Sizin reklam burada

“Araz” mübarizəni dayandırdı...

Baxış Sayı:567

“Araz” mübarizəni dayandırdı...
Son 10 ildə belə uğursuzluq olmamışdı!
UEFA Futzal kuboku
Əsas mərhələ, 8-ci qrup
Araz (Azərbaycan) – Deva (Rumıniya) 3:6 (1:3)

Araz: 1. Rövşən Hüseynli, 3. Tyaqo, 5. Qabriel, 6. Eduardo, 8. Rizvan Fərzəliyev (k); 12. Emin Kürdov, 7. Ramiz Çovdarov, 9. Oktay Rüstəmli, 11. Xətai Bağırov, 15. Vilela, 17. İsa Atayev.
Baş məşqçi: Joze Alesio da Silva.
Deva: 20. Toni Tonita, 2. Andrian Panzaru, 5. Marius Matey (k), 10. Kristian Obada, 14. Paul Ferreyra; 1. Raul Filimon, 7. Dumitru Stoitsa, 8. Quyliano Zabar Kovaç, 11. Florin İqnat, 16. Serciu Takot, 17. Alpar Ksoma, 19. Florin Matey.
Baş məşqçi: Marko Lopez.
Qol: F.Matey, 6 (0:1). Vilela, 8 (1:1). F.İqnat, 18 (1:2). F.Matey, 19 (1:3). A.Panzaru, 24 (1:4). Tyaqo, 31 (2:4). T.Tonita, 38 (2:5). F.Matey, 39 (2:6). R.Çovdarov, 39 (3:6).
Vərəqələr: Vilela, 5. F.İqnat, 5. D.Stoitsa, 9. İ.Atayev, 39 - sarı.
Hakimlər: Tomaş Frank (Polşa), İbrahim Əl Jilali (Hollandiya), Şota Kukilava (Gürcüstan).
Hakim-inspektor: Perri Qautyer (Belçika).
UEFA nümayəndəsi: Vladimir Badura (Slovakiya).
14 oktyabr. Deva. İdman Sarayı.
Futzal üzrə UEFA kubokunun əsas mərhələsinə dünən yekun vuruldu. Azərbaycanın futzal ictimaiyyəti üçün isə hər şey şənbə günü bitdi. Həm də çox acı sonluqla... “Araz” qrupda keçirdiyi son oyunda uduzaraq, mübarizəni dayandırdı. Halbuki meydan sahibi “Deva” ilə görüş ərəfəsində naxçıvanlıların “çörəyinin üstünə yağ sürtülmüşdü”. Rumınlar 2-ci turda “Mostar”a uduzmuşdu. Ancaq belə görünür, bizimkilər “tələyə salınıb”. Meydan sahibləri bilirdi ki, qrupdan çıxmaq üçün əsas mübarizə “Araz”la son oyunda gedəcək. Odu ki, ilk oyunda qələbə qazanan “Deva” 2-ci turda çox güc sərf etmədən son qarşılaşmaya səfərbər olmuşdu. Joze Alesio və yetirmələri isə heç-heçəylə belə liderliyi təmin edəcəyini düşünürdülər, son oyunda başına gələcəklərindən xəbərsiz idilər.
Əslində “Araz” istər Bakıdakı yoldaşlıq görüşlərində və çempionat oyunlarında, istərsə də Malta çempionuyla qarşılaşmada xeyli zəif təsir bağışlamaqla uğursuzluğun mesajını vermişdi. UEFA kubokundakı ilk iki oyunda komandanı Maykon arxasınca daşıyır, problemləri “maskalayırdı”. “Araz” “Deva” ilə görüşə “Mostar” və “Luksol”la oyunlarda ümumilikdə 6 qol vuran braziliyasız çıxmalı oldu. Maykon sarı vərəqə cəzalısı olduğuna görə qarşılaşmanı tribunadan izləyirdi.
6-cı dəqiqədə meydan sahibləri hesabı açsa da, təmsilçimiz 2 dəqiqə sonra “status-kvo”nu bərpa edə bildi. Mateyə Vilelanın qoluyla cavab verən “Araz” fasilə ərəfəsində şok yaşadı. Rumınlar 2 dəqiqə ərzində daha 2 qol vurmağı bacardı. Əvvəlcə İqnat, ardınca yenə Matey fərqləndi.
İkinci hissəyə “Araz” fəal başlasa da, qonaqlar hesab arasındakı fərqi artırmaqla komandamızın işini daha çətinə saldı. 24-cü dəqiqədə Panzaru hesabı 4:1-ə çatdırdı. 30-cu dəqiqədə Tyaqo rəqib torunu silkələməklə komandasını ruhlandırsa da, ardıcıl hücumlar nəticəsiz qaldı. Son dəqiqələrdə Alesio özünəməxsus taktikaya əl atıb 5 meydan oyunçusu ilə oynamağa başladı ki, matçı xilas etməyə çalışan mütəxəssisin riski əks-effekt verdi. Nəticədə “Araz” sona 2 dəqiqə qalmış daha 2 top buraxmaqla xal qazanmaq və elit-raunda yüksəlmək şansını əldən verdi.
Beləliklə, Naxçıvan təmsilçisi son 10 ilin ən uğursuz nəticəsi ilə yadda qaldı. 2007/08-dən bu yana, UEFA kubokunda təmsil olunmadığımız 2015/16 mövsümünü nəzərə almasaq, hər dəfə elit mərhələdə iştirak edə bilmişdik. Uğursuzluq klub turniri ilə bağlı olsa, futzalçılarımızı bağışlamaq olar. Ancaq belə oyunla bizi Avropa çempionatında daha böyük fəlakət gözləyir.
Mübarizəni dayandıran komandanın baş məşqçisi Joze Alesio da Silvanın məğlubiyyət şərhinə gəlincə, oyunla bağlı Futzal Federasiyasının rəsmi “feysbuk” səhifəsinə açıqlama verən braziliyalı “nala-mıxa vurub”: “Pis oynadığımızı deyə bilmərəm. Əksinə, komandam rəqibdan üstün oyun nümayiş etdirdi. Təəssüf ki, yenə bəsit səhvlərə yol verdik və asan qollar buraxdıq. Əvəzində özümüz yaratdığımız epizodları sağa-sola xərclədik. Halbuki onları qola çevirmək lazım idi ki, sonda qələbəni biz bayram edək. Həm də rəqibin heyətində təcrübəli futzalçılar yer alır və onlar uzun müddətdi bir komandada çıxış edirlər. Meydanda anlaşma baxımından “Deva”nın üzvləri yaxşı mənada seçilirdilər”.
1. Deva 2 1 0 1 13-8 6
2. Araz 3 2 0 1 14-9 6
3. Luksol 3 1 0 2 11-13 3
4. Mostar 3 1 0 2 7-12 3
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR