Sizin reklam burada

İlk və son oyun…

Baxış Sayı:45 584

İlk və son oyun…
Yazıçı-pedaqoq, fəlsəfə doktoru, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda dosent vəzifəsində çalışan Allahverdi Eminov “Futbol+”in redaksiyasına irihəcmli müəllif yazısı göndərib. Ötən əsrin 90-ci illərinin əvvəlində “Payıza qədər” romanı ilə böyük populyarlıq qazanan, yaşının ahıl çağında futbola biganə qalmayan Allahverdi müəllimin yazısını təqdim edirik.
Bu gün böyük futbol haqqında az qala dünən orta məktəblə vidalaşan məzun da ağızdolusu şərh verir. Ondan bir xeyli yaş böyük oğlan az qalır desin ki, “Neftçi”nin “Spartak”la, “Dinamo” ilə, “Kayrat”la …oyunlarından reportaj apararam. Bir boy “ikinci” nəsildən yaşı fərqlənən isə birinci liqada 1959-cu ildə “Neftçi”nin Moskva “Lokomotiv”i ilə ilk oyununda iştirakçı olduğunu aşılasın! Mən bunu xüsusilə son 15-20 ildə müxtəlif sənət adamlarının, telejurnalistlərin, söz sahiblərinin mətbuatda və müsahibələrində, dəvətli çıxışlarında müşahidə etmişəm. Bu “malay” öyünmələrə münasibət necədi?
Sovet vaxtı yeganə peşəkar qəzet “İdman” idi (sonuncu adıdı) və orda müqtədir idman jurnalistlərindən Mirpaşa Miriyev, Aqşin Kazımzadə, Paşa Əmirov, Oqtay Bayramov, Mark Peyzel kimi xadimlər və eyni zamanda şərhçilər çalışırdılar. Özü də necə?! Canlı, obyektiv və kəskin. Xatırlayıram ki, “Neftçi” 1967-ci ildə SSRİ kubokunun yarımfinalında Moskvada MOİK-lə qarşılaşırdı və oyun televiziya ilə göstərilirdi. Baş hakim litvalı Kestutis Andzyulis idi. Sentyabrın 15-də keçirilən oyunda qolsuz bərabərlik qeydə alındı. Ertəsi təkrar oyunda Banişevski qanuni qol vurdu, amma hakim bu qolu saymadı. Az sonra MOİK-in hücumçusu ofsayddan qol atdı və hakim mərkəzi göstərdi… “Neftçi” 0:2 uduzdu. Aqşin Kazımzadənin “İdman”da sensasiyalı “Andzyulis, sənə ayıb olsun!” adlı yazısı iki dildə (“Sport”da) da dərc olundu.
Yazı SSRİ idman ictimaiyyəti tərəfindən haqlı təqdir edildi və Andzyulis ciddi cəzaya məruz qaldı: bir müddət yüksək liqada hakimlikdən uzaqlaşdırıldı. Onlarla buna oxşar xatirə yaddaşımızda yaşayır…
Müqayisə, məncə, yerinə düşər ki, ədəbiyyatda, incəsənətdə, tarixdə və başqa sahələrdə mütəxəssislər, rəsmilər, məsul şəxslər “tarixiliyə” diqqət bəsləyirlər. Filan hadisənin iştirakçısı tapılır, üzə gəlir, onun yaddaş yükünü “boşaldırlar”. Çün, o adam canlı tarixdi! Yeni nəslə “canlı tarix” daha maraqlıdı ki, nəinki doğulmuşdan çox-çox qabağı yalan-palan eşitdiyindən, oxuduğundan danışır, hətta özünü azarkeş-fanat sayır! İdman icmalçıları da, jurnalistlər də, reklamçılar da belə «dudkaya» gedirlər. Əlbəttə, söhbət futboldan gedir. Bunun nəticəsidi ki, SSRİ dövründə yeganə “dişə vurulası” komandamız olan “Neftçi”nin əfsanəvi missiyası əslində unudulur!
Bir haşiyə çıxım ki, 60-cı illərdə “Neftçi” haqda mərhum yarımmüdafiəçi Əli Əbilzadənin bir kitabı da çıxmışdı. Kitab belə adlanırdı: “Neftçi”nin səfərləri”. Göy cildli kitab çox tez kütləviləşdi. Təəssüf ki, artıq məndə olmayan, tarixi faktlarla zəngin kitabda necə də maraqlı epizodlar, fotoşəkillər vardı. Əli Əbilzadənin oyununu 1959-cu ildə bir-iki dəfə görmüşəm yaşıl meydanda. Yadımdadı, oyunqabağı mütəxəssislərin fikirləri dərc olunurdu. Qərara gələn vardı ki, «Lokomotiv»lə ilk oyuna «Neftçi»nin «B» qrupundakı əsas oyunçuları çıxarılsın. O vaxt Moskva «Dinamo»sundan gəlmiş Ələkbər Məmmədov, Yuri Kuznetsov, Adamas Qolodets və Leninqrad «Zenit»indən dəvət almış SSRİ idman ustası Fuad Tağızadəni azarkeşlər görsünlər. Əli Əbilzadə əvəzetmədən oynadı. Sonra ilboyu o, «Neftçi»nin əvəzedici heyətində komandanın kapitanı sarğısında gənclərlə oynadı, gəncləri hazırladı – həm iradə, həm də texnika baxımından. Maraqlıdı, niyə həmin kitab yenidən nəşr olunub gənc nəslə çatdırılmır? İdman nəşrlərinin sahibləri