Sizin reklam burada

Futbolun başlamasına isə cəmi 1 saat 55 dəqiqə qalır...

Baxış Sayı:476

Futbolun başlamasına isə cəmi 1 saat 55 dəqiqə qalır...
“Neftçi”nin sadiq azarkeşlərindən biri 1989-90-cı illərdə yazdığı gündəlikləri redaksiyamıza təqdim edib. Həmin dövrün təkcə futbol olaylarını yox, həm də siyasi mənzərəsini aydınlatmaq baxımından maraq doğuran gündəlikdən parçaları dəyərli oxucularımıza təqdim etməyi lazım bildik. Demək olar ki, yazılanların nöqtə-vergülünə toxunmadan.
7 mart 1989, saat 8.50. Bərk dilxoram. Çünki işıq yanmır ki yanmır. Hələ ki ümidlə yaşayıram. Futbolun başlamasına (söhbət SSRİ kubokunun 1988/89 mövsümünün 1/8 finalının Bakıda keçirilən cavab oyunundan gedir. Minsklilər ilk oyunda evdə 2:0 hesabıyla qalib gəlmişdi – red.) isə cəmi 1 saat 55 dəqiqə qalır.
9 mart, saat 11.10. Məktəbdəyəm, bədən tərbiyəsi dərsidi. Martın 7-də “Neftçi” – “Dinamo” (Minsk) oyunu 0:2 qurtardı. Topları Şalimo vurdu (8 və 72-ci dəqiqələr). Belə getsə, bu il hələ çox əsəbləşəcəyik.
13 mart, saat 9.00. Məktəbdə 1-ci dərs olan rus dili gedir. Axşam “Retro”ya baxa bilmədim. SSRİ çempionatının 1-ci turundan da xəbərim olmadı. Hesabları bilsəm, bura yazacağam. Zəng çalındı, tənəffüs...
14 mart, saat 10.20. Məktəbdəyəm. Azərbaycan dili dərsi gedir. Hələlik hesabları bilmirəm. Bu gün bayramdı. Xalqımızın gözəl bayramı – Novruz...
16 mart, saat 8.00. Evdəyəm, indi məktəbə gedəcəm. Dünən televizorda o qədər də yaxşı şeylər olmadı. Qorbaçov danışırdı.
16 mart, saat 19.45. İndicə qəzetlərin oxunuşunu başa çatdırdım. Ayın 13-də verdiyim vədi yerinə yetirirəm. 1-ci turun hesabları: Dnepr – Metallist 2:0, Dinamo Tbilisi – Dinamo Kiyev 2:2, Ararat – Dinamo Minsk 1:0, Spartak – Jalgiris 4:0, Dinamo Moskva – Zenit 3:0, Şaxtyor – Lokomotiv 1:0, Pamir – Rotor 1:1, Çernomorets – Torpedo Moskva 1:1. “Sovetski sport”da yaxşı yazılar vardı.
20 mart, saat 9.50. Məktəbdəyəm, fizika dərsi gedir. Müəllim yazı işi dəftərlərini yoxlayır. Sabah SSRİ çempionatının 3-cü turu başlayacaq. “Spartak” yenə liderdi. Axırıncı yerləri isə “Jalgiris” və “Zenit” tutur. Birinci dəstədə SSRİ çempionatının başlamasına 17 gün qalır.
Mart ayının 21-i, saat 22.30-du. “Zaman” gedir. Bir neçə dəqiqədən sonra Zeynəb Xanlarovanın konserti başlayacaq. “Zaman”ın sonunda yəqin ki 3-cü turun hesablarını deyəcəklər.
Mart ayının 22-di, qoluma saat taxmamışam. Rus dili dərsi gedir, Həmid qabaqda rus dilində isim hallandırır. Bu gün SSRİ və Hollandiya oynayacaq. Oyun televiziya ilə verilməyəcək. Sabah bəlkə qonşu kəndə futbol oynamağa getdik. Hə, oyun televiziya ilə verildi.
24 mart, saat 21.00. Evdəyəm, Həsən Turabova həsr olunan veriliş gedir. Bu gün onun ad günüdü. Gündəliyə 23-ü və 24-nün məlumatlarını yazıram. Ayın 23-də uşaqlarla Kolatana getməyi qərara aldıq. Lakin R. müəllim bizi köməyə apardı və gecikdik. Niyaz müəllimin oğluna dedik ki, sabah gələcəyik. “Çay dəstgahı”na baxa bilmədim. Amma 1-ə 15 dəqiqə qalmış futbola baxdım. SSRİ – Hollandiya (özgə meydançasında) 0:2. Marko van Basten və Ronald Kuman vurdu. İndi isə keçək ayın 24-nə. Bu gün televizorda “Dalğa” var. Rüblükdə qiymətlərimin hamısı “5” oldu. Günün ən mühüm hadisəsi isə Kolatana getməyimiz oldu. Bizim heyət belə idi: mən, Şaiq, Hikmət, İlham, Elçin, Faiq, Həmid, Zaur. Oyunun 2-ci hissəsinin əvvəli gedir. Mən künc zərbəsi qaldırıram. Top Sultanın əlinə dəyir. Mən 11 metrlik vururam. Məhəmməd yerindən tərpənə bilmir. Top artıq qapının sol küncündən keçir – 1:2. Bundan sonra Şaiq iki gözəl qol vurur. Hesab bizim xeyrimizə 3:2 olur. Razılaşırıq ki, bir top vurmaqdan oynayaq.
(davamı olacaq)

Oxşar xəbərlər
SON XƏBƏRLƏR