Cavid İmamverdiyevin suallara cavab verməyə cəsarəti çatmadı
Şənbə günü çoxları dünya çempionatının bürünc medalı uğrunda Belçika və İngiltərənin mübarizəsini izləyərkən bir qism azarkeş “Əlincə Arena”ya toplaşmışdı. 100-ə yaxın tamaşaçı “Sabah” – “Zirə” oyununu izləyirdi. Bu, elitanın debütantının Türkiyə səfəri ərəfəsində son yoxlama görüşü idi. Elşad Əhmədovun komandası daha öncə “Səbail”lə heç-heçə etmiş (1:1) və “Sumqayıt”a uduzmuşdu – 0:2. Mütəxəssis bu qarşılaşmada aşağıdakı futbolçuları start heyətində meydana buraxmışdı:
30. Saşa Stamenkoviç, 4. Tərzin Cahangirov, 5. Kərim Diniyev, 7. Vitali Kvaşuk, 8. Elşən Abdullayev, 11. Elgün Nəbiyev, 13. Filip İvanoviç, 19. Məqsəd İsayev, 21. Novruz Məmmədov, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov.
Ayxan Abbasovun start “11-liy”i isə belə idi: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 39. Sadiq Quliyev, 21. Xalid Mesfin, 2. İlkin Qırtımov, 6. Vüqar Mustafayev, 87. Müşviq İlyasov, 14. Tellur Mütəlliov, 17. Vüsal İsgəndərli, 77. Mirsahib Abbasov, 9. Aleksandr Dedov.
Hər iki çalışdırıcı heyətdə çoxlu dəyişikliklər etdi. Qonaqlardan Sadio Tounkara, İlkin Muradov, Tapdıq Əhmədov, Kamal Bayramov, Daniel Odey, Edvard Akvesi, Əmrah Bayramov, İbrahim Aslanlı və Kənan Zülfüqarov, meydan sahiblərindən isə Tərlan Əhmədli, Ülvi İbazadə, Vadim Abdullayev, Cavid İmamverdiyev, Tural Qürbətov, Yosip Baliç, Elvin Həsənəliyev və Elvin Bədəlov qazona ayaq basdı. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qapılara cəmi 2 top vuruldu. İlk hissədə Dedov penaltidən fərqləndisə, ikinci yarıda dirəkdən dönən topu İlyasov tora qovuşdurdu. Beləliklə, “Zirə” 2:0 hesablı qələbəyə sevindi. Matçda diqqəti çəkən məqamlardan biri Tounkaranın söyüş söydüyünə görə meydandan qovulması oldu. Baş hakim Əliyar Ağayev Sadionu nalayiq ifadəyə görə bağışlamadı. Ancaq yoxlama oyunu olduğundan qarşılıqlı razılıq əsasında qonaqlar azlıqda qalmadı və Tounkaranın yerinə başqa futbolçu meydana çıxdı. Sadionun oyundan sonra baş məşqçidən üzr istəməsi və gənc mütəxəssisin komandada belə hərəkətlərin yol verilməz olduğunu deməsi də diqqətimizdən yayınmadı. Bu oyunda Abbasov baxışda olan iki qanalını – Daniel Odeylə Edvard Akvesini də sınaqdan keçirdi.
“Sabah”a gəlincə, “7 nömrə”yə sahib çıxan Vitali Kvaşuku ilk dəfə iş başında gördük. Ukraynalı futbolçu pis təsir bağışlamadı. Cəld və texnikalı olduğunu hiss etdirdi. Komandaya böyük fayda verə bilər. Onun ikinci hissədə əlindən zədələndiyini də qeyd edib, keçək Cavid İmamverdiyevə. Sözsüz, əsas diqqətlər sürpriz şəkildə “Sumqayıt”ı “Sabah”a dəyişən yarımmüdafiəçiyə yönəlmişdi. Yeni komandasında “10 nömrə”yə sahib çıxan yığma üzvü “Zirə” ilə matçda formadan düşmədiyini göstərdi. Ancaq oyundan sonra müsahibə verməkdən boyun qaçırmaqla hörmətsizlik etdi. Adama deyərlər ki, qəbahət bir işin yoxdusa, niyə mətbuatdan qaçırsan? Bəlkə də “legioner həyatı yaşamaq şansın ola-ola, niyə “Sabah”a keçdin” sualına cavab verə bilməyəcəyini anladığına görə vəziyyətdən çıxış yolunu susmaqda gördü…
Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisinin fikirlərini öyrəndik.
Elşad Əhmədov: “Futbolçular yorğun görünür. Bunu da başa düşmək olar. Çünki bu təlim-məşq toplanışında daha çox fiziki hazırlıq üzərində işləmişik. Bakıdakı toplanışın son mərhələsiydi. Türkiyədə fiziki yüklənmə olmayacaq. Məşqlərin intensivliyini azaldıb, ordakı yoxlama oyunlarına daha təravətli çıxmağa çalışacağıq. Bu gün “Zirə” bizdən güclü görünürdü və layiqli qələbə qazandı. Hələ oyun fəlsəfəmi komandaya tam aşılaya bilməmişəm. Buna bir az vaxt lazımdı. Cavid hələ tam hazır olmadığından son 25-30 dəqiqədə meydana buraxdım. Tam hazır olandan sonra komandaya böyük fayda verəcək. Hücumçu və sol cinah müdafiəçisi axtarışı davam edir. Baxışda olan iki yerli futbolçu var. Onları da Türkiyəyə aparacağıq. Yekun qərarı orda verə bilərik”.
Ayxan Abbasov: “Məşqlərimizin tempini artırmışdıq. Bizə belə oyun lazım idi. Bu görüşdə futbolçuların qarşısına qoyulan vəzifə tempi yüksək səviyyədə saxlamaq idi. İsti havada bunu etmək çətindi. Məncə, normal oyun getdi. İstədiyimiz tempi aldıq. Bu gün bizim üçün nəticə önəmli deyildi. Futbolçuların meydandakı hərəkətliliyini, yorğun durumda verilən qərarları görmək istəyirdik. İstədiyimizi ala bildik. Baxışda olan qanalılar, yəqin ki, komandamızda qalmayacaq. Jozef Bum və Riçard Qadze “Zirə”yə çox fayda verib. Ancaq onların yerini doldurmağa çalışacağıq. İndidən növbəti mövsümlə bağlı proqnoz vermək tezdi. Çünki hələ transferlərimiz başa çatmayıb. Bildiyiniz kimi, iki əcnəbini heyətimizə qatmışıq. Ancaq komandaya yeni qoşulduqlarından bu gün meydana çıxmadılar. Bəli, bu il çətin olacaq. Çünki premyer-liqanın digər iştirakçıları da yaxşı transferlər edib. Avrokuboklarda oynayanlar var. Onların sırasına daxil olmaq bizim üçün çətin olsa da, təslim olmaq fikrimiz yoxdu. “Zirə”nin əzmkarlığını göstərməyə çalışacağıq. Hücumçu və stopper axtarışımız davam edir”.
Yeri gəlmişkən, iyulun 13-də bu komandaların əvəzediciləri üz-üzə gəlib. Binə stadionunda keçirilən yoxlama oyununda qalib müəyyənləşməyib – 1:1. “Sabah”dan Kənan Həsənov, “Zirə”dən isə Ülvi İbrahimov fərqlənib.
SƏRXAN