Sizin reklam burada

Həm “Qarabağ“a, həm də “Şerif”ə tanış hakim

Baxış Sayı:501

Həm “Qarabağ“a, həm də “Şerif”ə tanış hakim
Qapımıza olmayan penaltini təyin edən Stavrev gəlir
“Şerif”lə səfər qarşılaşmasında Harald Lehnerin ayağı bizimkilər üçün növbəti dəfə düşərsiz oldu. Bu qarşılaşmaya qədər avstriyalı referi azərbaycanlıların yığma və klub səviyyəsində 5 oyununda görünmüşdü ki, təmsilçilərimiz heç bir halda qalib gələ bilməmişdi. “Qarabağ”ın Moldova çempionuna uduzması Lehnerin bizim üçün uğursuz hakim olduğunu növbəti dəfə sübut etdi.
Cavab oyunu isə makedoniyalı hakimlər briqadasına tapşırılıb. Meydanda əsas söz sahibi Aleksandr Stavrev olacaq. Yan xətdə ona Maryan Kirovski ilə Deyan Kostadinov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Dimitar Meçkarovski yerinə yetirəcək. Onların işinə qiyməti belçikalı Yohan Verbist verəcək. UEFA nümayəndəsi Latviyadandı – Yevgeni Milevski.
Stavrevi azərbaycanlı futbolçular və futbolsevərlər üçün tanış sima adlandırmaq olar. 2006-cı ildən beynəlxalq dərəcəli hakim statusunu daşıyan makedoniyalı ədalət təmsilçisi geridə qalan 12 il ərzində 82 belə oyun idarə edib. Yığmaların seçmə mərhələ oyunları, Avroliqa və Çempionlar Liqasının qrup mərhələlərinin qarşılaşmaları. Yoldaşlıq görüşləri və avrokubokların seçmə mərhələ matçları da öz yerində. Və həmin 82 oyunun arasında bizimkilərin də matçı var.
Stavrevi ölkə futbol ictimaiyyətinə ilk dəfə 2008-ci ilin sentyabrında təqdim etmişik. 10 il əvvəl milli DÇ-2010-nun seçmə mərhələsində Uelslə qarşılaşırdı. Kardiffdə baş tutan görüşdə Berti Foqtsun rəhbərlik etdiyi kollektiv rəqibinə 0:1 hesabı ilə uduzmuşdu. Fabio Luis Ramimi “qırmızı” ilə vaxtından əvvəl paltardəyişmə otağına göndərən makedoniyalı Rəşad Sadıqov, Kamran Ağayev, Elmar Baxşıyev və Samir Abasovu sarı vərəqə ilə cəzalandırmışdı.
2010-nun noyabrında baş tutan oyun isə yoldaşlıq görüşü xarakteri daşıyırdı. Çernoqoriyada məhz bu ölkənin yığmasına qarşı keçirilən qarşılaşmada meydan sahibləri 2:0 hesablı qələbəyə sevinmişdi. Stavrev bu oyunda Elvin Məmmədov, Rahid Əmirquliyev və Vaqif Cavadovu “sarı” ilə cəzalandırsa da, həmin gün hazırda “Qarabağ”ın formasını geyənlərdən heç biri meydanda olmayıb.
Yenə Stavrev, yenə yığmanın oyunu. Berti Foqtslu millinin yolu onunla bu dəfə nə Kardiffdə, nə də Podqoritsada kəsişir. DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində yığma Moskvada Rusiya millisinin qonağı olub. Stavrev bu oyuna damğa vurmağı bacarıb. Hesabın 0:0 olması heç bir halda meydan sahiblərinə sərf etmirdi deyə, makedoniyalı 84-cü dəqiqədə bizimkilərin qapısına olmayan penalti təyin edib. Xatırlayırsızsa, Əli Gökdəmir cərimə meydançasından kənarda Vladimir Bistrova qarşı kobudluq etsə də, Stavrev bunu 11 metrlik cərimə zərbəsi kimi dəyərləndirmişdi. Yekunda Roman Şirokovun penaltidən vurduğu qol həlledici olmuşdu. Rəşad Sadıqov bu dəfə də meydanda olmasa da, indiki “Qarabağ”lılardan Maksim Medvedev 90 dəqiqə oynayıb, Bədavi Hüseynov isə ehtiyatda qalıb. Maksimlə yanaşı, Kamran Ağayev, Vaqif Cavadov və Vüqar Nadirov sarı vərəqə ilə cəzalanıb.
Stavrevin yolu nəhayət ki, “Qarabağ”la da kəsişib. Lakin o bu dəfə də Bakıya gəlməyib. 2016-nın iyulunda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Plzendə “Viktoriya” ilə keçirilən oyunda makedoniyalı əsas söz sahibi olub. Görüş 0:0 hesabı ilə başa çatsa da, referi 75-ci dəqiqədə rəqibin futbolçusunu ikinci sarı vərəqə ilə meydandan qovub. “Qarabağ”dan isə Mahir Mədətova “sarı” göstərib.
Stavrevi moldovanlar, xüsusən də “Şerif” üçün tanış hakim saymaq olar. Belə ki, AÇ-2016-nın seçmə mərhələ dueli sayılan Avstriya - Moldova oyununu məhz o idarə edib. Avstriyalılar 1:0 hesablı qələbəyə sevinib.
2009-cu ildə isə Avroliqanın qrupunda “Şerif” – “Fənərbaxça” matçında meydanda əsas söz sahibi olanda türklər 1:0 qələbə qazanıblar. Hə, əsas məsələ. “Şerif” ötən il “Qarabağ”a məğlub olub mübarizəni Avroliqanın pley-offunda davam etdirəndə “Legiya”ya rəqib olmuşdu. Polşalılarla səfərdəki görüş 1:1 hesabı ilə yekunlaşmışdı ki, Stavrev bu oyunda hakimlik etmişdi.
Bir sözlə, həm “Qarabağ”, həm də “Şerif” üçün tanış simadı. Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov isə onun idarəçiliyinə daha yaxından bələddi. Bakıya ilk dəfə səfər edəcək makedoniyalının idarə etdiyi oyunlarda bizimkilər qələbənin nə olduğunu bilməyib. Görək bu dəfə necə olacaq.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR