Sizin reklam burada

“Neftçi” ilk dörd oyunda bir qol da buraxmayan “Geoloq”u darmadağın etdi”

Baxış Sayı:790

“Neftçi” ilk dörd oyunda bir qol da buraxmayan “Geoloq”u darmadağın etdi”
“Neftçi”nin sadiq azarkeşlərindən biri 1989-90-cı illərdə yazdığı gündəlikləri redaksiyamıza təqdim edib. Həmin dövrün təkcə futbol olaylarını yox, həm də ictimai-siyasi mənzərəsini aydınlatmaq baxımından maraq doğuran gündəlikdən parçaları dəyərli oxucularımıza təqdim etməyi lazım bildik. Demək olar ki, yazılanların nöqtə-vergülünə toxunmadan.
(əvvəli qəzetin ötən saylarında)
7 mart, saat 15.30. Ruslan Abdullayevin xeyli əvvəldən dediyi fikir düz çıxmadı. O deyirdi ki, 1-ci dəstədə mövsüm aprelin 6-da başlayacaq. Lakin Çingiz İsmayılov televizorda dedi ki, mövsüm aprelin 2-də başlayır, özü də “Neftçi” ilk oyunu səfərdə keçirəcək. “Neftçi” üçün güclülər dəstəsinə çıxmağa əla imkan var. Belə ki, Tbilisi “Dinamo”su ilə “Quriya”nın yerini doldurmaq üçün birinci dəstədən elitaya 3 komanda gələcək, buranı isə biri tərk edəcək. “Dnepr” bu gün Portuqaliyada “Benfika” ilə oynayacaq. Deyəsən, təkcə Moskva radiosu ilə reportaj veriləcək. Hesabı ancaq sabah biləcəm. Sabah 8 Martdı. Dərsə getməyəcəyik. Martın 9-da da dərs olmayacaq. Əvəzində isə 8 gün ardıcıl dərsə gedəcəyik (bazar günü də daxil). Qarşıdan gözəl Novruz bayramı gəlir. Gündəliyi yazandan sonra divar qəzetinin bir səhifəsini, eləcə də “Həndəsə”dən misalları yazacam. Yəqin ki əclaf Qorbaçov prezident olacaq. Qızları təbrik etmədik. Pul yığdıq, ancaq təbrik şeyləri ala bilmədik. “Azərbaycan” qəzetində Xalq Cəbhəsinin bəyanatı dərc olunmuşdu. Martın 5-dən tətil müvəqqəti dayandırılıb. Həmçinin Xalq Cəbhəsi azadlıq əldə olunana qədər mübarizəni davam etdirəcəyini bildirir.
21 aprel, saat 18.30. “Neftçi” yeni mövsümə heç də uğurlu başlamayıb. Aprelin 7-də bizimkilər evdə “Kayrat”la heç-heçə etdi – 0:0. Aprelin 10-da “Paxtakor”u 3:0 uddular. Aprelin 17-də “Kuzbass” ilə səfər oyunu 0:0 bitdi. Nəhayət, dünən Moskvada “Lokomotiv”ə uduzdular – 1:2. Topları “Lokomotiv”dən 58-ci dəqiqədə Suxov, 61-ci dəqiqədə Çuqaynov, “Neftçi”dən isə 59-cu dəqiqədə Nazim Süleymanov vurdular. “Neftçi” çempionatda 7-10-cu yerləri bölüşür. 1-ci yerdə “Geoloq” gedir – 7 xal. 2-4-cü yürləri bölüşənlərin 6, “Neftçi”nin 4 xalı var. “Neftçi” növbəti oyunu aprelin 29-da Bakıda “Geoloq” ilə keçirəcək. Udacağı təqdirdə belə “Geoloq”u keçə bilməyəcək. Çünki qələbə sayına görə geri qalacaq.
27 aprel, saat 17.55. Axşam televizorda “Dalğa” var. “Neftçi” növbəti oyunu birisigün keçirəcək. BMKZ voleybolçuları son iki oyunda da qalib gəlib, 3-cü yeri tutdular. SSRİ yığma komandası Dublində İrlandiyaya uduzdu – 0:1. Ancaq güclü oyunşular oynamırdı.
29 aprel, saat 20.45. 15 dəqiqədi futbol qurtarıb – “Neftçi” ilə “Geoloq” arasındakı oyun. “Neftçi” ilk dörd oyunda bir qol da buraxmayan “Geoloq”u darmadağın etdi – 6:0. Topların üçünü Vəli Qasımov, birini Arif Əsədov, birini Nazim Süleymanov, birini isə Rasim Abuşov vurdu. Vəinin 2-ci və Nazimin 1-ci topu dəhşət idi. Heyf ki “Neftçi” həmişə belə oynamır. Bu gecə “Zaman”dan sonra “Ömrün olayları. Aprel”, sonra isə “Birisigün, gecəyarısı” filmi var. Mən Moskva ilə “Futbol icmalı”na baxacam. Biz bu il fizikadan və bilologiyadan imtahan verməliydik. Biologiya ləğv olundu. Aşağıdakı fənlərdən imtahan verəcəyik: cəbr, rus dili, fizika. Hokkey üzrə dünya çempionatında SSRİ İsveçi uddu – 3:0. Çexlər isə Kanadanı “ağlatdı” – 3:2. “Neftçi” növbəti oyunu mayın 6-da Abovyanda “Kotayk”la keçirməli idi. Oyun keçirilməyəcək. Hər iki komandaya 0:3 hesablı texniki məğlubiyyət veriləcək.
5 may, saat 20.42. Bu gün Mətbuat günüdü. “Zaman”dan sonra “Retro” var. “Retro”da türk filmi nümayiş etdiriləcək. İmtahanda rus dili əvəzinə Azərbaycan dili olacaq. Heç bir təzə xəbər yoxdu. Yarımsaatdı Təzəkənddən gəlmişəm. Onların kəndi ilə bizim kənd qarşılaşdı. 5:4 udduq.
(davamı olacaq)

Oxşar xəbərlər
SON XƏBƏRLƏR