niyə bu tarixi faktlarla dolu kitabı təkrar çap etmirlər? Bilirəm ki, xəbərsizdilər. Ələkbər Məmmədovun da iki kitabı nəşr olunmuşdu. Gənc azarkeşlər, futbolçular sələflərindən artıq unudulmuş Kamil Eynullayevi, Zakir Süleymanovu, Viktor Anoşkini, Vladimir Mikuçadzeni, Anatoli Terentyevi, Nağı Babayevi, Vladimir Karmayevi (qapıçı), Bataşovu, Qalkini, Təvəkkül Hüseynovu, Qəniyevi (qapıçı) və başqalarını xəyalən təsəvvürlərinə gətirər ki, bu simalar Azərbaycan futbolunu necə də şərəflə başqa ölkələrin meydançalarında da təmsil etmişlər. Vaxt olub «Neftçi»lər Finlandiyan klubuna onların öz meydançasında 16:0 hesabı ilə qalib gəlib!
Əli Əbilzadə «B» qrupunda sərrast penalti ustası olub. Bu da tarixdi!
Sual olar ki, mən belə informasiyaları haradan yaddaşıma toplamışam? Əbilzadənin kitabından bəlkə də on il əvvəl! 1948-ci ildən (1-ci sinfə getdiyim tarixdən) evimizdə danışan «Rodina» radiosundan. Salyan bölgəsində yeganə radio idi. Qırmızıkənd dəmir yolu stansiyasında yaşadığımız mənzildə quraşdırılmışdı (atam İsgəndər Eminov həmin stansiyanın rəisiydi). Əmim oğlunun, gələcəyin riyaziyyat alimi və futbol azarkeşi İmran Eminovun (o, Qazaxdan əmisigilə oxumaq üçün gəlmişdi və Salyan şəhər 2 saylı orta məktəbi az sonra (1955) bitirdi) futbola uşaqları və yeniyetmələri maraqlanqırdığı bir vaxtdı. O, rus dilini mükəmməl bilirdi, rusca qəzetləri oxuyub tərcümə edirdi. Xatırlayıram: Ələkbər Məmmədov «Dinamo»da oynayan vaxtlarda radioda gedəcək reportajlara qulaq asmaq üçün bizə gəlirdi (bacısı dayım Hacı Eminovun həyat yoldaşı idi, onlarda qalırdı) və ikimiz sandıq biçimli «Rodina»nın çənəsinin altını kəsdirirdik: - Alı, - deyirdi. – «Dinamo» oynayacaq (mən hələ şərhləri kəsdirmirdim), reportajı Sinyavski aparacaq. Görək Ələkbər Məmmədov qol vuracaqmı?
Xatırlayıram ki, ötən əsrin 50-ci illərində «Dinamo»nun və SSRİ yığma komandasının heyətində Ələkbər Məmmədov böyük şöhrət qazanmışdı və bir dostluq şarjı da qəzetdə çıxmışdı («Azərbaycan gəncləri»ndə).
«Neftçi» balasısan, Ələkbər adın,
Dünyada salamat qapı qoymadın.
Parisdən, Londondan gəlir sorağın,
Tərifə layiqdi güclü ayağın.
Sonralar (1993-95-ci illər) «Təfəkkür» Universitetində dahi futbolçuyla bir işlədik (o, kafedra müdiri idi).
Yaxud «Neftçi» oynayır. Reportajı Qnezdov aparacaq. Reportaj rusca gedirdi. Bax, illərlə mən radionun futbol azarkeşinə çevrildim. Sonralar Valid Sənani və Çingiz İsmayılov, Sabutay Quliyev bu missiyanı Azərbaycan dilində yerinə yetirdilər.
İlk oyununu «Neftçi» Moskva «Lokomotiv»i ilə keçirdi. Oyundan əvvəl “Kommunist» qəzeti komandamızın kapitanı Ələkbər Məmmədovla müsahibə dərc etmişdi. Məşhur oyunçunun futbol formasında (geyimində) fotosu verilmişdi və çox nikbin danışmışdı.
O zamanlar Çapayev küçəsindən (indi Təbriz küçəsidi) tramvay xətti ilə daha çox azarkeş gəlirdi, çünki bilet kassaları balaca daş otaqlardan ibarət idi. Bilet məsələsi müşkül idi, yalnız cəld, çevik, hövsələsiz adamlar ala bilirdilər. Biz - Pedaqoji İnstitutun üç tələbəsi sonacan «Neftçi»yə sadiq qaldıq. Mən, Arif Şükürov və Əvəz Mirzəliyev. Biz məşhur «oğlanlar yataqxanası»nda (Bakıxanov küçəsində) yaşayırdıq (sonralar tədris korpusu kimi fəaliyyət göstərdi). Bayıldan gələn tramvay üzüyuxarı Baksovetə qalxır, Kommunist küçəsindən (İstiqlaliyyət küçəsi) Monolitin qarşısından – Hüsü Hacıyevdən “Beşmərtəbə”yə üz tuturdu. Bakıxanova çatıb, sola - yataqxananın beş-altı metrliyindən keçirdi, Semaşko adına məşhur xəstəxanaya da “əl uzadırdı”.
Tramvaydan söz düşmüşkən… Bakının yaddaqalan koloritini – tramvayları ləğv edən o anonim məsul şəxslər üçün tarixin lənəti qəbirlərinə sürünəcək. Son dərəcə münasib, “kasıbmalı” nəqliyyat növü idi, dəmirlərini satmaq üçün belə addım atdılar.
(davamı olacaq)

Oxşar xəbərlər
SON XƏBƏRLƏR