Sizin reklam burada

Mahir Mədətov Qriqorçuka lağ etdi, “Qəbələ” coşdu

Baxış Sayı:899

Mahir Mədətov Qriqorçuka lağ etdi, “Qəbələ” coşdu
“Qarabağ”ın gənc futbolçusu haqda ölçü götürməsini gözləyirik”
Adətən, qış transfer dönəmində səs-küylü keçidlər az olur. Bunun da obyektiv səbəbləri var. Ancaq “Qəbələ”də bu baxımdan heç vaxt sıxıntı olmayıb. Hər nə qədər daxili bazarda “dişə vurulası” futbolçu olmadığını söyləsələr də, klub menecerləri altdan-altdan fəaliyyətini davam etdirir. Və budu, yenə “transfer pəncərəsi”nin əsas “bomba”sı bölgə təmsilçisindən gəldi. Son illər ən çox yüksəlişdə olan futbolçulardan biri “qırmızı-qaralar”a keçdi.
Hallidey də getdi
Söhbət “Zirə”nin döyünən ürəyi sayılan Təmkin Xəlilzadədən gedir. Ancaq onun yeni komandasının əsas heyətində özünə yer tapacağını dəqiq söyləmək çətindi. Bir çox yerli futbolçular Roman Qriqorçukun oyun modelinə uyğunlaşa bilməyərək “Qəbələ”ni erkən tərk edib. Ruslan Abışov, Vüqar Nadirov, Vaqif Cavadov, Araz Abdullayev və başqaları ukraynalı mütəxəssisin rəhbərliyi altında çox duruş gətirməyib. Təmkinin bunu bacarıb-bacarmayacağını zaman göstərəcək.
Yığmaya da çağırılan futbolçunun bunaqədərki karyerasına qısa nəzər salmağa dəyər. 10 yaşında “Xudafərin”də Elbrus Məmmədovun rəhbərliyi altında futbolun sirlərinə yiyələnməyə başlayan Təmkin daha sonra “Qarabağ”da püxtələşib. Elə peşəkar karyerasına da “köhlən atlar”da start verib. Qurban Qurbanov 2011/12 mövsümündən onu ara-sıra əsas komandaya cəlb edib. Ancaq ardıcıl 2 mövsüm çempionat oyunlarını kənardan izləyən Xəlilzadə 2013/14 “futbol ili”ndə premyer-liqada debüt edib və 4 oyunda iş başında olub. Növbəti mövsümü icarə əsasında AZAL-da keçirib, 23 görüşdə tər töküb. 2015/16 mövsümündən karyerasının ən uğurlu - “Zirə” mərhələsi start götürüb. Debütantın heyətindəki ilk mövsümündə 29 oyuna çıxıb. 2016/17 mövsümündə 2 qola imza atıb. Ölkə çempionatında ilk qolunu “Neftçi”nin qapısından keçirib.
Əvəzində Endi Hallideylə yollar ayrılıb. “Reyncers”dən icarəyə götürülən dayaq yarımmüdafiəçisinin gedəcəyi gözlənilirdi. Çünki 26 yaşlı futbolçu çempionatda cəmi 3 oyunda meydana çıxa bilmiş və 242 dəqiqə qazon üzərində qaçmışdı. İcarə müddəti mövsümün sonunadək olsa da, qarşılıqlı razılıq əsasında Hallidey vətəninə yola salınıb. Daha bir neçə gənc futbolçu oyun praktikasını artırması üçün müxtəlif klublara icarəyə verilib. Roman Hüseynov “Kəpəz”də, Ülvi İsgəndərov “Sumqayıt”da, Ülvi İbazadə isə “Xəzər”də təcrübə qazanmağa çalışacaq.
“Slaviya” “Qəbələ”nin yetirmələrinə göz qoyub
Bu da son deyil. “Slaviya” Fərid Nəbiyevin ardınca “Qəbələ”nin daha iki futbolçusunu heyətinə qatmağı planlaşdırır. Bildiyiniz kimi, Nəbiyev hazırda Çexiya klubunun əvəzedicilərində çıxış edir. Görünür, 18 yaşlı yarımmüdafiəçinin uğurlu çıxışı “qırmızılar”ın təmsilçimizin akademiyasının üzvlərinə marağını artırıb. Əvəzedici komandada çıxış edən müdafiəçi Amin Seydiyevlə vinger Rövlan Muradov hazırda Çexiya klubunda baxışdadı. 19 yaşlı futbolçular yanvarın 28-dək “Slaviya”nın əvəzedici komandasının toplanışında iştirak edəcək. Bəyənilsələr, iki klub arasında müqavilənin şərtləri müzakirə ediləcək. Onların Çexiya klubuna yollanmasında menecer Vaqif Heydərli vasitəçi olub. Xatırladaq ki, Heydərli Nəbiyevin “Slaviya”ya keçidində də önəmli rol oynayıb.
Qazaxlarla qarşılaşacaqlar
Bu gün “Qəbələ” fasiləyə son qoyur. Komanda səhər saatlarında Antalyaya yollanacaq. Fevralın 3-dək Türkiyədə toplanış keçəcək “qırmızı-qaralar”ın yerli “Akhisar Bələdiyyəspor” ( 10 yanvar), İsveçrə “Sürix”i (17 yanvar), Makedoniya “Rabotniçki”si (24 yanvar), Rusiya “Arsenal”ı (27 yanvar), Çexiya “Bohemians”ı (31 yanvar) və Makedoniya “Şkendiya”sı (3 fevral) ilə qarşılaşacağını bilirsiz. Artıq bölgə təmsilçisinin yanvarın 14-ü üçün nəzərdə tutulan yoxlama oyununda hansı komandayla qarşılaşacağı da böyük ölçüdə dəqiqləşib. Qeyri-adi bir şey baş verməsə, “Qəbələ” Qazaxıstan çempionatının son mövsümünü 8-ci yerdə başa vurmuş “Atırau” ilə münasibətləri aydınlaşdıracaq.
“Qəbələ” Mahir Mədətova görə bəyanat yaydı
Dünən “Qəbələ” belə bir bayanat yaydı: “31.12.2017-ci il tarixində “CBC Sport” telekanalının efirində “Qış nağılı” verilişi yayınlanıb. Verilişin qonaqlarından biri millimizin və “Qarabağ”ın üzvü Mahir Mədətov olub. Mədətov verilişin formatına uyğun olaraq, maraqlı əhvalat nəql edərkən mövzu kimi komandamızın baş məşqçisi və futbolçular arasında olan dialoqu seçib və özünəməxsus şəkildə təqdim edib. “Qəbələ” Mədətovun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır. Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yanlış fikir formalaşdırmağa xidmət edir. Bütün bunları nəzərə alaraq, “Qarabağ”ın gənc futbolçusu haqda ölçü götürməsini, Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” və Qriqorçukdan üzr istəməsini gözləyirik”.
Qeyd edək ki, həmin verilişdə Mahirdən hansısa bacarığının olub-olmadığı soruşulur və cavabında parodiya etmək qabiliyyətinin olduğunu söyləyir. Futbolçu Qriqorçukun futbolçularından birini oyuna köklədikdən sonra “bacararsanmı” sualını verdiyini və müsbət cavab aldıqdan sonra “lazım deyil” ifadəsini səsləndirdiyini bildirir. Mədətov “ne nado”nu Roman İosifoviçin danışıq tərzinə uyğun söyləyir. Əslində burda yığma üzvünün rəqib komandanı və onun çalışdırıcısını ələ saldığını iddia etmək ağır ittihamdı. Ancaq istənilən halda, Mahirin əzəli rəqiblə bağlı gülüş doğuran ifadə deməsi etik normalara zidd sayıla bilər.
Mədətov olayla bağlı “qafqazinfo”ya belə deyib: “Orda kimisə parodiya etməyimi istədilər. Ağlıma Roman Qriqorçuk gəldi. Lakin dedim ki, onun kimi məşqçini parodiya etməyim yanlış anlaşıla, ayıb sayıla bilər. Həmin anda Roman Qriqorçuk kameranın arxasına gəldi. Verilişin aparıcılarına dedim ki, ondan icazə alın, danışım. İcazə aldılar və o da normal qarşıladı. Hətta parodiyaya bir xeyli güldü. Onunla münasibətim çox yaxşıdı. Hər kəslə əl verib görüşdüyü zaman mənimlə qucaqlaşıb salamlaşır. Dostlarımla oturanda da Qriqorçukun necə böyük məşqçi olduğundan danışırıq. Ona böyük hörmətim var. Taktikası, futbolu doğrudan da təqdirəlayiqdi. Videoya gəlincə, orda kimisə təhqir etməmişəm. Sadəcə, icazəli olub. Üzr istəməyimi gözlədiklərini yazıblar. Üzr istəmək böyüklükdü və mən bunda problem görmürəm. Sadəcə, ortada üzr istəməli bir şey yoxdu”.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR