Sizin reklam burada

Yunis Hüseynov yaşıl meydanlardan uzaqlaşan oyunçunu futbola qaytarır

Baxış Sayı:609

Yunis Hüseynov yaşıl meydanlardan uzaqlaşan oyunçunu futbola qaytarır
“Kəpəz”in əvəzediciləri də başladı
Yanvarın 6-da istirahət müddətini başa vurub, ertəsi qış təlim-məşq toplanışına start verən “Kəpəz”lilər gündə iki dəfə olmaqla ADBTİA-nin stadionunda məşq edir. Yunis Hüseynovun heyətdə görmək istədiyi futbolçuların hamısı hələ ki komandaya qoşulmasa da, yeniləri görmək mümkündü.
Vaxtilə “Mançester Siti”nin şərəfini qorumuş Aleks Nimelinin artıq Bakıda olduğunu xəbər vermişdik. Əslən Liberiyadan olan futbolçu dünəndən kollektiv çalışmalara qoşulub. Məşqdə iştirak edənlər arasında “milləşdirilmiş” Qvanzav Maqomedov da var. Vaxtilə “Bakı”, AZAL, “Səbail” kimi yerli klubların şərəfini qorumuş müdafiəçinin son iş yeri Rusiyanın aşağı dəstə klublarından biri olmuşdu. Digər futbolçu isə Elşən Rzazadədi. Vaxtilə “Xəzər Lənkəran”ın heyətində Yunis Hüseynovun rəhbərliyi altında oynamış dayaq yarımmüdafiəçisi əsas yığmanın o vaxtkı çalışdırıcısı Robert Prosineçkinin də diqqətini çəkməyi bacarmışdı. Elşən sonradan “Neftçi”yə keçmiş, orda möhkəmlənə bilmədiyindən aşağı dəstədə “Mil-Muğan”ın uğurları üçün tər tökmüşdü. Lakin səhhətindəki riskli xəstəlik ucbatından təxminən ilyarım əvvəl böyük futboldan uzaqlaşmışdı. Hər iki futbolçu “Kəpəz”də baxışdadı. Qarşıdakı bir həftədə, dəqiq desək, komanda ayın 17-də Antalyaya yollanana qədər baş məşqçi onlar haqda qərarını verəcək. Deyilənlərə inansaq, 11 il əvvəl “Karvan”da Yunis bəyin rəhbərliyi altında çıxış edən Əziz Quliyev də yaxın günlərdə Gəncə təmsilçisinin düşərgəsinə qoşulacaq. Bakıdakı toplanışda daha 2-3 legionerin iştirak edəcəyi gözlənilir.
Borca görə girişinə qadağa qoyulan ”Kəpəz”in saytı artıq fəaliyyətini bərpa edib. Dünən əvəzedicilərlə bağlı məlumatı elə saytdan əldə etdik. Belə ki, Ceyhun Tanrıverdiyevin yeni baş məşqçi təyin olunduğu komanda da toplanışa start verib. Əsasən fiziki hazırlığa hesablanan məşqlərdə 22 futbolçunun çıxış etdiyini xatırladaq.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR