Sizin reklam burada

“Hər iki tərəfin razılığına görə bu oyunlarda meydan sahiblərinə 3:0 hesablı qələbə veriləcək”

Baxış Sayı:881

“Hər iki tərəfin razılığına görə bu oyunlarda meydan sahiblərinə 3:0 hesablı qələbə veriləcək”“Neftçi”nin sadiq azarkeşlərindən biri 1989-90-cı illərdə yazdığı gündəlikləri redaksiyamıza təqdim edib. Həmin dövrün təkcə futbol olaylarını yox, həm də ictimai-siyasi mənzərəsini aydınlatmaq baxımından maraq doğuran gündəlikdən parçaları dəyərli oxucularımıza təqdim etməyi lazım bildik. Demək olar ki, yazılanların nöqtə-vergülünə toxunmadan.
(əvvəli qəzetin ötən saylarında)
11 may, saat 18.57. Görüşmədiyimiz müddətdə “Neftçi” bir oyun keçirdi. Orconikidze şəhərində mayın 9-da yerli “Spartak”a uduzdular – 0:4. Mayın 6-da isə “Kotayk”la oynamalıydılar. Lakin hər iki tərəfin razılığına görə bu oyunlarda meydan sahiblərinə 3:0 hesablı qələbə veriləcək. Güclülər dəstəsində isə ən maraqlı oyun “Spartak”la Kiyev “Dinamo”su arasında oldu. “Dinamoçular” 3:1 uddu. Mayın 7-də sinif uşaqları arasında kəndlərarası oyun oldu. 6:2 udduq.
19 may, saat 16.10. Bu gün şənbədi. Dünya çempionatının startına 19 gün qalır. Həmçinin birinci imtahanımıza isə düz bir həftə. Azərbaycan dilindən 25 bilet öyrənmişəm, “fizika”dan isə 10. Sabah daha 5 bilet öyrənəcəyəm. Dünən Ayaz Mütəllibovu respublika prezidenti seçdilər. Mayın 16-da SSRİ yığması futbolda İsrailə uduzdu – 2:3. “Neftçi” bu yaxınlarda oyun keçirməyəcək. Həmçinin güclülər dəstəsində dünya çempionatıyla bağlı iyulun 11-nə qədər fasilə elan olunub. Hələlik Moskva “Dinamo”su liderdi. Ölkədə siyasi vəziyyət aydınlaşmamış qalır. Litva ilə yanaşı, Latviya və Estoniya da müstəqilliyini elan edib. Onlar da bu fikirdədi ki, müstəqillik yolundan bir addım da geri çəkilmək olmaz. Bu qeydləri yazandan sonra bir az topla məşğul olacam.
Bu gün pioner təşkilatının yaranması günüdü. Lakin bunun mənə dəxli yoxdu. Dəstə rəhbəri olsam da, nə forma geyirəm, nə qalstuk taxıram, nə də ki nişan. Yanvar hadisələrinə etiraz əlaməti olaraq.
26 may, saat 21.55. Bu gecə televizorda “Retro” televiziya kinozalı var. Mayın 20-də çanaxbulaqlılara 3:7 uduzduq. Avropa Çempionları Kubokunu “Milan” qazandı. “Benfika”ya 1:0 hesabı ilə qalib gəldilər, topu Raykaard vurdu. Bu gün “cəbr”dən yazılı imtahan verdik. Dəqiq deyə bilərəm ki, “5” alacam. Ümumiyyətlə, günlər sönük keçir. Amma bu sönük günlərin ömrünün qurtarmasına 12 gün qalır. Dünya çempionatının startı ərəfəsindəyik. Bu gün birinci dəstədə də növbəti turun oyunları keçirilir. “Neftçi” oynamır.
2 iyun, saat 18.30. Artıq 6 gündü televizor açmırıq. Bu da dayımın qızının vaxtsız ölümü ilə bağlıdı. “İdman” qəzetində Ponomaryovla müsahibə var idi. Bildirir ki, həmişəlik İsveçdə qalıb məşqçilik edəcək. Həmçinin “Komsomolskaya pravda”da dünya çempionatının oyunlarının başlama vaxtı açıqlanmışdı. Hələlik Az.TV ilə hansı oyunların verilib-verilməyəcəyini bilmirəm. Ancaq necə olsa da, oyunların əksəriyyətinə baxacam. Hər üç imtahandan “5” aldım. İndi isə keçək futbol hadisələrinə. Dünya çempionatının başlamasına bir həftə qalır. Düzdü, SSRİ yığması da iştirakçılar arasında var. Amma hələ də bu komandaya azarkeşlik edib-etməyəcəyimi qətiləşdirməmişəm.
(davamı olacaq)

Oxşar xəbərlər
SON XƏBƏRLƏR