Sizin reklam burada

Futzal çempionatında durum futboldakından fərqlidi

Baxış Sayı:245

Futzal çempionatında durum futboldakından fərqlidi
Test start tarixi dəqiqləşəndən sonra keçiriləcək
Koronavirus pandemiyası səbəbindən dayandırılan Azərbaycan premyer-liqasının aqibəti yavaş-yavaş bəlli olur. Düzdü, hələlik çempionatın nə zaman bərpa olunacağı dəqiq deyil. Ancaq son günlərdə AFFA-nın təşəbbüsü ilə klubların və çempionat oyunlarına təyinat alan hakimlərin koronavirus testindən keçmələri mövsümün davam edəcəyi yönündə fikirlər formalaşdırır. Bununla yanaşı, Operativ Qərargahın ölkədə tətbiq etdiyi karantin rejimini hər keçən gün yumşaltması futbolun qayıdacağına işarədi. Artıq mövzu klubların məşqləri bərpa etməsi və ən qısa vaxtda çempionatın başlamasıdı. Düzdü, bu qərarda UEFA-nın milli federasiyalar üçün mayın 27-nə təyin etdiyi son müddətin də təsiri var. Bu səbəbdən də AFFA rəhbərliyi ikiqat məsluyyətli davranıb, qısa vaxtda premyer-liqanın aqibətini bəlli etməliydi. Hər halda, hadisələrin axarı yaxın vaxtda ölkə çempionatının bərpa olunacağını göstərir.
Futbolla bağlı hər nə qədər müəyyən irəliləyiş müşahidə olunsa da, futzalla bağlı eyni sözləri demək olmur. Üstəlik, ölkədə hələ də idman zallarının fəaliyyətinin bərpasına icazə verilməyib. Belə olan halda isə futzal üzrə ölkə çempionatının gələcəyi qeyri-müəyyən olaraq qalır. Çünki eynilə futbolda olduğu kimi, burda da klublar öncə məşqlərə, daha sonra mövsümə başlamalıdı. Yuxarıda qeyd etdiyimiz kimi, futbol klublarımızın və premyer-liqaya təyinat alan hakimlərin koronavirus testindən keçməsi futbolun başlayacağına ümidi artırsa da, futzaldan səs-soraq yoxdu. Yarımçıq dayandırılan yüksək, birinci və ikinci liqalarının aqibəti hələ də qeyri-müəyyənliyini qoruyur. İdman zallarının açılması yubandıqca, ümumiyyətlə, futzal liqalarının bərpa olunmayacağı ilə bağlı ehtimal artır.
Vəziyyətin nə yerdə olduğunu dəqiqləşdirmək üçün Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla əlaqə saxladıq: “Çempionatların taleyi üçün Operativ Qərargahın idman zalları ilə bağlı qərarını gözləyirik. Müsbət qərar verilsə, federasiyanın toplantısı keçiriləcək. Həmin iclasda müəyyən qərarlar qəbul ediləcək. Ancaq idman zalları mayın 31-də də açılmasa, böyük ehtimalla yarışların ləğvi gündəmə gələcək. Çünki komandalara məşq üçün 10-12 gün zaman verilməli və daha sonra mövsüm başlamalıdı. Hazırda yüksək liqada 8 tur və pley-off oyunları qalıb. Bununla bağlı son qərarı federasiya verəcək. Ola bilər ki, birbaşa pley-off görüşləri keçirilsin. Bunlar hamısı idman zallarının açılma tarixi bəlli olandan sonra dəqiqləşəcək. Bundan sonra federasiya yeni mövsümün başlanma tarixini də nəzərə alaraq, qərarlar qəbul edəcək. Bizdə yeni mövsüm sentyabrda başlayır. Elə etməliyik ki, avqustda cari mövsümü bitirək. Çünki oyunlardan sonra komandalar bir ay dincəlməlidi. Bilirsiz ki, bizdə yayda havalar çox isti keçir. Ancaq böyük futboldan fərlqi futzalda qarşılaşmalar zalda oynanılır. Burda isə kondisonerlər var. İsti çox da problem yaratmır. Üstəlik, klublar da mövsümün tamamlanmasının tərəfdarıdı. O ki qaldı klubların koronavirus testindən keçməsinə, bununla bağlı hələlik bir qərar yoxdu. Yəqin ki zallar açılandan, oyunlar bərpa olunandan sonra federasiya buna şərait yaradacaq. Bu mövzuda klublarla ortaq məxrəcə gəlinəcəyini düşünürəm. Mövsüm bərpa olunsa, federasiya komandalara testdən keçməyi tövsiyə edəcək. Burda insan sağlamlığı ön planda olduğuna görə, yəqin ki klublar da bu məsələdə fəallıq göstərəcək”.
HƏSƏN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR