Sizin reklam burada

“Qəbələ”nin bütün aşağı yaş qrupları beynəlxalq turnirlərə qatılacaq

Baxış Sayı:405

“Qəbələ”nin bütün aşağı yaş qrupları beynəlxalq turnirlərə qatılacaq
Nail Kərimov: “Fransızın nə marağı var idi ki, bizə havayı yemək versin, məskunlaşmağımızı həll etsin”
Heç kimə sirr deyil ki, “Qəbələ” rəhbərliyi əsas komandaya diqqət ayırdığı kimi, klubun futbol akademiyasını da yaddan çıxarmır. Hər il “qırmızı-qaralar”ın müxtəlif yaş qrupları beynəlxalq turnirlərdə iştirak üçün başqa ölkələrə səfər edirlər.
Son vaxtlar şimallıların büdcəsində azalma olduğundan, bəzi futbol adamlarının fikrincə, “kəmərsıxma əməliyyatı” akademiyadan da yan keçməyəcək. Daha əvvəlki illərdə olduğu kimi, “Qəbələ”nin aşağı yaş qrupları Avropdan vurub Asiyadan çıxmayacaq. Aşağı yaş qruplarının Braziliya kimi futbol ölkələrinə səfərləri bundan sonra şirin nağıllar kimi xatırlanacaq. Ancaq necə deyərlər, “sən saydığını say, gör bu il də “Qəbələ” rəhbərliyi nə sayır”.
Klubun büdcəsinin azalmasına baxmayaraq, “qırmızı-qaralar”ın bütün aşağı yaş qrupları bu il də ölkə xaricində keçirilən turnirlərdə iştirak edəcəklər. Bu haqda bilgini akademiyanın baş meneceri Nail Kərimovdan aldıq: “Bildiyiniz kimi, mayda Bakıda Avroliqanın final qarşılaşması keçiriləcək. Bu üzdən AFFA-nın bayrağı altında keçirilən bütün liqalarda oyunlar aprelin sonunda başa çatacaq. Boşluğu aradan qaldırmaq üçün həmin aydan etibarən müxtəlif yaş qruplarımızı beynəlxaq turnirlərə göndərəcəyik. Öncə U-11 komandamız səfərə çıxacaq. Elnur İmanquliyevin baş məşqçisi olduğu kollektiv aprelin 5-8-i aralığında Türkiyənin Quşadası bölgəsində təşkil olunan “İzmir Cup”da iştirak edəcək. U-17 isə Fransaya yollanacaq. Mayın 13-dən 19-dək 17 yaşa qədər futbolçulardan qurulmuş komandmız Nantda keçirilən turnirə qatılacaq. Bu yarışda “Qəbələ” ilə yanaşı, “Palmeyras”, “Monako”, “Portu”, “Sportinq”, “Zenit” kimi klublar olacaq. Ümumilikdə isə 16 kollektiv qalib adı uğrunda mübarizə aparacaq. Mayın 17-dən 20-nə kimi U-16 komandamız da ölkə xaricində olacaq. Şəhruz Mustafayevin rəhbərlik etdiyi kollektiv Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq “Dubovski Memorialı”na dəvət alıb. Turniri “Slovan” klubu təşkil edir. Həmin yarışda meydan sahibləri və “Qəbələ” ilə yanaşı, Macarısan “Videoton”u, Avstriya “Admira Vakker”i, Polşa “Qurnik”i kimi tanınmış və köklü klublar olacaq. U-15 və U-13 komandalarımız iyunda Gürcüstana səfər edəcəklər. Tiflis “Dinamo”su ilə əməkdaşlıq etdiymizdən xəbəriniz var. Ötən il “Dinamo”nun aşağı yaş qrupları Qəbələyə gəlmişdilər. Bu dəfə biz qonşu ölkəyə yollanacağıq. Qeyd etdiyim yaş qrupları Tiflisdə iyunda olacaqlar. 14 yaşa qədər futbolçulardan təşkil olunan komandamız çempionat başa çatdıqdan sonra bir qədər istirahət edib iyunun 7-dən 10-na kimi İtaliyaya yollanacaq. Sam-Vito şəhərində keçiriləcək beynəlxalq turnirdə “İnter”, “Udineze”, “Torino” kimi tanınmış klubların müvafiq yaş qrupları çıxış edəcək. Ümumilikdə isə Sam-Vitoda 12 komanda turnirin qalibi adı uğrunda mübarizə aparacaq. Və nəhayət, U-16 haqda da danışmaq istəyirəm. Bu yaş qrupu iyunda Polşada təşkil olunacaq tunirdə iştirak edəcək. İyunun ortalarında Krakovda bizim komanda ilə yanaşı, “Mançester Yunayted”, “Espanyol”, “Malmö” və başqa klublar iştirak edəcək. Ümumlikdə iştirakçı sayı 12-yə bərabərdi”.
Nail bəyin söylədiklərindən göründüyü kimi, akademiyanın bütün yaş qrupları əvvəlki illərdə olduğu kimi, 2019-da da müxtəlif turnirlərdə iştirak etmək üçün ölkə xaricinə yollanacaq. Kərimov bizimlə söhbətdə akademiyaya belə şərait yaratdığına görə klub rəhbərliyinə təşəkkür etməklə yanaşı, çəkdikləri zəhmətin bəhrəsini gördüklərini də vurğuladı: “İlk növbədə klub rəhbərliyinə “çox sağ ol” deyirəm ki, hər il olduğu kimi, bu dəfə də müxtəlif yaş qruplarının ölkə xaricinə səfərlərini təşkil etməyə imkan yaratdı. Ölkə futbolunda yaşanan indiki durumda hər klubda belə şərait yoxdu. Bu həm də akademiyada çalışanlara verilən qiymətdi. “Qəbələ” Futbol Akademiyası bu gün artıq Avropada sayılıb-seçilənlər siyahısındadı. Bütün yaş qrupları üzrə iştirak edəcəyimiz turnirlərə təşkilatçılar tərəfindən xüsusi dəvət almışıq. Bu fakt bir daha göstərir ki, “Qəbələ” Futbol Akademiyasının geridə qalan illərdə gördüyü işlər, iştirak etdiyimiz turnirlərdə əldə olunan nəticələr avropalıların diqqətindən yayınmayıb. Yoxsa fransızın nə marağı var idi ki, bizə havayı yemək versin, məskunlaşmağımızı həll etsin. Səfər edəcəyimiz ölkələrdə qidalanma və qalmaq məsələləri təşkilatçılar tərəfindən həllini tapacaq. Biz yalnız yol xərcini ödəyəcəyik. Bir çox ölkələrə isə Bakıdan yox, Tiflisdən yollanacağıq. Çünki ordan təyyarə ilə uçmaq daha sərfəlidi. Hazırda səfərlərlə bağlı işimiz çoxdu. Bütün komandaların səfərlə bağlı məsələlərini həll etməyə çalışırıq”.
Beynəlxalq turnirlərə xüsusi önəm verən “Qəbələ” Futbol Akademiyası ölkə daxilində də yarışlar təşkil etmək fikrindədi. Akademiyanın baş menecerinin bununla bağlı dedikləri: “Qarşıdan Novruz bayramı gəlir. İstəyirik ki, bayram günlərində Qəbələdə və Şamaxıda müxtəlif yaş qrupları arasında turnirlər təşkil edək. Yay tətilində də bu layihəni həyata keçirmək niyyətimiz var. Belə turnirlər nə qədər çox olsa, bir o qədər yaxşıdı. Mövsümlərarası fasilədə belə lokal yarışlar komandaların xeyrinə işləyir”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR