Sizin reklam burada

“Neftçi” Sumqayıta qisas üçün gedəcək

Baxış Sayı:372

“Neftçi” Sumqayıta qisas üçün gedəcək
Həftəsonu Topaz premyer-liqasında 20-ci turun oyunları keçiriləcək. Üçüncü dövrənin sonuncudan əvvəlki turu iki günə sığacaq. Sabah hər iki oyun Bakıda, bazar gününə təsadüf edəcək qarşılaşmalar isə paytaxtdan kənarda baş tutacaq. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayınlanacaq.
Topaz premyer-liqası
3-cü dövrə, 20-ci tur
9 mart
77. Keşlə – Sabah
Hakimlər: RƏHIM HƏSƏNOV, Cəmil Quliyev, Eyyub İbrahimov, Namiq Bəkirov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
“Keşlə”nin bu rəqiblə ev oyununun balansı: 1:+0=0-1, 0-1.
2018/19 – 0:1.
Cəzalılar: Amil Yunanov (Keşlə), Novruz Məmmədov, Rəşad Eyubov (hər ikisi “Sabah”).
“Futbol+”in proqnozu: 30-35-35
Bakı. ASK Arena. Saat 16.00
Tura paytaxt derbisi ilə start veriləcək. “Sumqayıt”la birgə turnir cədvəlinin quyruğunda qərarlaşan “Keşlə” qeyri-sabit çıxış edən “Sabah”ı sınağa çəkəcək. Əslində “Keşlə” “Sabah”ın tarixinə düşüb. Belə ki, Elşad Əhmədovun yetirmələri premyer-liqada debüt matçında ilk qələbəsini məhz bu komanda üzərində qazanmışdı. Ancaq indi komandanın “sükanı arxasında” Mladen Milinkoviç yox, onun xələfi Tərlan Əhmədov dayanır. Əhmədovların ikinci dövrədəki duelində məhz “Keşlə”nin çalışdırıcısı qalib gəlmişdi. Premyer-liqanın təcrübəli komandası sabahkı görüşdən 3 xalla ayrıla bilsə, həm 6-cı yerə yüksələ, həm də 5-ci yerdə qərarlaşan “Sabah”la xal fərqini 2-yə endirə bilər. Debütant isə ilk “üçlük”lə 10 xala qədər böyüyən uçurumu qısaltmağa çalışacaq.
Hər iki komanda meydana ciddi itkilərlə çıxacaq. “Keşlə” əsas hücumçusu, sarı vərəqəyə görə cəzalı duruma düşən Amil Yunanovun xidmətindən məhrumdu. “Sabah” isə ötən tur “Neftçi”ylə darmadağına məruz qaldığı görüşdə iki oyunçusunu – Novruz Məmmədovla Rəşad Eyubovu itirib.
78. Qarabağ – Zirə
Hakimlər: RAUF CABBAROV, Nahid Əliyev, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 7:+6=1-0, 15-3.
2015/16 – 4:1, 2:0; 2016/17 – 2:0, 2:0; 2017/18 – 0:0, 2:0; 2018/19 – 3:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 45-30-25
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18.30
“Neftçi” ilə şərikli liderliyi davam etdirən “Qarabağ” sabah “Zirə”ni qonaq edəcək. Ağdamlılar meydandan qalib ayrılsa, azı birgünlüyə zirvədə qərarlaşacaq. Bunun nə qədər asan olub-olmayacağını zaman göstərəcək. Məsələ burasındadı ki, “Zirə” çempionatda heç vaxt bu rəqibi yenə bilməyib. Əvvəlki 14 görüşün 11-dən 3 xalla ayrılan Qurban Qurbanovun yetirmələri rəqibinə yalnız 3 dəfə qolsuz heç-heçələrlə təsəlli verib. Nəzərə alsaq ki, Samir Abasovun komandası autsayderlər sırasındadı, sürpriz inandırıcı deyil. Ancaq “Zirə” 4 oyundu uduzmur. Qış fasiləsindən dərhal sonra “Sabah”a məğlubiyyəti istisna etsək, komanda yüksəlişdədi. Qəsəbə təmsilçisi ilk “4-lük”də qərarlaşan komandaların 3-dən xal alıb, növbə “Qarabağ”ındı.
Oyunu Rauf Cabbarov idarə edəcək ki, FİFA referisi iki turluq istirahətin ardından iş başında olacaq. O, 17-ci turda “Keşlə” – “Sumqayıt” matçının gedişində zədələnmiş, ikinci hissəni ehtiyat hakim Rauf Allahverdiyev idarə etmişdi. Görünür, FİFA referisi artıq sağalıb. Yeri gəlmişkən, “Tofiq Bəhramov”dakı qarşılaşmaya 4-cü hakim kimi nisbətən daha təcrübəli Rəvan Həmzəzadə təyin olunub.
10 mart
79. Qəbələ – Səbail
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Pərvin Talıbov, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Fazil Mürşüdov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 3:+2=1-0, 7-2.
2017/18 – 3:1, 1:1; 2018/19 – 3:0.
Cəzalı: Cavid Hüseynov (Qəbələ).
“Futbol+”in proqnozu: 30-40-30
Qəbələ. Şəhər stadionu. Saat 14.00
Bazar günü açılış oyunu Qəbələdə baş tutacaq. Yerli komanda “Səbail”i sınağa çəkəcək. Tərəflərin cari mövsümdəki üçüncü dueli ərəfəsində şanslar bərabərdi. Hər iki komanda ötən turda xal itkisi ilə üzləşib. “Səbail” evdə “Sumqayıt”la qolsuz, “Qəbələ” isə səfərdə “Zirə” ilə qollu heç-heçə ilə kifayətlənib. Odu ki, heç biri növbəti xal itkisini asan həzm etməyəcək. Xüsusilə “Qəbələ”nin “limit”i bitib. Artıq səbr kasası dolan azarkeşlərin baş məşqçi Sənan Qurbanova son şans verməsi də buna işarədi.
Qeyd edək ki, mövsümün açılış matçında rəqibini 3:0 hesabı ilə yenən “qırmızı-qaralar” qış fasiləsi ərəfəsində qolsuz heç-heçəylə kifayətlənmişdi. Ümumilikdə isə qarşıdakı oyun rəqiblər arasında 9-cu duel olacaq. İndiyə qədər keçirilən 8 matçdan ikisi kuboka təsadüf edib. Premyer-liqa çərçivəsindəki 6 oyunda 3 qələbə qazanan “Qəbələ” 2 heç-heçə edib və 1 dəfə uduzub.
Sənan Qurbanovun komandası meydana ciddi itki ilə çıxacaq. Belə ki, kapitan Cavid Hüseynov prinsipial matçda komandasına kömək edə bilməyəcək. O, sarı vərəqə cəzalısıdı.
80. Sumqayıt – Neftçi
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Nicat İsmayıllı.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 13:+7=0-6, 14-16.
2011/12 - 0:3; 2012/13 - 3:2; 2013/14 - 1:2, 2:0; 2014/15 - 0:1, 0:1; 2015/16 - 1:2, 2:1; 2016/17 – 2:0, 2:0; 2017/18 – 1:0, 2:0; 2018/19 – 0:2.
Cəzalılar: Məhəmməd Mirzəbəyov, Soni Mustivar (hər ikisi “Neftçi”).
“Futbol+”in proqnozu: 30-30-40
Sumqayıt. Kapital Bank Arena. Saat 16.30
Tura “Sumqayıt” – “Neftçi” qarşılaşması ilə yekun vurulacaq. Heç şübhəsiz, “Kapital Bank Arena”dakı oyun prinsipiallığına görə turun ən çox gərginlik vəd edən görüşüdü. Baxmayaraq ki, aralarında 25 xallıq fərq olan liderlə autsayderin duelindən danışırıq. Görüşü prinsipiallaşdıran məqamlardan biri “Sumqayıt”ın “Neftçi”ni kubokda mübarizədən kənarlaşdırmasıdı. “Ağ-qaralar”ı yarımfinala buraxmayan Ayxan Abbasovun komandası bu mövsüm çempionatda da bakılıları büdrədib. Odu ki, yenə sürpriz gözləməyə dəyər. Üstəlik, “Neftçi” səfərə ciddi itki ilə yollanacaq. Məhəmməd Mirzəbəyov ötən tur aldığı qırmızı vərəqəyə görə cəzalıdı. Əsas problem isə orta sahə ilə bağlı yaşana bilər. Belə ki, “Sabah”la oyunda aldığı sarı vərəqə Soni Mustivarın cari mövsümdəki 4-cü xəbərdarlığıdı. Belədə o da görüşü tribunadan izləməli olacaq.
1. Neftçi 19 12 5 2 33-13 41
2. Qarabağ 19 12 5 2 39-17 41
3. Səbail 19 9 4 6 22-17 31
4. Qəbələ 19 6 7 6 21-21 25
5. Sabah 19 6 3 10 15-26 21
6. Zirə 19 4 6 9 16-28 18
7. Keşlə 19 4 4 11 18-30 16
8. Sumqayıt 19 4 4 11 14-26 16
Bombardirlər: Baqali Dabo (Neftçi) – 9, Mahir Mədətov (Qarabağ), Marko Deviç (Sabah) – 7.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda "Zirə"yə, 8-ci turda isə "Qarabağ"a texniki məğlubiyyət (0:3) verilib.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR