Sizin reklam burada

“Qəbələ” “abunəçi” statusundan qurtula biləcək?

Baxış Sayı:315

“Qəbələ” “abunəçi” statusundan qurtula biləcək?
Həftəsonu Topaz premyer-liqasında 23-cü turun oyunları keçiriləcək. Bu tur ikihakimiyyətliyə son qoyula bilər. Məsələ burasındadı ki, həm “Neftçi”nin, həm də “Qarabağ”ın xal itirməsi realdı. “Ağ-qaralar” özü üçün uğursuz rəqib olan “Zirə” ilə qarşılaşacaqsa, ağdamlıları çətin Qəbələ səfəri gözləyir. Avrokuboklara can atan “Səbail” debutant “Sabah”ın qonağı olacaq. Sumqayıtda isə autsayderlərin dueli prinsipiallıq daşıyır.
Qeyd edək ki, “CBC Sport” telekanalı turun bütün görüşlərini canlı yayınlayacaq.
Topaz premyer-liqası
4-cü dövrə, 23-cü tur
6 aprel
89. Neftçi – Zirə
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 7:+0=4-3, 6-9.
2015/16 – 1:1, 0:0; 2016/17 – 0:1, 1:2; 2017/18 – 1:2, 1:1; 2018/19 – 2:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 35-35-30
Bakı. Bakcell Arena. Saat 18.00
“Qarabağ”dan öndə olmasına rəğmən, “Neftçi” hələ avrokuboklara vəsiqəni rəsmiləşdirməyib. Halbuki Qurban Qurbanovun komandası ötən tur Sumqayıtdakı darmadağınla minimum tapşırığın öhdəsindən gəldi. Bu da “Qəbələ” ilə şəxsi oyunlardakı geriliyə görədi. Bölgə təmsilçisi sabah xal itirsə, “Neftçi” bu gün hətta məğlub olmaqla belə Avroliqaya vəsiqəni rəsmiləşdirəcək. Ancaq paytaxt təmsilçisi “Qəbələ”nin qələbə qazanmasını arzulayır. Axı belədə Roberto Bordinin komandası vahid liderliyi ələ ala, çempionluq mübarizəsində əsas rəqibindən aralana bilər. Hərçənd “Zirə” ilə oyunda qələbə qazanmaq asan olmayacaq. Ümumiyyətlə, qəsəbə təmsilçisi “Neftçi” üçün ən arzuolunmaz rəqibdi. İndiyə qədər premyer-liqada 15 dəfə qarşılaşan rəqiblərin duellərindən yalnız ikisində “ağ-qaralar” 3 xala sevinə bilib. Düzdü, “Zirə” 5 oyundu qələbə qazanmır. Son iki görüş isə heç-heçə bitib. Nə qədər qəribə səslənsə də, flaqman “Zirə”ni evində yenə bilmir. Bu tilsimi qırmaqla ilk növbədə psixoloji üstünlük əldə ediləcək. Samir Abasovun komandasında ab-havanın pozulduğunu ehtimal etmək olar. Axı “qartallar”ın 6 oyunluq məğlubiyyətsiz seriyası ötən turda qırılıb.
90. Sumqayıt – Keşlə
Hakimlər: ORXAN MƏMMƏDOV, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rauf Cabarov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 13:+3=4-6, 13-18.
2011/12 - 0:2; 2012/13 - 0:0; 2013/14 - 0:2, 0:1; 2014/15 - 0:0, 3:1; 2015/16 - 1:1, 0:1; 2016/17 – 1:2, 2:2; 2017/18 - 3:1, 2:1; 2018/19 – 1:4.
Cəzalı: Mehdi Cənnətov (Sumqayıt).
“Futbol+”in proqnozu: 30-40-30
Sumqayıt. Kapital Bank Arena. Saat 16.00
Autsayderlər “Kapital Bank Arena”da üz-üzə gələcəklər. “Sumqayıt” “Keşlə”ni yenib, nəhayət, sonuncu pillədən qurtulmağa çalışacaq. Ancaq Ayxan Abbasovun komandasının bunu bacarıb-bacarmayacağı bəlli deyil. Komandada özünəinam itib. “Gənclik şəhəri” təmsilçisi 4 aydan çoxdu qələbə qazana bilmir. Başqa sözlə, sumqayıtlılar 2019-cu ildə 3 xala həsrətdi. Bu azmış kimi, son turda doğma azarkeşlər qarşısında “Qarabağ” tərəfindən darmadağın olundular. Sözsüz ki, 0:6-dan sonra özünə gəlmək çox çətin olacaq. “Keşlə” 16 oyundu meydanı qolsuz tərk etmir. Son 7 matçda hər iki komanda qol vurub. Paytaxt klubu son iki qarşılaşmada qələbə qazanıb.
Onu da qeyd edək ki, oyunun hakim təyinatlarında sonradan dəyişiklik edilib. Hakimlər Komitəsi sonradan yan xətt hakimi Namiq Hüseynovu Vüqar Bayramovla əvəzlədi. Halbuki Vüqar “Keşlə-2” – “Turan Tovuz” görüşünə təyinat almışdı. Belədə onun əvəzinə divizion oyununa Teymur Teymurov göndərilib. Onu da qeyd edək ki, “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov bugünkü matçı da tribunadan seyr edəcək. 20-ci turda “Neftçi” ilə qarşılaşmada rəqibi vurduğuna görə qırmızı vərəqə alan və İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalanan Mehdi gələn həftə komandasına kömək edə biləcək.
7 aprel
91. Sabah – Səbail
Hakimlər: RƏHİM HƏSƏNOV, Mübariz Haşımov, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Sabah”ın bu rəqiblə ev oyununun balansı: 1:+0=0-1, 0:4.
2018/19 – 0:4.
Cəzalılar: Kərim Diniyev, Coşqun Diniyev (hər ikisi “Sabah”), Şəhriyar Rəhimov (Səbail).
“Futbol+”in proqnozu: 30-35-35
Masazır. Əlincə Arena. Saat 16.30
Son iki mövsümdə diviziondan elitaya yüksələn komandaların dueli maraqla gözlənilir. “Səbail” əvvəlki üç oyunda uduzmayıb. “Sabah” indiyədək rəqibinin qapısına bir qol vura bilməyib. Qələbə Aftandil Hacıyevin komandası üçün daha vacibdi. Düzdü, 7 turdu qələbə qazana bilməyən Elşad Əhmədovun komandası “qara zolaq”dan çıxmaq istəyir. Ancaq “Səbail” avrokuboklara iddialıdı və “Qəbələ” ilə 4 xallıq fərqi artırmaqla istəyinə doğru daha böyük addım ata bilər. “Dənizçilər” səfərdən qalib dönsə, “Qarabağ”ın da yardımı ilə ən yaxın izləyicisiylə uçurumu 6-7 xala çatdıra bilər ki, son 5 turda bu fərqi aradan qaldırmaq çətin olacaq.
Hər iki komanda oyuna ciddi itkilərlə çıxacaq. “Sabah” Diniyev qardaşlarının xidmətindən məhrumdu. Kərim ötən tur Qəbələdə aldığı qırmızı vərəqəyə görə cəzalıdı. Coşqun isə sarı vərəqə “limit”ini doldurub. “Səbail”ə gəlincə, Bayıl təmsilçisi “Zirə” ilə oyunun son saniyələrində vurduğu qolla komandasına vacib 3 xal qazandıran Şəhriyar Rəhimovun xidmətindən məhrumdu. Müdafiəçi ötən turda sarı vərəqə almaqla cəzalı duruma düşüb. Maraqlıdı ki, Şəhriyar “Sabah”la Masazırda baş tutan ikinci dövrənin oyununu da analoji səbəbdən buraxmışdı.
92. Qəbələ – Qarabağ
Hakimlər: SƏBUHİ BAYRAMOV, Yaşar Abbasov, Müslüm Əliyev, Kamal Umudlu.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 21:+7=5-9, 22-24.
2006/07 - 0:2; 2007/08 - 1:2; 2008/09 - 1:2; 2009/10 - 1:1, 3:1; 2010/11 - 2:1; 2011/12 - 0:0, 1:0; 2012/13 - 1:1, 0:2; 2013/14 - 0:1, 0:1; 2014/15 - 2:1, 1:1; 2015/16 - 2:2, 1:2; 2016/17 – 2:0, 2:0; 2017/18 – 1:0, 0:1; 2018/19 – 1:3.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40
Qəbələ. Şəhər stadionu. Saat 14.00
“Qarabağ”la oyun “Qəbələ” üçün bir neçə cəhətdən önəmlidi. Əvvəla, komanda üçünçülük şansını itirmək təhlükəsi ilə üz-üzədi. “Qarabağ”a uduzsa, “Səbail” xal fərqini artıra bilər ki, bu da mükafatlara iddiaya böyük ölçüdə kölgə salacaq. Bundan başqa, yaxın illərdə avrokuboklarda at oynadan “qırmızı-qaralar” “Qarabağ”a qapazaltı olmaqdan qurtulmalıdı. Məsələ burasındadı ki, Sənan Qurbanovun komandası cari mövsümdə bu rəqiblə keçirdiyi 3 oyunun hamısında məğlub olub. Son oyunda da yenilsə, “abunəçi” kimi utandırıcı status qazanacaq. Ümumiyyətlə, “Qəbələ” son 4 qarşılaşmada “Qarabağ”a uduzub. Sonuncu qələbədən isə az qala ilyarım ötür. “Qırmızı-qaralar” üçün görüşü prinsipial edən daha bir məqam tərəflərin kubokda da rəqib olmasıdı. Bölgə təmsilçiləri bu ay kubokun yarımfinalında üz-üzə gələcəklər. Başqa sözlə, sabahkı görüş kubok ərəfəsində son duel olacaq. “Qəbələ” titul qazana biləcək gücdə olduğunu nümayiş etdirməlidi.
1. Neftçi 22 14 6 2 37-15 48
2. Qarabağ 22 14 6 2 47-18 48
3. Səbail 22 10 4 8 26-22 34
4. Qəbələ 22 7 9 6 24-23 30
5. Sabah 22 6 5 11 16-30 23
6. Zirə 22 5 7 10 19-30 22
7. Keşlə 22 5 4 13 21-33 19
8. Sumqayıt 22 4 5 13 16-35 17
Bombardirlər: Baqali Dabo (Neftçi), Mahir Mədətov (Qarabağ) – 9, Ceyms Adeniyi (Qəbələ) – 8, Marko Deviç (Sabah), Emin Mahmudov (Neftçi), Filip Ozobiç (Qəbələ) – 7.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda "Zirə"yə, 8-ci turda isə "Qarabağ"a texniki məğlubiyyət (0:3) verilib.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR