Sizin reklam burada

AÇ sürprizlə başladı

Baxış Sayı:824

AÇ sürprizlə başladı
Çərşənbə axşamı futzal üzrə Avropa çempionatına start verilib. Sloveniyada keçirilən final mərhələsi sürprizlərlə başlayıb. İlk oyun günündə iki qarşılaşma baş tutub ki, açılış oyununda A qrupunda yer alan meydan sahibləri Serbiya ilə üz-üzə gəlib. Qarşılaşma qollu bərabərliklə nəticələnib. B qrupu çərçivəsində keçirilən Rusiya – Polşa matçında da qalib müəyyənləşməyib – 1:1. Xüsusilə rusların büdrəməsi sürpriz sayılmalıdı. Qələbəni sona 9 saniyə qalmış əldən verən şimal qonşularımızın qrupdakı digər rəqibi Qazaxıstandı. Hansı ki, ötən ay bu komandalar İsfahan turnirində üz-üzə gəlmiş və görüş 2:2 bitmişdi.
Dünən isə C və D qruplarının hərəsində 1 oyun baş tutub. Portuqaliya Rumıniya ilə, həmçinin millimizin rəqibləri İspaniya və Fransa üz-üzə gəlib.
AÇ-2018
Final mərhələsi
A qrupu: Sloveniya, İtaliya, Serbiya
B qrupu: Rusiya, Qazaxıstan, Polşa
C qrupu: Portuqaliya, Ukrayna, Rumıniya
D qrupu: İspaniya, Azərbaycan, Fransa
1-ci tur
30 yanvar
21.00. Sloveniya – Serbiya 2:2
23.45. Rusiya – Polşa 1:1
31 yanvar
21.00. Portuqaliya – Rumıniya 4:1
23.45. İspaniya – Fransa 4:4
Bu gün 2-ci tura start veriləcək:
2-ci tur
1 fevral
21.00. Polşa – Qazaxıstan
23.45. Serbiya – İtaliya

Yığma üzvləri açılış oyunlarında
Avropa çempionatının açılış oyunlarını millimizin üzvləri də izləyib. Sloveniya və Serbiyanın matçından sonra komandanın əksər üzvləri günün ikinci oyunu olan Rusiya – Polşa duelinə də tamaşa ediblər. Qeyd edək ki, Joze Alesio da Silvanın yetirmələri çempionatda ilk oyununu fevarlın 2-də Fransaya, ikinci oyunu 2 gün sonra İspaniyaya qarşı keçirəcək.

AÇ-dən rəqəmli tablo
UEFA yanvarın 30-da Sloveniyanın paytaxtı Lyublyanada start götürən 11-ci Avropa çempionatı ilə bağlı statistik göstəriciləri təqdim edib. Qitə futbol qurumunun birinciliyi işıqlandıracaq media nümayəndələri üçün hazırladığı “Media bələdçi”nin materialını diqqətinizə çatdırırıq:
* İndiyə qədər seçmə mərhələlərdə ən böyükhesablı nəticə iki postsovet ölkəsinin iştirakı ilə baş tutan matçda qeydə alınıb. Rusiya Moldovanın qapısından nə az-nə çox - düz 31 cavabsız top keçirib. Bu matç 1996-cı ildə baş tutub. Final mərhələlərində isə ən acımasız komanda 7 dəfə Avropa çempionu olan İspaniya millisidi. Onlar 2010-cu ildə Macarıstanda keçirilən həlledici raundda Belarusu 9:1 hesabı ilə yeniblər. Bu göstərici indiyə qədər final mərhələsində qeydə alınmış ən böyükhesablı nəticədi.
* Bir oyunda ən çox fərqlənən futzalçı Konstantin Yeryomenkodu. Rusiya millisinin üzvü 1996-cı ildə Moldova ilə keçirilən və 31:0 hesabı ilə başa çatan oyunda komandasının 7 qoluna imza atıb. Final mərhələsində isə Sergey Koridze hamını qabaqlayır. Ukraynalı oyunçu 2003-cü ildə Portuqaliya ilə dueldə 5 qol vurub.
* Maraqlıdı ki, hazırlanan statistik məlumatlar arasında Azərbaycan millisi və oyunçusu ilə bağlı da göstərici var. Belə ki, Felipe Avropa çempionatları tarixinin ən erkən qolunu vurub. Yığmamızın sabiq 5 nömrəsi 2012-ci ildə Xorvatiyada təşkil edilən həlledici mərhələnin qrup oyununda 8-ci saniyədə fərqlənib. O, Serbiyanı meydanın mərkəzinə erkən dəvət edib. Hələ ki onun bu göstəricidəki rekordunu yenilənən yoxdu. Millimizlə bağlı digər statistik göstərici də serblərlə görüşə aiddi. Belə ki, bu komandaların Xorvatiyadakı məşhur oyunu məhsuldarlığına görə seçilir. Komandamızın 8:9 hesabı ilə məğlub olduğu matçda 17 qol vurulub ki, bu da final mərhələsində qeydə alınan ən bol qollu qarşılaşmadı.
* Final mərhələlərində ümumilikdə ən çox qol 2016-cı ilin yanvarında Serbiyada təşkil edilən qitə birinciliyində vurulub. Ümumilikdə 129 dəfə qapıçılar topu tordan çıxarıb. Bu da hər oyuna orta hesabla 6,45 qol deməkdi.
* Bombardirlərin yarışına gəlincə, final mərhələlərində ümumilikdə ən çox qol vuran futzalçı Konstantin Yeryomenkodu. Rusiyalı forvard rəqib qapıçıları 20 dəfə məyus edib. Bu göstəricidə ikinci pillənin sahibi Danieldi. İspaniyalı futzalçının hesabında 16 qol var. Seçmə mərhələdəki göstəriciləri də əlavə etsək, lider yenə dəyişmir. Belə ki, Yeryomenko 44 qolla hamını qabalayır. Ancaq belədə izləyicisi ispan yox, Ukrayna futzalçısıdı. Belə ki, 39 qol vuran Sergey Koridze ikinci pillədə qərarlaşıb.
* Final mərhələlərinin ən çox iştirakçısı İspaniyanın iki üzvüdü. Söhbət Luis Amado və Kikedən gedir. Birinci 33, ikinci isə 29 matçda iştirak edib.
* Futzal üzrə Avropa çempionatlarının final mərhələsində ən çox azarkeşin zaldan izlədiyi oyun isə Xorvatiya və Rusiya arasında baş tutub. 2012-ci ildə Zaqrebdə keçirilən qarşılaşmanı 14300 tamaşaçı izləyib. Amma final mərhələsini izləyənlərin ümumi göstəricisində Serbiya öndədi. İki il əvvəl bu ölkədə təşkil edilən həlledici mərhələdə oyunları tribunadan 113820 nəfər izləyib. Bu, hələ ki ən yüksək tamaşaçı sayıdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR