Sizin reklam burada

“Marafon”lular Renatın etirazına qoşuldular

Baxış Sayı:460

“Marafon”lular Renatın etirazına qoşuldular
Seymur Məmmədov: “Məsləhət bilməyib, çağırmayıb” deyib keçmək olardı, ancaq...”
Futzal yığmamızın baş məşqçisi Joze Alesio da Silvanın Avropa çempionatı üçün heyət seçimi narazılıqla müşayiət olunur. Liderin ən yaxın izləyicisi “Marafon”un üzvlərindən heç kimin heyətə düşməməsi birmənalı qəbul olunmur. Halbuki turnir cədvəlində debütantdan aşağı pillələrdə qərarlaşan “Ekol” və “Neftçi”dən bir neçə nəfər dəvətlilər siyahısındadı. Düzdü, Alesio “İtaldizayn”dan Faiq Əliyev və Nihat İsmayılovu, “Neftçi”dən Rüfət Balakişiyevi də yığmaya layiq bilmir. Halbuki Biro Jade onlara güvənir, şans verirdi. Ancaq indiki məqamda “Marafon”lular haqq səsini qaldırır. Qəzetimizin ötən sayında komandanın kapitanı, paralel olaraq, çimərlik yığmasında oynayan, Ceyhun Sultanovun qardaşı Renatın müsahibəsini təqdim etmişdik. Renat Alesionu “topa tutmuş”, faktlarla onun ünvanına ittiham səsləndirmişdi. Kapitan eyni zamanda komanda yoldaşlarının adını çəkmiş, onların da yığmada oynamağı haqq etdiyini bildirmişdi. Özümüz də Seymur Məmmədovla İlkin Hacıyevi arayıb, braziliyalı mütəxəssisin seçiminə reaksiyasını öyrənməyə çalışdıq.
Öncə İlkinin münasibətini eşidək: “Açığı, heç münasibət bildirmək istəmirəm, çünki mənasızdı. Bundan sonra heç nə dəyişən deyil. Hamı hər şeyi görür, münasibət göz qabağındadı. Hamımıza qaranlıq qalıb, nəyə görə bizim komandadan heç kimə dəvət göndərilməyib. Toplanışın ilkin mərhələsinə çağırıb adımızı yekun siyahıya salmasaydı, hardasa başa düşərdik. Alesio ilk növbədə seçimini bizim komandanın oyunçularından etməliydi. Çünki “Araz” qədər bizdə də yerli uşaq var və legionerlərlə eyni səviyyədəyik. Hətta ilk “4-lük”də yerlilər üstünlük təşkil edir. Belə görünür ki, biz bilmədiyimiz hansısa problem var. Amma bu dəqiqdi ki, problem bizlə yox, Alesio ilə bağlıdı. Bizim rəhbərlik bu barədə heç nə demir, peşəkar davranırlar. Gözləyirlər ki, hadisələrin axarı necə olacaq. Əslində bu məsələdə əsas iş medianın üzərinə düşür. Siz baş məşqçidən soruşun, görək seçimini necə izah edir?”
Təcrübəli Seymur Məmmədov yığmaya baş məşqçinin məsuliyyət daşıdığını və normalda hər kəsin onun qərarına hörmət etməli olduğunu deyir. Bir şərtlə ki, seçim ədalətli olsun: “Yığma elə yerdi ki, ora seçim hərtərəfli götür-qoydan sonra edilməlidi. Biz azərbaycanlıyıq və milli formanı geymək bizim də haqqımızdı. Avropa çempionatında komandaya ziyanımız dəyməzdi. Hər şey baş məşqçinin qərarından asılıdı və normalda hər kəs onun qərarına hörmət etməlidi. “Məsləhət bilməyib, çağırmayıb” deyib keçmək olardı. Ancaq milliyə çempionatın bombardirinin, 2-ci yerdə qərarlaşan komandadan heç kimin dəvət edilməməsi gülüncdü. Əlimizdən nə gəlir? Dünyanın sonu deyil. Artıq klubumuzda məşqlərə başlamışıq və ikinci dövrəyə hazırlaşırıq. Fikrimi öz komandama yönəltmişəm. Qış fasiləsindən sonra da sübut edəcəyik ki, milliyə layiqik. Ölkəmizi Avropa çempionatında təmsil edəcək futzalçılarımıza uğur arzulayıram. İnanıram ki, layiqli şəkildə çıxış edəcək, qrupdan çıxıb pley-offda mübarizə aparacaq, finallara qalacaqlar. Orda olub-olmamağımızdan asılı olmayaraq, yığmamıza azarkeşlik edəcəyik. Hamımızın komandasıdı, həm də orda dostlarımız çıxış edir”.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR