Sizin reklam burada

“Futbolsuz yaşamaq çətindi, sanki həyat dayanıb”

Baxış Sayı:356


Seydiyev çempionatın ləğvini istəmir
Çempionatda qeyri-sabit çıxış edən komandalarından biri də “Qəbələ” idi. Ötən mövsüm ölkə kubokunu qazanan komanda hazırda sonuncu sıradadı. Fasilədən sonra “qırmızı-qaralar”ın necə çıxış edəcəyi maraqlıdı. Çünki “Qəbələ”li futbolçular həmişə premyer-liqanı sonuncu pillədə bitirmək istəmədiklərini bildirirlər. Komandanın müdafiəçisi Amin Seydiyevlə bu barədə danışdıq. 20 yaşlı futbolçu fasilənin hamıya təsir edəcəyini, buna rəğmən, çox çalışmalı olduqlarını bildirdi.
- Karantində nə işlə məşğul olursan?
- Evdə oluram, çox vaxt film izləyirəm. Əlimdən gələn qədər ev şəraitində məşq etməyə çalışıram. Məşqçilər bizə tapşırıqlarını verirlər. Onları həyata keçirməyə çalışırıq. Formada qalmaq çox önəmlidi. Ancaq komanda ilə birgə məşq etmək başqadı, effekti daha yüksək olur. Açığı, futbolsuz yaşamaq çətindi, sanki həyat dayanıb. Biz öyrəşməmişik buna. Ən yaxın müddətdə yaşıl meydanlara dönmək istəyirik.
- Komanda hazırda sonuncu pillədə yer alıb. Fasilədən sonra vəziyyəti dəyişə biləcəksiz?
- Fasilənin yaranması heç kim üçün yaxşı deyil. Məncə, müəyyən qədər təsir edəcək. Adi iki-üç oyun oynamayanda öz təsirini göstərir. Ancaq əlimizdən gəldikcə maksimum çalışmalıyıq. Düzdü, başqa komandalarla müqayisədə heyətimiz o qədər də geniş deyil. Ancaq dediyim kimi, bu vəziyyət hamıya təsir edəcək.
- Ölkədə karantin rejimi mayın sonuna qədər uzadıldı. Premyer-liqanın ləğvinə münasibətin necə olar?
- Düzdü, insan sağlamlığı hər şeydən üstündü. Ancaq çempionatın ləğv olunmasını istəmirəm. Ümid edirəm ki, hər şey yoluna düşəcək və futbol başlayacaq. Gec də olsa, çempionatın davam etməsinin tərəfdarıyam. Mövsüm bərpa edilsin, əlimizdən gələni edib tez formaya düşəcəyik. Ola bilər ki, bu gün sonuncu sıradayıq. Ancaq 3-4-cü pillədə yer alsaydıq belə, yenə belə düşünərdim. Çünki biz futbolçuyuq, çıxıb işimizi görməliyik.
- Oyunların azarkeşsiz keçirilmək ehtimalı yetərincə realdı. Səncə, az sayda tamaşaçıdan da məhrum olmaq çıxışınıza təsir edəcək?
- Əlbəttə, edəcək. Azarkeşlərimizin sayı az olsa da, bizə yetərincə dəstək olurlar. Onların səsini eşitmək bizə bəs edir. Ancaq belə məqsədəuyğun biliblərsə, edəcək bir şey yoxdu. Deməli, sağlamlıq üçün bu qərar vacibdi.
- Yəqin ki “Qəbələ”nin hədəfi premyer-liqada sonuncu pilləni tərk etməkdi...
- Turnir cədvəlində mümkün qədər irəli getmək istəyirik. Heç kim sonuncu sırada olmaq istəməz. Çalışıb daha yuxarı pillələri tutmalıyıq. 4-5-ci pilləyə də qalxa bilərik. Məncə, hər şey özümüzdən asılıdı. Ümumiyyətlə, heç nəyi bəhanə etməməliyik. Artıq hər oyun final kimidi.
- Məşqlərin nə vaxt bərpa olunacağı barədə nəsə deyilib sizə?
- Karantin bitsəydi, mayın 5-də məşqlərə başlamalıydıq. Ancaq indi bilmirəm, necə olacaq. Biz də gözləyirik.
- Transfer dönəmlərində adı ən çox çəkilən futbolçusan. Bu günə qədər rəsmi təklif almısan?
- Hər futbolçu kimi, mən də karyeramı ölkə xaricində davam etdirmək istəyərəm. Təbii ki, belə bir məqsədim var. Ancaq çalışıram ki, bu, ad üçün yox, davamlı olsun. Yəni “mən xaricə getməliyəm” deyib, harasa getmək istəmirəm. Önəmli olan getdiyin yerdə möhkəmlənməkdi. Rəsmi təkliflərin olub-olmaması barədə dəqiq bir şey deyə bilməyəcəm. Çünki bu işlərlə menecerim Vaqif Heydərli məşğul olur. Ancaq mövsümün sonunda hansısa təklif gəlsə, klubumla danışıb ayrıla bilərəm. Öncəliyim ölkə xaricdi, ancaq “Azərbaycanda oynamaram” deyə bilmərəm. Mənim üçün gedəcəyim klubun iddialı olması vacibdi. Məsələn, Türkiyənin birinci divizionu ola bilər, ancaq bir şərtlə ki, komanda elitaya yüksəlməyə iddialı olsun.
HƏSƏN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR