Sizin reklam burada

“Keşlə” Qızılcahamama köçdü

Baxış Sayı:420

“Keşlə” Qızılcahamama köçdü
Bakılıların rəqibi “Vardar”a aman vermədi
Daha bir avrokubok təmsilçimiz xaricə “köçdü”. “Qarabağ”, “Qəbələ” və “Neftçi”nin ardından “Keşlə” də hazırlıq üçün dünən günorta saatlarında Azərbaycanı tərk etdi. Bakı-Ankara birbaşa reysi ilə Qızılcahamama üz tutan Yuri Maksimovun komandası iyulun ilk ongünlüyünü qardaş ölkədə keçirəcək. “Patalya Resort Hotel"də məskunlaşacaq bakılılar Türkiyəyə Sezar Meza Kolli və Ebrima Sohnasız yollanıb. Hazırda viza məsələlərini həll edən Sezarla Ebrima birbaşa Qızılcahamama gələcəklər. Avropa Liqasının 1-ci təsnifat mərhələsində Maltanın "Baltsan" klubuyla qarşılaşaraq “Keşlə” ilk oyunu iyulun 12-də səfərdə keçirəcək. Bu üzdən bakılılar Türkiyədəki ikihəftəlik təlim-məşq toplanışını başa vurandan sonra qayıtmayaraq birbaşa rəqibin təmsil etdiyi şəhərə - Baltsana yollanacaq. Yuri Maksimovun komandası Qızılcahamamda iyunun 30-da, iyulun 3-də və 6-da olmaqla, 3 yoxlama görüşü keçirəcək ki, rəqiblər hələ dəqiqləşməyib. Rəqiblər Türkiyə və Rumıniya komandaları olmalıdı.
Bu arada "Keşlə"nin “Baltsan"la keçirəcəyi ilk oyunun yeri və başlama saatı müəyyənləşib. UEFA-nın rəsmi saytında görüş yeri Ta Qali şəhərindəki Milli Stadion, başlama saatı isə 21.00 (Bakı vaxtı ilə) göstərilib. Həmin gün – ayın 12-də saat 20.00-da "Qəbələ" öz meydanında Lüksemburq "Proqres"ini, saat 21.00-da isə "Neftçi" "Dalğa Arena"da Macarıstan "Uypeşt"ini qəbul edəcək. “Baltsan” yoxlama oyunu da keçirib. Maltalılar Sloveniya təlim-məşq toplanışı çərçivəsində Makedoniya “Vardar”ını məğlub edib - 4:2.
“Baltsan” meydana Stiv Sultana, İvan Bozoviç, Stiv Bezzina, Elkin Serrano, Nenad Şlivik, Alfred Efionq, Kadu, Alveş, Mihel Conson, Miloş Lepoviç, Andrey Maydevaçdan ibarət “11-lik”Lə çıxıb. Baş məşqçi Miloş Miçoviç oyunun gedişində Sean Mintof, Antonio Mitrev, Kamileri, Sirac Arab, Uros Lubomiraç, Sean Çipriot, Custin Qrioli, Rikardo Korrea və Boyan Kalyeviçin də xidmətindən yararlanıb.
İlk yarının sonlarında oşan “cırtdanlar” 8 dəqiqə ərzində rəqibi 3 dəfə meydanın mərkəzinə dəvət edib. 37-ci dəqiqədə serb Miloş Lepoviçin uzaq məsafədən qüvvətli zərbəsi dirəyə dəydikdən sonra tora daxil olub. İki dəqiqə sonra Andrey Maydevaç kəskin əks-hücumdan sonra Alfred Efionqun cinah ötürməsini qolla tamamlayıb. İlk yarının sonuncu dəqiqəsində isə makedoniyalılar süni oyundankənar vəziyyət yaratmaq istərkən səhvə yol verib və beləliklə, növbəti təhlükəli hücum baş tutub. Bu dəfə Meydevaçla Efionq statuslarını dəyişiblər. Başqa sözlə, serbin ötürməsini nigeriyalı qola çevirib. İkinci hissə isə Makedoniya təmsilçisinin üstünlüyü şəraitində keçib. “Vardar” 63-cü dəqiqədə fərqi iki topa endirib. Ancaq cəmi 3 dəqiqə sonra dubl edən “Baltsan”ın gənc hücumçusu Maydevaç hesabı 4:1-ə çatdırıb. 73-cü dəqiqədə isə maltalıların qapısına penalti təyin olub. Makedoniyalılar bu şansdan maksimum yararlanıblar. Bununla belə, ümumi hesabda geriliyi aradan qaldırmaq mümkün olmayıb.
Xatırladaq ki, “Keşlə”nin rəqibi bir neçə gün öncə Xorvatiya “Riyeka”sı ilə də yoxlama oyunu keçirmiş və həmin oyunda 1:2 hesabıyla uduzmuşdu.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR