Sizin reklam burada

“Stad de İbad”ın davamı, sirli 7:7 və “Pub 100”də bitən il

Baxış Sayı:780

“Stad de İbad”ın davamı, sirli 7:7 və “Pub 100”də bitən il
Bu gün il bitir. Hər bitən il həm də ucsuz-bucaqsız xatirə dünyanı zənginləşdirən yeni olaylar deməkdi. Biz, yəni “Futbol+”çilər və qəzetimizə yaxın olan dostlar, ən azı xeyir-şərdə yanaşı oturmağa can atdığımız adamlar ilin son günü ərəfəsində əvvəlcə futbol oynadıq, sonra ilsonu tədbirinə yığışdıq, günün sonunda da sürpriz qonaqlar qəbul etdik. Tələsməyin, sıra ilə anladacam.
“Stad de İbad” ifadəsi ilk dəfə, çox güman, İlkin Xəlilovun dilindən çıxıb. İndi artıq haqq dünyasında olan, vaxtilə atlet kimi ad çıxarmış, siqareti və siqaret çəkənləri görməyə gözü olmayan İbadulla kişinin stadionu ilə bağlı o qədər gözəl xatirələr var ki, ipə-sapa gəlməz. “Futbol+”in dövriliyi az olanda, 2000-ci illərin əvvəllərində bir neçə komanda – “Milo-Barsa”, “Old Starz”, “Azəri” – yaratmışdıq, tez-tez meydanda üz-üzə gələr, oyunların müzakirəsini əvvəlcə çayxanada, ardından redaksiyada və hətta divar qəzetində davam etdirərdik. Həmin günlərlə bağlı lətifələrimiz də var ki, oxucu üçün maraqlı olmayan bu məqamın üzərindən sürətlə ...“Pioner”ə adlamaq istəyirəm. Dünən saat 12-də burda başlayan oyunun təşəbbüskarı Səbuhi Səfiyarlı olsa da, ideya çoxdan var idi. Daha doğrusu, sabiq “Futbol+”çilərlə indiki kollektivin meydanda üz-üzə gəlməsi yubiley tədbirlərinin bir qolu kimi düşünülmüşdü. Gec olsa da, əsas odu ki, bu oyun baş tutdu. Sabiqlərin heyətində Səbuhi, İlkin, Vüsal Mahmudov, Eldəniz Yusifov, Elnur Novruzov, Ceyhun Əliyev və Pərviz Hikmət var idi. Dəstək qrupunda Anar Şabanoğlu ilə Mehman Süleymanov, baş məşqçi postunda isə Vaqif Heydərli yer almışdı. İndiki kollektiv adına bu sətirlərin müəllifi, Cəsur Məmmədov, Kənan Həsənov, Əli Rzayev, Sərxan Musayev, Fariz Əliyev, Rəşad Qasımov və Fəxrəddin Rüstəmli çıxış edirdi. Bəribaşdan deyim ki, çox maraqlı və intriqalı oyun alındı. Hesabı görən istənilən adam ortada sövdələşmə olduğunu, bu kimi oyunlar üçün xarakterik olan “sülh”ə can atdığımızı düşünə bilər. Amma təkcə hesabın dəyişmə qrafikinə baxın və qiymət verin: onlar 2:0 önə çıxdı, biz 2:1 etdik, sonra 4:1-i 4:4-ə çatdırdıq, yenə bir top önə çıxdılar, indikilər sürət yığdı və artıq 7:5 bizim xeyrimizə oldu, nəhayət, sonda kobud səvlərimiz üzündən bərabərlik topunu vura bildilər – 7:7. Hesab fərqli ola, bu gün bir, sabah başqa komanda qalib gələ bilər, amma ən azı buna əmin oldum ki, illər xarakterimizi zərrəcə dəyişməyib. Cığallar yenə cığaldı, sülhpərvər adamlar isə sülhpərvər – vəssalam.
Sonra elə “Pioner”də çay içdik. Yaşar Seyidov sağ olsun, özünü yetirib, hər kəsin banan payını da çatdırdı. Günün davamı “Pub 100” adlı əyləncə məkanında oldu. Bitməkdə olan ilin xeyir-duasını verib, 2018 ilə bağlı arzuları bölüşdük. Sürpriz qonaqlarımız isə Ceyhun Əliyev, Anar Şabanoğlu və Elmir Əliyev oldu. İlk ikisini tanıyırsız, üçüncü də səsi ilə nəinki Ceyhun Rzayevlə Həbib Aslanova, hətta şou-biznes dünyasının bir çox adına meydan oxumağa qadir, haqqın.az saytında çalışan hörmətli həmkarımızdı. Məclisin bundan sonrakı hissəsi haqda yazmaq istəmirəm. Çünki artıq heç bir reqlament, qayda-qanun işləmirdi. Hər kəs oxuyur, oynayır və qədəh toqquşdururdu. Yeri gəlmişkən, Yeni iliniz mübarək! Çox il dəyişin, amma illər sizi dəyişməsin!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR