Sizin reklam burada

Sərtan Xorvatiya, Portuqaliya və Türkiyədən təklif alıbmış

Baxış Sayı:322

Sərtan Xorvatiya, Portuqaliya və Türkiyədən təklif alıbmış
“Elə təklif idi ki, özüm-özümdən utandım, futbol oynadığıma görə xəcalət hissi keçirdim”
Ötən mövsüm tarixində ilk dəfə ölkə kubokunun finalına yüksələn “Sumqayıt” mövsümlərarası fasilədə bəzi futbolçularla yollarını ayırmaqla yadda qaldı. Elvin Məmmədov, Əfran İsmayılov, Əli Babayev, Aleksey İsayev və adını çəkmədiymiz bəzi oyunçuların gedişindən sonra “ağ-göylər”in zəifləyəcəyi söylənilsə də, klub rəhbərliyinin düşərgəyə dəvət etdiyi yeni oyunçuların adlarına baxdıqda bunun heç də belə olmayacağını düşünmək olar. Qolçuluq bacarığı ilə seçilən Amil Yunanov, ötən mövsüm “Sabah”da heç də özünü pis göstərməyən Elgün Nəbiyev, “Zirə”dən ayrılan Vüqar Mustafayev 2019/20 “futbol ili”ndə sumqayıtlıların uğurları üçün çalışacaqlar. “Kimyaçılar”ın bu yay rənglərinə bağladığı yeni simalardan biri də Sərtan Taşkındı. Bu günə kimi U-17, U-19 və U-21-in şərəfini qoruyan müdafiəçinin “gənclik şəhəri”nin təmsilçisinə keçidi bir qədər gözlənilməz oldu. Ancaq gənc futbolçunun özü ilə söhbətdə məlum oldu ki, bu keçiddə təəccüblü heç nə yoxdu.
O məhz bilərəkdən “kimyaçılar”a üz tutmağı lazım bilib: “Keşlə” ilə müqaviləmin müddəti başa çatmamışdı. Sadəcə, çox istəyirdim ki, daimi oyun təcrübəsi qazana biləcəyim kollektivdə olum. “Sumqayıt”dan təklif gələndə böyük məmnuniyyətlə qəbul etdim. Məsələ ilə bağlı “Keşlə” rəhbərliyi ilə görüşdüm və durumu onlara izah etdim. Çox sağ olsunlar ki, məni anladılar və klubumu dəyişməyə heç bir problem yaratmadılar. “Sumqayıt”a keçmək o demək deyil ki, baş məşqçi mənə daim əsas heyətdə oynayacağımla bağlı söz verib. Futboldan az-çox anlayışı olanlar bilir ki, heç bir oyunçuya belə vəd verilmir. Ancaq özümə inanıram və bilirəm ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komandada bunu bacaracam. Kollektiv məni çox yaxşı qəbul etdi. Sanki uzun illərdi burda çıxış edirəm. Məşqlərimizi izləyən azarkeşlər də məni çox yaxşı qarşıladılar. “Sumqayıt”ın azarkeşləri barədə çox eşitmişdim, ancaq bilməzdim ki, onlar komandanı bu qədər sevirlər. Artıq bu gün üçüncü məşqə çıxmışıq və hər gün minimum 30-50 fanat hazırlıq prosesini izləyir və bizə dəstək olur. Futbolçu üçün azarkeş dəstəyi xüssusi önəm daşıyır”.
U-21-in sabiq üzvü bizimlə söhbətdə fasilə dönəmində ölkə xaricindən də təklif aldığını bildirdi: “Mövsümlərarası fasilədə Xorvatiya, Portuqaliya və Türkiyə klublarından təklif almışdım. Xorvatiya və Türkiyənin birinci dəstəsində, Portuqaliyanın isə elitasında çıxış edən klublardan biri məni heyətində görmək istəyirdi. Ancaq heç bir təklifi qəbul etmədim. Bilirsiz, nəyə görə? Çünki onlar elə başa düşür ki, futbolçu Azərbaycan çempionatında çıxış edirsə, ona yuxarıdan aşağı baxmaq olar. Elə təklif idi ki, özüm-özümdən utandım, futbol oynadığıma görə xəcalət hissi keçirdim. Klubları Avropa Liqasının və Çempionlar Liqasının qrupunda oynayan ölkəni təmsil edən futbolçuya belə təklif göndərməzlər. Bəlkə də səhv özümüzdədi ki, bizə belə dəyər verirlər. Gec-tez legioner həyatı yaşamaq fikrim var. Ən azı bir mövsüm də öz çempionatımızda çıxış etmək, statistik göstəricilərimi yaxşılaşdırmaq fikrindəyəm. Təbii ki, əsas yığmaya dəvət almaq da əsas hədəflərimdən biridi. Ondan sonra ölkə xaricinə yollanmaq istəyirəm”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR