Sizin reklam burada

“Proqres”lə ilk oyun moldovalılara tapşırıldı

Baxış Sayı:509

“Proqres”lə ilk oyun moldovalılara tapşırıldı
“Qəbələ” 4-cü oyun üçün rəqib tapa bilmədi
“Qəbələ”nin Sloveniyada təşkil olunan təlim-məşq toplanışı dünən başa çatıb. Hazırlığın 14-cü günündə “qırmızı-qaralar” bir məşqlə kifayətlənib. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən məşq günün ikinci yarısında baş tutub. Öncə fiziki təmrinləri yerinə yetirən futbolçular ardınca toplu çalışmaları icra edib.
Toqonun ən yaxşı gənc futbolçusu
Bu arada “qırmızı-qaralar” heyətə daha bir legioner cəlb edib. Onlar toqolu Lalavele Atakoranı heyətinə qatıb. 28 yaşlı yarımmüdafiəçi ilə “1+1” şərti ilə müqavilə imzalanıb. Xatırladaq ki, bu, bölgə təmsilçisinin mövsümlərarası fasilədə rənglərinə bağladığı 3-cü əcnəbi oyunçudu. Belə ki, buna qədər ötən mövsümün gümüş medalçısı albaniyalı müdafiəçi Sabien Lilay və nigeriyalı hücumçu Ceyms Adeniyi ilə ortaq məxrəcə gəlib.
Toqolu yarımmüdafiəçiyə gəlincə, 19 yaşından Avropada legioner həyatı yaşayan Atakora 2009-cu ildə Norveç təmsilçisi “Fredrikstad”a keçib. 2009-10-cu illərdə bu klubda çıxış edən yarımmüdafiəçi İsveçdə “Varnamo” (2010), AİK (2011-14) və “Helsinqborq”un (2015-16) formasını geyib. AİK-in heyətində Avropa Liqasında 9 oyun keçirib. 2013/14 mövsümünü icarə əsasında Türkiyə “Balıkəsirspor”unda keçirən Lalavelenin son komandası da qonşu ölkədə olub. Atakora ötən mövsüm “Adana Dəmirspor”un heyətində ümumilikdə 33 qarşılaşmada 3 qol vurub. Milli ilə 2007-ci ildə Toqoda keçirilən 17 yaşadək futbolçular arasında Afrika çempionatında iştirak edən Atakora turnirin gümüş mükafatını qazanıb, həmçinin ən yaxşı futbolçusu seçilib. O, Toqo yığmasının heyətində həmin il keçirilən yeniyetmələrin dünya çempionatına da qatılıb. 2008-ci ildə Toqonun ən yaxşı gənc futbolçusu adına yiyələnən yarımmüdafiəçi 2011-də ölkəsinin əsas milli komandasında debüt edib və bu komandada 13 oyunda 1 qol vurub.
“Proqres”lə ilk oyun moldovalılara tapşırıldı
Srağagün “Proqres”lə Avropa Liqası çərçivəsində ev oyununun hakimləri açıqlanıb. İyulun 12-də keçiriləcək qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək. Referi Vyaçeslav Banariyə həmvətənləri Vasili Yermişinlə Dimitri Çobanu yardım edəcək. Matçın dördüncü hakimi Andrey Kojakaru olacaq. Xorvat İqor Pristovnik hakim-inspektor, hürcü Nikolos Jqarkava UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
43 yaşını fevralın 1-də tamamlayan FİFA referisi ilk dəfə 2003-cü ildə beynəlxalq arenada debüt edib. 15 ildə 41 matçda əsas söz sahibi olub. Banari bu matçlarda 173 sarı vərəqə göstərməklə yadda qalıb. Onlardan 80-i meydan sahiblərinin, 93-ü qonaqların payına düşür. Moldovalı ədalət təmsilçisi 13 futbolçunu meydandan qovmaqla yadda qalıb. “Qırmızı”nın nisbəti isə belədi - 6-7. Penaltilərə gəlincə, çox qəribədi ki, referi meydan sahiblərinə münasibətdə daha amansızdı. Ümumilikdə 9 dəfə “nöqtə”ni göstərən Banari 6 halda azarkeşlərinin gözü önündə oynayan komandanı, 3 dəfə isə rəqibi məyus edib.
