Sizin reklam burada

Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir

Baxış Sayı:824

Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir
Olimpiya çempionu isə yeni kateqoriyada güləşəcək
Fransanın paytaxtı Parisdə keçirilən güləş üzrə dünya çempionatının bizim üçün ən yaddaqalan hadisəsi Hacı Əliyevin (61 kq) üçüncü dəfə dünya çempionu olaraq yeni rekorda imza atması oldu. Onun bu uğuru bir çox tanınmış güləşçilərimizin mundialdakı uğursuzluğunu qismən unutdurdu. Sabit çıxışıyla seçilən Naxçıvan güləş məktəbinin yetirməsi arxayınlaşmaq fikrində deyil. Artıq DÇ-nin başa çatmasından bir neçə gün sonra yığmanın məşqlərinə start verilib. Hazırlıq prosesində üçqat dünya çempionu da iştirak edir. Əliyevin ilin sonunadək hansısa yarışda iştirak edib-etməyəcəyini söyləyə bilmərik. Ancaq bir məqam dəqiqdi ki, Hacı gələn ildən titullar qazandığı 61 kq-da yox, 65 kq-da çıxış edəcək. Belədə çox çəki salmağa ehtiyac qalmayacaq. Yarış ərəfəsində cəmi 2-3 kq “əridəcək” pəhləvan gücünü daha çox qorumuş olacaq. Əslində hələ Rio-2016 ərəfəsində Əliyev bu çəkidə çıxış etmək istəyirdi. Bunu da mətbuat vasitəsiylə bir neçə dəfə dilə gətirib. Ancaq məşqçilər korpusu bu çəkidə Toğrul Əsgərovun olduğunu nəzərə alaraq, Olimpiya Oyunlarında Hacının 57 kq-da güləşməsinə qərar verdi. Özünə yad çəkidə çıxış etməsi fonunda Əliyevin qazancı bürünc medal oldu. Üçüncü dəfə dünya çempionu olduqdan sonra baş məşqçi Firdovsi Umudov köməkçiləriylə məsləhətləşib və Hacının gələn ildən yarışlarda 65 kq-da çıxış etməsini qərara alıb.
Bəs Əsgərov “ofsayd”da qalacaq? Toğrulun hələ buna qədər həll etməli olduğu problemlər var. Birincisi, olimpiya çempionu dopinqli olduğundan yığmanın təlim-məşq toplanışından uzaqdı. Başqa zalda hazırlıq keçən gəncəli pəhləvanın cəzası gələn ilin aprelində başa çatacaq. İkincisi, yanvarda Hindistanda keçirilən yarışdan “xatirə” qalan zədənin müalicəsi hələ də yekunlaşmayıb. Bu məsələdə fikirlər haçalanır. Əsgərov cərrah masasına uzana bilər. Ancaq zədənin yeri sinirə yaxın olduğundan əməliyyat yetərincə riskli sayılır. Bu üzdən alternativ yolla müalicəni məsləhət görənlər var. Məsələ açıq qalıb. Lap Toğrul gələn il cəza bitdikdən sonra tam hazır vəziyyətə gəlsə belə, 65 kq-dan əlini üzməli olacaq. Bundan sonra 3-cü dəfə Olimpiadada çıxış edə bilmək üçün 74 kq-da uğur qazanmağa çalışmalıdı. Hərçənd bu çəkidə “1 nömrə” olmaq heç də asan başa gəlməyəcək. Unutmayaq ki, illərdi bu çəkidə Cəbrayıl Həsənov yetərincə uğurlu çıxış edir. Hətta Həsənov yaş amilinə görə çıxdaş edilsə belə, ehtiyatda daha bir gəncəli pəhləvan, gənc və böyük perspektiv vəd edən Murad Süleymanovun olduğunu unutmayaq.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR