DataLife Engine / “Sabah” Sopiçi yola saldı

“Sabah” Sopiçi yola saldı


Klub ayrılığın səbəbini gizli saxlayır
Zaur Həşimovun “Zirə”dən gedişinin həftəsi çıxmamış premyer-liqada növbəti baş məşqçi istefası gerçəkləşdi. Bu dəfə çempionatın yeganə əcnəbisi Jelko Sopiçin “Sabah”dan ayrıldığı açıqlandı.
Klub saytının yaydığı xəbərdə xorvatiyalı baş məşqçi ilə yanaşı, köməkçisi Marko Lozo və fiziki hazırlıq üzrə mütəxəssis İvan Çukoviçlə yolların ayrıldığı qeyd olunub. Sopiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
“Qarşılıqlı razılıq əsasında...” Azərbaycan futbolunda dəyişməz ənənəyə çevrilib. Hər fasilə dönəmində baş məşqçi və futbolçularla bağlı onlarla belə ifadəyə rast gəlirik. Lakin bir nəfər ortaya çıxıb anlaşmaya hansı səbəbdən qarşılıqlı razılıq əsasında xitam verildiyini demir. İndi də bilmək olmur, Sopiç ötən mövsümdəki uğursuzluğa görə göndərilib, yoxsa növbəti “futbol ili” üçün nəzərdə tutulan büdcə onu razı salmayıb?
Ayrılığın səbəbini öyrənmək üçün klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxlasaq da, yeni nəsə öyrənə bilmədik: “Həm ötən mövzumdəki nəticələr, həm də növbəti mövsümlə bağlı planlar müzakirə olunduqdan sonra müəyyən fikir ayrılığı yarandı. Belədə hər iki tərəfin razılığına əsasən müqaviləyə xitam verildi. Deyə biləcəyim bu qədərdi, təfərrüata vara bilməyəcəm. Çünki belə məsələlər klubun daxili işi sayılır”.
Sopiç ötən ilin payızında “Sabah”la ilyarımlıq müqavilə bağlamışdı. Dəqiq desək, 2020/21 mövsümünün sonuna qədər komandanı çalışdırmalıydı. Belə vaxtda onunla yolların ayrılması gələn ilin mayına qədər olan müqavilə şərtlərinin qüvvədən düşməsi deməkdi. Görəsən, klubla əcnəbi mütəxəssis arasında qarşıdakı ayların maliyyə məsələsi necə tənzimlənib? “Tələbələr” xorvata təzminat ödəyib yola salacaq, yoxsa Sopiç növbəti ayların maaşından imtina edib? Həmidov bu sual qarşısında da susmağı üstün tutdu: “Bu mövzunun özü də məxfi məsələdi. Dünyanın heç bir ölkəsində aylıq məvacib, yaxud maliyyə ilə bağlı şərtlər, anlaşmalar açıqlanmır. Ona görə də nəsə demək çətindi. Bir onu deyə bilərəm ki, hər iki tərəfi razı salan qərar qəbul olunub”.
Yeri gəlmişkən, gözlənilməz gedişlə bağlı səbəbkarın fikirlərini bilmək maraqlı olardı. Lakin əlaqə saxladığımız Sopiç heç bir halda müsahibə vermək istəmədiyini bildirdi.
HƏBİB
7-07-2020, 17:0
Вернуться назад