıram. Futbolçunu zorla saxlamaq komandaya zərərdən başqa bir şey verməz. Ona görə əminlikdə danışa bilmirəm. Mən tərəfdən mövzu bağlıdı. Hazırda daha çox gələcək futbolçuları düşünürük. Danışıq apardığımız, təklif göndərdiyimiz, izlədiyimiz legionerlər var. Ən azı 2 və ya 3 əcnəbi oyunçu transfer etməyi düşünürük.

- Gündəminizdə yerli futbolçular da var?
- Yerli bazarda vəziyyət çox çətindi. Məsələn, bu gün elə futbolçular var ki, rəhbərliyim altında oynamasını istəyərəm. Amma qışda transfer etmək çətindi. Çünki sənin istədiyin futbolçu klubuna da lazımdı və heç kim onu havayı buraxmayacaq. Bizim büdcəmiz də ona imkan vermir ki, hansısa oyunçuya böyük vəsait ödəyək. Onların müqavilə müddətinin başa çatmasını gözləməyə məcburuq. Komandamızdakı yerli futbolçular məni qane edir. Hazırda bu mənada ehtiyac olduğunu da düşünmürəm. Amma bəzi mövqelərə legioner alınmalıdı. İstədiyim səviyyədə oyunçu olsa, götürəcəyik. Olmasa, transfer etməyəcəyik.

- Sizə görə Azərbaycanda ilin komandası və oyunçusu kimdi?
- Aydın məsələdi ki, hamımız "Qarabağ"a səs verməliyik. Çünki həm çempion olublar, həm də Avropa Liqasının qrupunda oynayıblar. Bu uğuru başqa komanda əldə etsəydi, onu fərqləndirəcəkdik. Futbolçuya gəlincə, şəxsi fikrimdi ki, bu ada Şahruddin Məhəmmədliyev layiqdi. Həm millidə, həm də "Qarabağ"da çətin rəqabətdə əsas heyət üzvünə çevrildi. Bundan əlavə, meydanda aparıcı qüvvə oldu və həlledici məqamlarda komandasını xilas etdi. Ümumiyyətlə, çox xarakterli oyunçudu. Rəqibi kim olur-olsun, hər zaman özünü birinci görür. Bunun hesabına həm millidə, həm də klubunda əsas qapıçıdı.

- Milli komandadan söz düşmüşkən, DÇ-2022-nin seçmə mərhələsindəki şanslarımız barədə nə deyə bilərsiz?
- Püşkü düzgün qiymətləndirmək lazımdı. Rəqiblərdən hər biri bizdən güclüdü. Buna görə istənilən püşk bizə vahiməli görünə bilər. Amma real yanaşsaq, Portuqaliyadan başqa, qalan yığmalar bizə uyğun rəqiblərdi. Məsələn, 2-ci səbətdən seçim imkanım olsaydı, Serbiyanın adını çəkərdim. Yaxud 3-cü səbətdən İrlandiyanı, 4-dən Lüksemburqu seçərdim. Bəli, ilk baxışda bizdən güclü görünə bilərlər. Daha iddialı komandalarla da düşə bilərdik. Həm Serbiya, həm də İrlandiyaya qarşı inamlı mübarizə aparmaq, səfərdə xal almaq, hətta evdə qalib gəlmək də olar. Əvvəlki matçlar da bunu göstərib. Lüksemburqa gəlincə, özümüz də şahidi olduq ki, bu rəqiblə oynaya və yaxşı nəticə əldə edə bilərik. Qarşıya qrupda hansı yeri tutmaq məqsədi qoyulub, bu, artıq mənim səlahiyyətlərimi aşan məsələdi. İmkan daxilində irəliləmək, yaxşı yer üçün mübarizə aparmaq olar. Əsas odu ki, baş məşqçi həm futbolçulara, həm də özünə inanır. Albaniya millisinin “sükanı arxasında” Portuqaliya və Serbiya ilə qarşılaşıb. Pozitiv düşünürəm. İnanıram ki, qrupda inamlı çıxış edəcəklər.

- 2020-ci ili özünüz üçün necə qiymətləndirirsiz?
- 2020 həyatımızın ən möhtəşəm, yaddaqalan ili olacaq. İllərdi xəyal qurduğumuz, arzuladığımız Qarabağa qovuşduq. Müharibədə qalib gəldik, işğal altındakı əraziləri azad etdik. Yəqin ömrümün sonunadək həyatımda belə il olmayacaq. Düzdü, ilin əvvəlində pandemiya ilə bağlı çətin dövr yaşadıq. Amma sonu möhtəşəm oldu. İnanıram ki, qarşıdakı ildə də futbolumuzla tarix yazacaq, böyük zəfərlər əldə edəcək, yaddaşlarda da elə qalacağıq.
1-01-2021, 19:0
Вернуться назад