Sizin reklam burada

“Dalğa Beach”də Braziliya rüzgarı əsdi

Baxış Sayı:415

“Dalğa Beach”də Braziliya rüzgarı əsdi
Azarkeşlər nə Nihatı gördü, nə də Droqbayla Essyeni
İyulun 14-15-də Bakıda futvolley üzrə açıq beynəlxalq turnirin keçiriləcəyi haqda məlumat vermişdik. Ayın 13-də paytaxtımıza təşrif buyuran qonaq komandalar ertəsi mübarizəyə qoşulub. İyulun 14-də “Dalğa Baach”in ərazisində yeni istifadəyə verilən meydanda açılış mərasimi baş tutdu. Mərasimdə Azərbaycan Futnet Assosiasiyasının rəhbər şəxsləri ilə yanaşı, dövlət strukturlarında çalışan bir neçə fəxri qonaq da iştirak edirdi.
Həmkarımız Sənan Şəfizadənin aparıcısı olduğu turnirdə 8 komanda – Azərbaycan, Rusiya, Braziliya, Portuqaliya, Hollandiya, Avstriya, Pakistan və İran yığmaları mübarizə aparırdı. İyulun 14-də baş tutan açılış mərasiminə iki müğənni dəvət olunmuşdu ki, onların çıxışı təkcə turnirdə iştirak etməyə gələn əcnəbiləri yox, həm də “Dalğa Beach”də istirahət edənləri əl qaldırıb oynamağa məcbur etdi. Turnirin bir neçə sponsoru var idi ki, aralarında daha çox səy göstərən və yarışboyu komandaların yanında olan “Offroad”dan olanların canfəşanlığı diqqəti çəkirdi. Şirkətə məxsus avtomobillər isə həm turnirə, həm də “Dalğa Beach”ə ayrı gözəllik verirdi.
Yarışın əsas hissəsinə gəlincə, millimiz Hollandiya, Pakistan və Avstriya komandaları ilə birgə B qrupunda qərarlaşmışdı. A qrupunda isə digər 4 komanda – Braziliya, Portuqaliya, Rusiya və İran mübarizə aparırdı. Kifayət qədər gərgin keçən oyunların yekununda millimiz 8 komanda arasında 5-ci yeri tutub. “Bürünc” uğrunda matçda Hollandiya İranı 2:0 hesabı ilə məğlub edərək, yarışı “3-lük”də başa vurub. Həlledici qarşılaşmada qalib adına favorit göstərilən Braziliya Avstriyaya şans verməyib. “Sambaçılar” 2:0 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək yerində qərarlaşıb.
Final qarşılaşmasından sonra qaliblər mükafatlandırılıb və yarışın bağlanış mərasimi baş tutub. Qalib adını qazanan braziliyalılar medal və diplomlarla yanaşı, 3500 dollara (təxminən 6000 manat) sahib çıxıb. Gümüş və bürünc mükafatçılara isə ənənəvi olaraq müxtəlif hədiyyələr təqdim olunub. Hollandiya yığmasına bürünc medalları “Max Holding”in rəhbəri Kamran Məmmədov, Avstriya millisinə gümüş mükafatı “Dalğa Beach”in rəhbəri Emin Novruzov, qalib Braziliyaya qızıl medalları isə AFNA-nın birinci vitse-prezidenti, millət vəkili Aydın Hüseynov təqdim edib. Bağlanış mərasimi əyləncə proqramı ilə davam edib. İştirakçılar deyib-gülüb, əyləniblər, sonda xatirə şəkilləri çəkdiriblər.
Yarışda Braziliya yığmasını dəstəkləyən xanım hər kəsin diqqətini özünə çəkə bilmişdi. Məlum oldu ki, Diana Aquinyo okeanın o tayından Bakıya dostlarına ürək-dirək vermək üçün gəlib. Xanım turist jurnalistlərlə söhbətdə ölkəmizdə gördükləri ilə bağlı fikirlərini bildirdi: "İlk dəfə Azərbaycana gəlmişəm. Bakıda keçirilən futvolley üzrə açıq beynəlxalq turnirdə iştirak edən Braziliya millisinə dəstək olmaq üçün bura səfər etmişəm. Bakının gözəlliyi məni özünə cəlb etdi. Bakı turnirində, təbii ki, Braziliya komandasına azarkeşlik edirəm. Braziliya futvolleyçiləri bu növ üzrə dünyanın ən güclüləri sayılırlar. Yarışda səviyyəli komandalar iştirak etdiyinə görə burda əsl idman mübarizəsi izlədik".
Braziliyanın ən fəal oyunçusu, vaxtilə peşəkar səviyyədə böyük futbolla məşğul olmuş üzvü Anderson Aquinyo da mikrofonlar önünə keçib, ağlındakıları dilinə gətirdi: “Azərbaycanda olmaqdan məmnunam. Bakı turnirinə dəvət alanda məmnuniyyətlə qəbul etdim. Azərbaycan komandasının oyununu ilk dəfə gördüm. Yaxşı komandanız var. Belə beynəlxalq yarışlarda mübarizə aparmaq komandanıza böyük təcrübə qazandırır. Azərbaycan yığmasının böyük uğurlara imza atacağına inanıram. Bakıda beynəlxalq turnirin yüksək səviyyədə təşkil edildiyini, yarışın baş tutması üçün bütün lazımi işlərin peşəkarlıqla həyata keçirildiyini də qeyd etməliyəm”.
Xatırlayırsızsa, AFNA-nın baş katibi Əfqan Həmzəyev turnirlə bağlı qəzetimizə verdiyi açıqlamada məlum yarışın açılış və bağlanış mərasimlərində Nihat Kahveci, Didye Droqba, Maykl Essyen kimi futbol ulduzlarının iştirakının mümkünlüyündən danışmışdı. Lakin bu adlardan heç biri Bakıya təşrif buyurmadı. Maraqlandıq və məlum oldu ki, Nihat Kahveci ilkin danışıqda paytaxtımıza səfər etməyə razı olub. Hətta işin maliyyə tərəfi də razılaşdırılıb. Lakin bir neçə gün keçəndən sonra Türkiyə millisinin sabiq üzvü təşkilatçılara “qiymət oxuyub”. Belədə onun gəlişi məqsədəuyğun sayılmayıb. Drqobayla Essyenə gəlincə, quruma yaxın şəxslərdən biri bu iki futbolçudan birini Bakıya gətirmək iqtidarında olduğunu desə də, verdiyi sözün arxasında dura bilməyib.
Sonda maraq üçün onu da qeyd edək ki, məlum yarışın keçirilməsi üçün təxminən 30 min manat xərclənib.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR