DataLife Engine / “Futbol+”in baş redaktoru yenə KİVDF-yə müraciət etdi

“Futbol+”in baş redaktoru yenə KİVDF-yə müraciət etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə
Surəti: Müşahidə Şurasının üzvlərinə

Hörmətli Vüqar müəllim!
Müşahidə Şurasının hörmətli üzvləri!

Bildiyiniz kimi, aprelin 1-dən “Futbol+” qəzetinə ayrılan aylıq 5000 (beş min) manat maliyyə yardımı dayandırılıb. Bu isə qəzetin fəaliyyətini iflic etməklə yanaşı, işçilərin maaş-qonorarının, dövlət büdcəsinə vergilərin, eləcə də kommunal xidmətlərin ödənilməsində ciddi problemlər yaradıb. O da məlumdu ki, ölkədə çap mediasının ciddi reklam bazarı problemi var, hələ də qəzetlərin metronun stansiyalarında satışı bərpa olunmayıb, yayım şirkətləri satılan qəzetlərin pulunu redaksiyaların hesabına köçürtməyi daim ləngidir.
Məlumat üçün bildirim ki, ilk sayı 1997-ci il oktyabrın 21-də işıq üzü görən “Futbol+” qəzeti son 22 ildə müntəzəm nəşr olunan, fəaliyyətinə bir gün də fasilə verməyən, ölkənin idman uğurlarının təbliğinə, oxucu kütlələrinin maariflənməsinə xidmət edən yeganə gündəlik idman nəşridi. Ötən 22 ildə qəzet əsasən satışdan gələn pul hesabına ayaqda qalmağı, işçilərinin güzəranını təmin etməyi bacarıb. 2013-cü ilin yanvarından isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihələrində də müntəzəm iştirak edirdik.
Müsabiqəyə yalnız ictimai-siyasi nəşrlərin buraxılacağıyla bağlı şərt bu qəzetdə çalışanları, eləcə də oxucularımızı ciddi narahat edir. Niyə yalnız ictimai-siyasi qəzetlər? Məgər bu ölkəyə idman qəzeti, Azərbaycanın idman uğurlarının təbliği lazım deyil? Prezident İlham Əliyev cənablarının idmanın inkişafı, idmançıların sosial rifah halının yaxşılaşdırılması yönündə necə böyük işlər gördüyündən bu ölkədə hər kəs xəbərdardı. Bəs onda ölkənin idman təsərrüfatında yaşananlar oxuculara obyektiv, operativ şəkildə təqdim olunmamalıdı?
Odu ki, yalnız ictimai-siyasi nəşrlərin maliyyələşdiriləcəyi ilə bağlı şərtə yenidən baxmağı, ümumiyyətlə, “Futbol+”in taleyinə həssas yanaşmağı xahiş edirəm. Qərar verərkən onu da unutmayın ki, faktiki iflasın astanasındayıq. “Futbol+”in dayanmasını isə tarix heç kimə bağışlamayacaq! Başqalarından fərqli, biz Sizdən 10, 15, 20 min manat yox, 5 min manat istəyirik. Qəzetin yaşaması üçün bu çox vacibdi.
Bakı şəhəri, 27 iyun 2019-cu il
29-06-2019, 09:0
Вернуться назад