Sizin reklam burada

Svanadze axır ki yeni müqaviləyə imza atdı

Baxış Sayı:501

Svanadze axır ki yeni müqaviləyə imza atdı
“Bu heyətlə nə edəcəyimizi bilmirəm”
Axır ki gözlənilən baş tutdu. Söhbət Zaur Svanadzenin “İnter”lə yeni müqaviləsindən gedir. İyulda sözləşməsinin müddəti başa çatan mütəxəssis artıq 1 ay 7 gün idi komandanı müqaviləsiz çalışdırırdı. Hətta gürcü mütəxəssis paytaxt klubunu müqaviləsiz Avroliqa matçlarına da çıxarmışdı. Yeni müqavilənin gec imzalanmasının kökündə, təbii ki, “İnter”dəki ağır durum dayanır. Maliyyə çətinliyi ilə üzləşən klub futbolçuların maaşını ödəyə bilmir. Klubun gələcəyi də qaranlıqdı. AFFA-nın himayəsində olan klubun adının dəyişəcəyi artıq dəqiqləşib. Ən pisi isə “İnter”in yaşamamaq təhlükəsinin olmasıdı. Bu üzdən futbolçular klubla müqavilənin müddətini uzatmaq istəmirdilər. Svanadze də yetirmələrinin komandada qalacağına dair təminat almamış sənədə imza atmaq niyyətində deyildi.
Artıq rəhbərliklə futbolçular, o cümlədən məşqçilər korpusu arasında danışıqlara yekun vurulub. Futbolçuların, demək olar ki, hamısı yeni müqaviləyə qol çəkiblər. Yetirmələri ilə yanaşı, Svanadze də sözləşməni imzalayıb. 59 yaşlı çalışdırıcı daha bir il sabiq “bankirlər”in uğurları üçün çalışacaq.
Dünən təcrübəli mütəxəssisin yeni müqavilə ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. O, rəhbərliyin hər şeyin yaxşı olacağını vəd etdiyini söylədi: “Bəli, artıq müqavilə imzaladım. Daha bir il “İnter”dəyəm. Hazırlığı davam etdiririk. Komandanı çempionata tam hazır etməliyəm. Futbolçuların da bir çoxu klubla yeni müqavilə bağlayıblar. Klubun taleyi ilə bağlı konkret nəsə söyləyə bilmərəm. Bizə deyiblər ki, maliyyə vəziyyəti ilə bağlı problem olmayacaq. Rəhbərliklə danışmışıq, bunu vəd ediblər”.
Svanadze Rauf Əliyevin getmək qərarına da münasibət bildirdi: “O, rəhbərliklə danışıb. Lakin konkret heç nə bilinmir. Deyirlər ki, getmək istəyir. Amma Raufun klubla müqaviləsi var. Hazırda komanda ilə məşqlərini davam etdirir. Rauf bizim üçün önəmli futbolçudu. Yaxın günlərdə məsələyə tam aydınlıq gələcək. İndi kimləri komandada saxlaya biləcəyimizi konkret deyə bilmərəm. Müqaviləsi olanlar, çox güman, qalacaq. Rəhbərlik heyəti qorumağa çalışır. Bu heyətlə nə edəcəyimizi bilmirəm. Çalışacağıq ki, yaxşı çıxış edək. Heyətimiz geniş olmasa da, oturuşub”.
Xatırladaq ki, Svanadze 2015-ci ilin iyununda “İnter”in baş məşqçisi postunda Kaxaber Tsxadadzeni əvəzləmişdi.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR