Sizin reklam burada

“Səbail” Antalyaya getdi

Baxış Sayı:616

“Səbail” Antalyaya getdi
Samir Əliyev: “Onlar baxışa yox, birbaşa müqaviləyə gələcəklər"
Yanvarın 18-də "Sumqayıt"la yoxlama oyunu keçirən "Səbail" bununla da qış hazırlığının Bakı mərhələsini başa vurdu. Şənbə günü isə Samir Əliyevin komandası hazırlığın əsas mərhələsi üçün Türkiyəyə yollanıb. Paytaxt təmsilçisi ayın 20-də Bakı – İstanbul - Antalya hava reysiylə qardaş ölkəyə üz tutub. "Mirakl" otelində məskunlaşan komandanın hazırlığında 26 futbolçu olacaq. Ancaq onlardan ikisi məşqlərə sonradan qoşulacaq. Bunlar U-21 yığmasının Antalyada təlim-məşq toplanışında iştirak edən yarımmüdafiəçilər Fəhmin Muradbəyli ilə Murtuz Abakarovdu. Onlar yığmanın hazırlığı bitəndən sonra - yanvarın 26-da Albaniyanın U-21 yığmasıyla yoldaşlıq görüşündən sonra "Səbail"in düşərgəsinə qayıdacaq. Debütant baxışda olan gürcü müdafiəçi Nikolas Apakidzeni də Antalya toplanışına aparıb.
Səfər ərəfəsində qəzetimizə açıqlama verən komandanın baş məşqçisi Samir Əliyev mərkəz müdafiəçisini Türkiyədə də sınayacağını bildirdi: "Onunla bağlı tam qərar verməmişik. Açığı, bu legionerin futbolçu kimi yaxşı keyfiyyətləri var. Ancaq hələ vaxtımız var, tələsmirik. Nikolası Antalyada keçirəcəyimiz yoxlama oyunlarında bir daha sınaqdan keçirəcəyik. Həmin vaxt onunla bağlı yekun qərarımızı verəcəyik".
Qeyd edək ki, ötən yaydan Gürcüstanın birinci divizion təmsilçisi “Rustavi”nin şərəfini qoruyan, 18 oyunda 1476 dəqiqə meydanda olan və 1 qol ilə yadda qalan Apakidze ölkəsinin U-17, U-19 və U-21 yığmalarında da oynayıb.
Samir Əliyev yerli transferləri başa vurduqlarını, bundan sonra legionerlərin keçidinə çalışacaqlarını açıqladı: "Son olaraq, Ruslan Əmircanovla anlaşdıq. Onunla cari mövsümün sonunadək rəsmi müqavilə imzalamışıq. Antalyada düşərgəmizdə yeni legionerlər olacaq. Ancaq onlar baxışa yox, birbaşa müqaviləyə gələcəklər".
Xatırladaq ki, "Səbail" Antalyada 2 həfətlik toplanış çərçivəsində dörd yoxlama oyunu keçirəcək. Paytaxt klubunun rəqibləri Ukrayna, Serbiya, Bolqarıstan və Slovakiyanın yüksək liqa təmsilçiləri olacaq.
"Səbail"in Antalyada ilk sınaq matçı yanvarın 23-də Odessa "Çernomorets"inə qarşı olacaq. Ukraynalılar daha öncədən Antalyaya yollanıb. Qış fasiləsinə 10-cu pillədə yollanan "Çernomorets" ilk yoxlama oyununda Qazaxıstan "İrtış"ına 0:1 hesabıyla uduzub.
Yeri gəlmişkən, "Qəbələ"nin ukraynalı sabiq legioneri Aleksey Antonov hazırda odessalıların heyətində çıxış edir. Hücumçu Ukrayna mətbuatına açıqlamasında Antalyadakı hava şəraitindən gileylənib. 32 yaşlı forvard təlim-məşq toplanışına iqlim amilinin təsirindən danışıb: "Burda külək, fırtınadı, bəlkə bura belə havanı biz gətirmişik? İşləmək çətindi, çox güclü küləkdi. Ancaq istənilən halda, bu, soyuqda məşq etməkdən yaxşıdı".
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR