Sizin reklam burada

“Qarabağ” “Tofiq Bəhramov”u Olimpiya stadionuna dəyişdi

Baxış Sayı:656

“Qarabağ” “Tofiq Bəhramov”u Olimpiya stadionuna dəyişdi
Nurlan İbrahimov: “Qrupdakı oyunların audutoriyası 50 min civarındadı”
"Qarabağ" Çempionlar Liqasında ev oyunlarını “Tofiq Bəramov”da yox, Olimpiya stadionunda keçirəcək. Halbuki ötən həftəyə kimi bu ehtimal istisna olunurdu. Hətta “Qəbələ” ilə 3-cü turun oyunundan sonra təşkil olunan mətbuat konfransında da Qurban Qurbanova bu barədə sual verilmiş, o isə “hər komandanın özünün stadionu var, hansı ki, həmin stadionda daha rahat oynayırlar. Biz də istəyərdik ki, azarkeşlərimiz 30 min yox, 70 min olsun. Bizə hətta “Azərsun Arena”da oynamaq daha çətindi, nəinki “Tofiq Bəhramov”da. Respublika stadionuna öyrəşmişik. biz UEFA-ya Respublika stadionunu sifariş vermişik” şəklində cavab vermişdi. Görünür, “Qarabağ” rəhbərliyi və baş məşqçi Qurban Qurbanov nəhayət, futbol ictimaiyyətinin (hətta ola bilsin, “yuxarılar”ın) təzyiqini nəzərə almalı olub.
Bu haqda mətbuatı əvvəlcə BOS-un mətbuat xidmətinin rəhbəri Cəmilə Sultanova məlumatlandırdı: "Əvvəldən də bildirmişdik ki, "Qarabağ"ın oyunlarını qəbul etməyə hazırıq. Hazırda bununla bağlı müzakirələr gedir və klubdan ediləcək açıqlamanı gözləyirik. Bunun rəsmiləşmək ehtimalı böyükdü. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov stadiona gəlmişdi, gəzdi, mövcud vəziyyətlə, ot örtüyü ilə yaxından tanış oldu. Qurban bəy meydanın vəziyyətindən razıdı. Klubdaxili müzakirələrdən sonra son qərar açıqlanacaq. Buna görə indidən biz tərəfdən konkret nəsə demək düzgün olmaz".
Dünən “Qarabağ”dan da stadion dəyişikliyi ilə bağlı rəsmi açıqlama aldıq. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu dinləyək: “Düzdü, əvvəl fikir başqa idi. Sırf komandanın mənafeyi baxımından məşqçilər komandanın öyrəşdiyi stadionda çıxışını məqsədəuyğun sayırdı. Ancaq çoxsaylı müraciətləri və təklifləri də nəzərə almalı olduq. “Çelsi”, “Roma” və “Atletiko”yla oyunlara azarkeş marağı həddən artıq böyükdü. Real durumu qiymətləndirəndə görürük ki, həqiqətən qrupdakı oyunların audutoriyası 50 min civarındadı. Qrupdakı oyunlar tərəfdarlar üçün bir ilk, bayram olacaq. Qərara aldıq ki, bu bayramımızda narazı qalan, oyunu izləməyən qalmasın. Buna görə UEFA-ya müraciət etdik”.
Düzdü, hələ məsələ tam dəqiqləşməyib. Ağdam klubunun müraciətinə cavab olaraq, qitənin ali futbol qurumu yaxın günlərdə Bakıya öz nümayəndələrini göndərəcək. Onlar BOS-un Çempionlar Liqasının qrup matçlarını qəbul etməyə nə dərəcədə hazır olduğunu yoxlayacaqlar. Bu barədə qərar da UEFA-nın Olimpiya stadionunda aparacağı yoxlamalardan sonra veriləcək. Avropalı qonaqların Bakıya səfərinin vaxtı hələ bilinmir. Amma sentyabrın 11-də qitənin ali futbol qurumunun başqa ekspertlərinin AÇ-2020-nin final mərhələsi ilə bağlı Azərbaycana əvvəlcədən nəzərdə tutulan səfəri olacaq. Səfər zamanı onlar Olimpiya stadionu ilə növbəti dəfə tanış olacaq, təklif və tövsiyələrini bildirəcəklər. İstisna deyil ki, məhz elə həmin nümayəndələr BOS-un ÇL-in oyununu qəbul etməyə hazır olub-olmaması ilə bağlı UEFA-ya rəylərini bildirsinlər. Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın Bakıdakı ilk rəqibi “Roma” olacaq ki, italiyalılarla oyun sentyabrın 27-də baş tutacaq.
MİRAĞA
P.S. Günün sonunda “Qarabağ”ın mətbuat xidmətindən aldığımız bilgiyə görə, UEFA qrup oyunlarının BOS-da keçirilməsinə razılıq verib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR