DataLife Engine / Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı

Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı


“Baş məşqçinin gözü məni götürmürdü”
Uzun müddətdi Latviyada legioner həyatı yaşayan Vüqar Əsgərovdan xəbər var. 35 yaşlı futbolçu “Dauqavpils”i “Super Nova”ya dəyişib. Əsgərovun iyulun 20-də azad agent kimi “Super Nova”ya transfer olunması bir qədər müəmmalı alınıb. Çünki bir müddət öncə onunla söhbətimiz zamanı futbolçu dekabra qədər müqaviləsinin qüvvədə olduğunu qeyd etmişdi. İndi isə Vüqarın baş məşqçi ilə problem yaşaması üzündən komandanı tərk etməsi haqda xəbərlər yayılıb. Bunları nəzərə alaraq, dünən milli komandamızın sabiq forvardı ilə əlaqə saxladıq.
- Gözlənilmədən “Super Nova”ya transfer oldun. Öncə bu haqda danışardın...
- Qayıtmışam müəllimimin yanına.
- Baş məşqçi Viktor Nesterenkonu nəzərdə tutursan?
- Əlbəttə. Vaxtilə Nesterenko məni futbola qaytarmışdı. Mənə bir kəlmə “gəl” dedi. Onun sözündən çıxa bilmərəm. O mənə ata kimidi. 2-3 il əvvəl birinci liqada “Proqress”də birlikdə çalışmışdıq. O zaman futbolu buraxmağı düşünəndə Nesterenko məni fikrimdən daşındırmışdı. Yeri gəlmişkən, “Super Nova” paytaxt Riqanı təmsil edir. Həm də “Dauqavpils”də baş məşqçi ilə 2 aydı problemlərim olurdu.
- Aleksandr Qorşkov ilə aranızda nə baş verdi?
- Belə deyək, bir-birimizi yaxşı başa düşmürdük. “Transfer pəncərəsi” açılan kimi xahiş etdim və məni buraxdılar. Fikirləşmədən “Super Nova”ya üz tutdum. Qorşkovla problemimiz bu qışdan başlamışdı. Sonra karantin oldu, karantindən sonra yenə problemlər başladı. Futbol dilində desək, özümü ona sevdirə bilmədim. “Dauqavpils”in prezidenti məni komandada saxlamaq istəyirdi, lakin qərarımı artıq vermişdim. “Dauqavpils”ə ürəkdən uğurlar arzulayıram.
- Son 4 oyunda “Dauqavpils” 3 dəfə məğlub olub. Sən isə bu müddətdə yalnız 4 dəqiqə meydanda olmusan. Qorşkov, demək olar ki, sənə şans tanımayıb. Konkret aranızda nə münaqişə yaşandığını demədin…
- Son oyundakı nəticələrə görə deyil. Aramızda tez-tez münaqişə olurdu. Bu haqda uzun-uzadı danışmaq istəmirəm. Kim düz və ya səhvdi, bunu yalnız mən, o və Allah bilir. “Dauqavpils”də köməkçi məşqçi Vladimir Zavoronkov hər zaman əsas heyət və “18-liy”ə düşməyim üçün əlindən gələni edib. Baş məşqçiyə bildirib ki, Vüqarı meydana buraxaq. Sadəcə, Qorşkovun gözü məni götürmürdü. Amma Zavoronkov qızıl adam idi, həm məşqçi, həm də insan kimi.
- Müqavilənin müddəti dekabrda başa çatırdı. Necə oldu ki, keçid baş tutdu?
- “Dauqavpils”lə müqaviləmin müddəti 2020-ci il dekabrın 1-nə kimi nəzərdə tutulmuşdu. Qaydalara görə mənə dedilər ki, əsas çempionatda hansısa kluba keçə bilməzsən. Çünki müqavilənin müddəti bitməyib. Amma birinci liqaya üz tuta bilərsən. Belə olan halda azad agent kimi klubumu dəyişdim. Halbuki əsas çempionatda 2-3 autsayder klub məni istəyirdi. Adlarını çəkməyəcəm. Sadəcə, hazırkı müqaviləyə görə alınmadı.
- “Super Nova” çempionata pis başlamayıb, 3 oyuna 7 xal toplayıb. Necə düşünürsən, dostun Nesterenko səni start heyəti üçün fikirləşib?
- Komanda 2 qələbə və 1 heç-heçəyə imza atıb. Əsas odu ki, baş məşqçi məni gözəl tanıyır və inanır. 2 il birlikdə işləmişik ki, bu da az müddət deyil. “Super Nova”da gözəl kollektiv formalaşıb. Yeni klubumla “1+1” illik müqavilə bağlamışam. Yəni komanda yüksək liqaya vəsiqə qazansa, burda qalacam. Əks halda klubu tərk edəcəm.
TAHİR MƏMMƏDOV
28-07-2020, 11:0
Вернуться назад