Üçüncü oyunda uduzdular
İyunun 20-dən Sloveniyada olan “Qəbələ” dünən toplanış çərçivəsində 3-cü oyunu keçirib. Rəqib “Krakoviya” idi. Polşa çempionatının son mövsümündə 9-cu yeri tutun 112 yaşlı klubla görüş Bakı vaxtı ilə saat 20.00-da başlayıb. Sənan Qurbanovun start heyəti belə olub: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 88. Sabien Lilay, 11. Asif Məmmədov, 28. Stiven Jozef-Monroz, 10. Rauf Əliyev, 18. İlqar Qurbanov, 19. Ceyms Adeniyi.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 7. Roman Hüseynov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 26. Faiq Hacıyev, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 89. Abbas Ağazadə.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun taleyini bir qol həll edib. İlk yarıda hesabı açan Polşa təmsilçisi üstünlüyünü matçın sonuna kimi qoruya bilib. İkinci hissəsində hər iki komanda oyunçu dəyişiklikləri gerçəkləşdirib. “Qəbələ”nin heyətində Qismət Alıyev, Elvin Camalov, Rasim Ramaldanov və Roman Hüseynov meydana çıxıb. Sonadək mübarizə aparan “qırmızı-qaralar” hesabda tarazlıq yaratmağa çalışsa da, rəqib qapısına yol tapa bilməyib. Beləliklə, “Qəbələ” Sloveniyadakı sonuncu yoxlama oyununda “Krakoviya”ya 0:1 hesabıyla uduzub. Maraqlıdı ki, ölkə çempionu “Qarabağ” kimi, gümüş medalçı da toplanışdan qələbəsiz qayıdır. Və daha bir maraqlı məqam: Sloveniya toplanışı başlayarkən “Qəbələ”nin dörd oyun keçiriləcəyi deyilmişdi, həmin oyunlar iyunun 23-ü, 28-i və iyulun 1-i, 5-nə nəzərdə tutulmuşdu. Bu gün vətənə dönəcək “Qəbələ”, göründüyü kimi, 4-cü oyun üçün rəqib tapa bilməyib.
Sənan Qurbanovun son oyunla bağlı fikirləri: “Oyunun gedişində bəzi səhvlər buraxdıq. Rəqib də bu boşluqlardan yararlandı. Səhvlərimizi yoxlama oyununda gördük. Qarşılaşmanı təhlil edib, həmin çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Buna baxmayaraq, qol imkanlarımız da oldu. Lakin bundan istifadə edə bilmədik. Yoxlama oyunundakı səhvlərin rəsmi matçlarda təkrarlanmaması üçün çalışacağıq”.
Qurbanov mövsümlərarası hazırlıq prosesi barədə də fikirlərini bildirib: “İyunun 12-dən başlayan hazırlıq prosesi bizim üçün faydalı oldu. Komanda üzvləri məşqlərdə səylə çalışdı. Bunun faydasını qarşıdakı görüşlərdə görəcəyik. Toplanışın səmərəli keçməsi bizə meydanda daha hərəkətli, daha güclü olmaq imkanı verdi. Avropa Liqasındakı ilk oyuna qədər vaxtımız var. İyulun 12-dək hər gündən, hər məşqdən səmərəli istifadə edəcəyik”.
Sonda xatırladaq ki, “Qəbələ” Bakıda MOİK-lə yoldaşlıq oyunu (1:1) keçirəndən sonra Sloveniyaya yollanmışdı. Orda isə dünənki oyuna qədər Albaniya “Kukesi”si (1:1) və Xorvatiya “Dinamo”su (0:2) ilə qarşılaşmışdı.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR