Sizin reklam burada

Araz karyerasını Avropada davam etdirəcək

Baxış Sayı:506

Araz karyerasını Avropada davam etdirəcək
Mövsümlərarası fasilədə “Panionios”lə anlaşan, ancaq bəzi səbəblərdən Ellada torpağında top qovmaqdan imtina edən Araz Abdullayevin klubsuz günləri davam edir. Müqavilə ilə Yunanıstan klubuna məxsus olan Abdullayevin karyerasını Avstriyada davam etdirmək perspektivinin olduğunu ötən saylarımızın birində bildirmişdik. Onu da vurğulamışdıq ki, millinin də şərəfini qoruyan yarımmüdafiəçi ilə Portuqaliyanın güclülər dəstəsində çıxış edən bəzi klublar da maraqlanır. Ancaq geridə qoyduğumuz günlər də Abdullayevlə bağlı heç bir xəbər ortaya çıxmadı.
Bunu nəzərə alıb, futbolçunun adının çəkilməsini istəməyən agenti ilə əlaqə saxladıq. Hazırda ölkə xaricində olan menecer növbəti dəfə müştərisinin tezliklə yeni klubla anlaşacağını bildirdi: “Araz hazırda müqavilə ilə “Panionios”a məxsus olsa da, klubdan ayrılıb. Ötən dəfə sizə dediyim kimi, futbolçu karyerasını yenidən Avropada davam etdirmək niyyətindədi. Avstriya variantı hələ də gündəmdədi. Arazı heyətinə qatmaq istəyən klubun idman direktoru ilə bugünlərdə danışmışam. Onlar yarımmüdafiəçinin keçidində maraqlıdılar. Sadəcə, bəzi detallar var ki, onlar həllini tapmadan transfer baş tuta bilməz”.
“Həmin detallar nədən ibarətdi” sualına isə qarşı tərəf belə cavab verdi: “Bu haqda geniş məlumat verməyim düzgün çıxmaz. Yalnız onu deyə bilərəm ki, bura Yunanıstan klubunun Araz üçün ödədiyi məbləğ və futbolçunun şəxsi müqaviləsinin şərtləri daxildi. Avropada mövsümün başlamasına hələ xeyli vaxt var. Bu üzdən tələsik qərar vermək istəmirik. Avstriyalılarla ortaq məxrəcə gələ bilməsək, başqa təklifləri gözdən keçirəcəyik. Abdullayevin yeni mövsümə qədər Azərbaycan klublarıyla anlaşması ehtimalı isə sıfra bərabərdi”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR