Sizin reklam burada

Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı

Baxış Sayı:890


“Yığmaya 100 namizəd olsaydı, Polinanın gedişiylə barışardıq”
Qadınlardan ibarət voleybol yığmamız növbəti dəfə əsas hədəfdən yan keçdi. Təbii ki, söhbət Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdan gedir. Braziliyanın Uberlandiya şəhərində Covanni Kaprara ilə uğursuzluq yaşanmışdısa, milli komanda bu dəfə Vasif Talıbovun rəhbərliyi altında etimadı doğrultmadı. Qızlar Niderlandın Apeldorn şəhərində təşkil olunan Avropa Olimpiya Təsnifat Turnirində qrup səddini belə aşa bilmədi. Türkiyənin zəfəri ilə yekunlaşan yarış yığmada uzun illərdi gördüyümüz problemlərin aradan qaldırılmadığını üzə çıxardı. Uğursuzluğu şərtləndirən səbəblər kifayət qədərdi ki, buna aydınlıq gətirəcək yeganə şəxs baş məşqçidi. Odu ki, dünən Vasif Talıbovla söhbətləşməyi qərara aldıq.
- Komandanın ümumi çıxışından başlayaq. Yarımfinala adlamaq üçün qrupda ilk iki yerdən birini tutmaq tələb olunurdu ki, rəhbərlik etdiyiniz yığma sonuncu oldu...
- Öncə onu qeyd edim ki, hər bir oyunda məqsəd qələbə qazanmaq idi. Meydana məhz bu istəklə çıxırdıq. Niderlandla ilk qarşılaşmada qələbə qazanmalıydıq. Hər halda, ilk setin gedişi də bundan xəbər verirdi. Amma alınmadı. Yersiz səhvlər məğlubiyyətə səbəb oldu. Bu isə qızlara psixoloji cəhətdən pis təsir etdi. Bir növ həvəsdən düşdülər. Nəticədə Bolqarıstana və Polşaya da uduzduq.
- Diqqətimizdən yayınmayan bir neçə məqam oldu ki, onlara münasibət bildirməyinizi istərdik. Yığmanın oyununda son bir neçə ildə gördüyümüz qüsurlar hələ də aradan qaldırılmayıb. Voleybolçularımızın həmlələri yetərincə bəsitdi, sürət və rəngarənlik çatmır. Bu isə rəqibin müdafiədə asanlıqla toparlanmasına gətirib çıxarır.
- Sizinlə razıyam. Amma bunun səbəbləri var. Zədə üzündən Alyona Həsənovanın xidmətindən yararlana bilmədik. Kristina Yaqubovadan isə bu turnirdə istədiyimizi ala bilmədik. Voleybol kollektiv idman növüdü. Həmlələr zamanı bütün oyunçuları zərbə mövqeyinə çıxarmalısan ki, rəqib üçün gözlənilməz effekt versin. Biz isə bunu bacarmadıq. Yaqubova xarakterli voleybolçudu, sadəcə, Niderlandda lazımi səviyyədə çıxış edə bilmədi. Belə şeylər olur. Biz yenə də ona güvənirik.
- Yığma üzvlərinin psixoloji hazırlığında da problem müşahidə etdik. Hətta 4-5 xal öndə olduğumuz setdə belə üstünlüyü asanlıqla əldən verirdik. Fərqi artırmaq əvəzinə voleybolçularımız “psixoloji çuxura yuvarlanırdılar”...
- Voleybol özü psixoloji oyundu. Üstəlik, problemlərimiz həddən artıq çox idi. Hazırlıq üçün vaxtımız da az oldu. Baş məşqçi postuna təyinatımdan sonra, dekabrın 24-də Bakıda yığışdıq. Sonra Türkiyəyə, ordan isə Polşaya yoxlama oyunları keçirməyə getdik. Yəni hardasa 12-13 gün hazırlaşmaq imkanımız oldu. Bu üzdən də bütün problemləri aradan qaldırmaq çətindi.
- Polina Rəhimova haqda bir neçə suala ehtiyac var. Yığmanın lideri, dünya voleybolunun ulduzlarından sayılan oyunçu Apeldornda qətiyyən özünə bənzəmədi. Nə baş vermişdi?
- Ciddi heç nə. Polina köhnə, ənənəvi üslubunda oynayır. Yəni yüksək toplarla təmin olunmasını istəyir. Buna qarşı isə rəqiblər hazırlıqlı idi. Nəticədə ondan istədiyimizi ala bilmədik.
- Hətta onu əvəzləsəz də, yenə heç nə dəyişmədi. Bəlkə hansısa problemi var idi, psixoloji cəhətdən hazır deyildi?
- Onun həmişə psixoloji problemləri olub. Bu turnirdə çox zəif çıxış etdi.
- Polina Bolqarıstanla ikinci oyundan sonra Polşa ilə görüşün onun üçün yığmada sonuncu olacağını açıqladı. Bu xəbər sizin üçün gözlənilməz oldu, yoxsa öncədən bilirdiz?
- Əlbəttə, gözlənilməz açıqlama idi. Amma bu, onun bir daha yığmada oynamayacağı anlamına gəlməməlidi. Milli komandamıza 100 namizəd olsaydı, Polinanın gedişiylə barışardıq. Amma belə deyil axı. Yığma üçün vacib, faydalı oyunçudu. Təbii ki, federasiya rəhbərliyi səviyyəsində onunla söhbət ediləcək və qayıtmasına cəhd olunacaq. Yəni bu məsələyə nöqtə qoymaq tezdi.
- Yığmanın kapitanı Odina Əliyevanın və bəzi başqa voleybolçuların heyətdən kənarda qalmasının səbəbi nədi?
- Bildiyiniz kimi, Odina təzəlikcə İndoneziya klubuna keçib. Amma yığmada yer almaması bununla bağlı deyildi. Bir neçə kiçik zədəsinin müalicəsi ilə məşğul idi. Yana Kulan da həmçinin. Natalya Məmmədovanın da komandaya köməyi dəyə bilərdi. Düzdü, yaşı çoxdu, amma zədəli idi. Hər şey yaxşı getsə, onu da yenidən yığmada görə bilərik.
- Aşağı yaş qruplarında yığmanı gücləndirəcək potensialda voleybolçular var?
- Əlbəttə, potensiallı, perspektivli gənclərimiz var. Amma hələ nüfuzlu turnirlərdə komandaya kömək edə biləcək səviyyədə deyillər. Onlarla da ciddi iş gedir. Bir neçə ildən sonra kömək edə bilərlər.
- Federasiyanın vitse-prezidenti, yığmanın sabiq məşqçisi və hazırkı məsləhətçisi Faiq Qarayev də Apeldornda sizinlə birlikdə idi?
- Xeyr, Faiq bəy Niderlanda getməmişdi.
- Bakıya qayıdandan sonra onunla görüşmüsüz?
- Bəli. Amma ətraflı söhbətimiz olmayıb. Ayaqüstü danışmışıq.
- Komandanın çıxışı ilə bağlı iclas planlaşdırılmayıb?
- Artıq vaxt təyin olunub. Gələn həftə iclas keçiriləcək. Rəhbərliklə yığmanın təsnifat turnirində çıxışını müzakirə edəcəyik.
- Sonda ölkə çempionatı ilə bağlı fikirlərinizi eşidək.
- Təbii ki, ötən il çempionatın səviyyəsi aşağı idi. Bu il isə səviyyə nisbətən yüksəlib. Üstəlik, növbəti mövsüm avrokuboklara qatılacağıq. İki komandamız qitəmiqyaslı turnirlərdə çıxış edəcək. Bir sözlə, hər şeyin yaxşı olması üçün federasiya rəhbərliyi tərəfindən lazımi addımlar atılır.
RÖVŞƏN DURMUŞOV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR