Sizin reklam burada

Delarj durumundan məmnundu

Baxış Sayı:378

Delarj durumundan məmnundu
“Məşq edirəm, oyuna çıxıram, üzərimə düşən işin öhdəsindən gəlməyə çalışıram”
Ötən mövsümü Türkiyə superliqasında – “Bursaspor”un heyətində keçirən, vurduğu qollar və verdiyi ötürmələr ilə adından söz etdirən Con Delarjın yayda “Qarabağ”da peyda olması diqqəti çəkmişdi. Türkiyə futbolu ilə yaxından maraqlananlar Konqo yığmasının üzvünün nəyə qadir olduğunu bilir və buna görə də yeni komandasına fayda verəcəyini düşünürdülər. Lakin ehtimallar özünü doğrultmadı.
Delarj istər Avroliqada, istərsə də ölkə çempionatında sərgilədiyi oyunla yarımmüdafiənin cinahlarında yer alan komanda yoldaşlarından geri qaldığını göstərdi. Conun əsas problemi uyğunlaşa bilməməsi ilə bağlı deyildi. O həm də xarakter sarıdan “axsayırdı”. Futbolçu və məşqçi heyəti ilə ortaq dil tapa bilməməsi, özünü Muxtar Respublika gözündə görməsi, yeri gəldi-gəlmədi danışması, nəhayət, qış fasiləsində Qurban Qurbanovun səbr kasasını daşırdı. Odu ki, təcrübəli mütəxəssis Delarjın əvəzedici komandaya göndərilməsinə qərar verdi. Toplanışa Antalyada əsas komandada başlayan futbolçu Bakıya qayıdıb “Qarabağ-2”yə qoşuldu.
Xatırlayırsızsa, həmin vaxt bir neçə dəfə səbəbkarla danışmağa cəhd etsək də, o qısa açıqlama ilə kifayətlənmiş, müsahibəni “transfer pəncərəsi” bağlanandan sonra – fevralda verə biləcəyini demişdi. Dünən yenidən əlaqə saxlayıb yanvarda dediyi sözü xatırladanda cavabı belə oldu: “Qarabağ”la bağlı suallara cavab tapmaq üçün əsas komandada oynayan futbolçularla danışmağınız yaxşı olar. Çünki mən o komandanın üzvü deyiləm. “Qarabağ-2” ilə əlaqəli sualları isə yaxşı olar baş məşqçiyə ünvanlayasız. Özümə gəlincə, əvəzedici komandadayam və burda hər şey məni qane edir. Məşq edirəm, oyuna çıxıram, bir sözlə, üzərimə düşən işin öhdəsindən gəlməyə çalışıram. Sağlamlığımla bağlı da hansısa problem yoxdu. Əsas odu, “Qarabağ”dayam, əsas, yaxud əvəzedici komanda fərq etmir. Məncə, uzun-uzadı danışmağın anlamı yoxdu. Ümid edirəm ki, dediklərim sizi qane etdi”.
Qeyd edək ki, Delarj “Qarabağ-2”nin mübarizə apardığı birinci divizionda qış fasiləsindən bu yana baş tutan bir oyunun iştirakçısı olub. Komandanın baş məşqçisi Azər Məmmədov “Turan Tovuz”la səfər qarşılaşmasında legioneri 90 dəqiqə meydanda saxlayıb. Fevralın 15-də “Zirə-2” ilə keçirilməli olan oyun isə martın 4-nə keçirildiyindən, “Qarabağ-2” növbəti görüşünə sabah çıxacaq. Rəqib “Şüvəlan”dı.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR