Sizin reklam burada

“Neftçi” daha üç futbolçu ilə yolları ayırır

Baxış Sayı:603

“Neftçi” daha üç futbolçu ilə yolları ayırır
Dabo və Abışov macarların gücünü qabartdı
“Neftçi” heyətlə bağlı çalışmaları davam etdirir. Bir neçə yeni futbolçu transfer edilib, bəziləri yola salınıb, bəzi oyunçularla isə müqavilə müddəti uzadılıb. Onu da bildirək ki, “ağ-qaralar” Mayk Kampaz, Lukas Qomes və Fransisko Qarsiya ilə yolları ayırmaq fikrindədi. Bu futbolçuların müqaviləsinin müddəti qışda başa çatacaq. Lakin klub onlarla yola davam etmək istəmir. Dünən Qomes "instaqram" hesabında paylaşım edərək, Kampasla birgə klubun bazasına buraxılmadığını vurğulayıb.
Məsələ haqda “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevin fikirlərini öyrəndik: “Mövsüm başa çatandan sonra biz adı çəkilən futbolçuların həm özləri, həm də menecerləriylə müqaviləyə xitam verilməsiylə bağlı danışıqlar aparırıq. Gah futbolçu özü, gah da meneceri razı olmurdu. Təzminat ödəməklə anlaşmaya son verilməsini istəyirdik. Hazırda da danışıqlar davam edir və yaxın günlərdə bir nəticə əldə edəcəyik. Hər iki tərəfin razı qalması şərti ilə müqavilə başa çatdırılacaq. Bu haqda da ictimaiyyətə məlumat veriləcək. O ki qaldı futbolçuların bazaya buraxılmamasına, komanda məşqləri “İsmət Qayıbov”da edir. Həmin legionerlər isə saat 10-dan sonra bazaya gəliblər, hansı ki, o vaxt bütün komanda “İsmət Qayıbov”da olub. Bazadan bildiriblər ki, komanda burda yoxdu, məşqdədi. Bizdə kameralar var, kim istəsə, göstərə bilərik. Onlar sonradan bazaya daxil olublar. Sadəcə, komanda məşqdə olanda rəhbərlik də “İsmət Qayıbov”a gəlir. Mühafizə idman direktoruna məlumat verdikdən sonra o gəlib bazada həmin futbolçularla görüşüb, söhbət edib”.
"Neftçi” Avroliqanın 1-ci təsnifat mərhələsində “Uypeşt”lə qarşılaşacaq. Macarıstan təmsilçisi ilə ilk oyun iyulun 12-də Bakıda, cavab matçı isə ayın 19-da Uypeştdə keçiriləcək.
“Ağ-qaralar”ın yeni transferi Baqali Dabo klubun rəsmi saytına açıqlamasında püşkü dəyərləndirib: "Rəqibin kimliyindən asılı olmayaraq, oyuna tam olaraq köklənmək lazımdı. Avropa Liqası kimi turnirlərdə hər bir komanda sürpriz edə bilər. Hər bir komandanın şansı var. "Uypeşt” Macarıstan çempionatından Avroliqaya vəsiqə qazanmış bir komandadı, bu artıq bir göstəricidi. Amma biz daha çox özümüzü fikirləşməliyik. Bir neçə yeni oyunçumuz var, mən də onlardan biriyəm. Komandaya qısa zamanda uyğunlaşmalıyıq, bir-birimizi yaxşı başa düşməliyik ki, Avropa Liqasında uğurlu çıxış edə bilək”.
Komandanın kapitanı Ruslan Abışov isə bunları deyib: "Uypeşt” haqda ətraflı məlumatımız yoxdu, amma əminəm ki, yaxın günlərdə məşqçi heyətimiz bizi bütün lazım olan informasiya ilə təmin edəcək. Düzdü, istənilən halda, Macarıstan futbolunun nə qədər güclü olduğuna bələdik. Belə güclü çempionatdan Avropa Liqasına vəsiqə qazanan komanda zəif ola bilməz. Ümid edirəm ki, təlim-məşq toplanışı bizim üçün xeyirli olacaq və toplanışın faydasını Avroliqada görəcəyik”.
Yeri gəlmişkən, "Neftçi”nin fiziki hazırlıq üzrə məşqçisi Andrea Mezzu komandanın durumu ilə bağlı klubun rəsmi saytına danışıb: "Hazırda mənim tərəfimdən komanda üzvlərinin qiymətləndirməsi gedir. Amma indidən deyə bilərəm ki, hər kəsin ağır məşqlər üçün yaxşı bazası var. Ona görə də gündən-günə məşqlərin intensivliyini artırıram. Komandanın ümumi fiziki vəziyyəti bir neçə gündən sonra tam bilinəcək”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR