Sizin reklam burada

“Elə bir vəziyyət yaranıb ki, adam söz də deyə bilmir”

Baxış Sayı:256


Azarkeşlər PFL-in qadağasına hörmətlə yanaşırlar
PFL-in saytında yerləşdirilən məlumat çoxlarının üzünün gülməsinə səbəb oldu. Deməli, karantin rejimi mayın 4-də aradan qaldırılsa, premyer-liqa təmsilçiləri hazırlığa start verib, mayın 23-də 21-ci turun oyununa çıxacaqlar. Əlbəttə, xoş xəbər kimi buna sevinməmək olmur.
Amma məsələnin başqa tərəfi də var. Çempionat bərpa olunsa belə, oyunlar boş tribunalar önündə, yəni azarkeşsiz keçiriləcək. Fanatlar üçün bu xəbərin nə olduğunu demək artıqdı. İllərdi könüllərində tribuna sevgisini daşıyan fanatları biranlıq təsəvvür edin, sadəcə.
Söhbət insan sağlamlığından, koronavirus təhlükəsindən gedirsə və bütün dünya qabaqlayıcı addımlar atırsa, bizimkilərin çıxardığı (çıxaracağı) qərarı anlayışla qarşılamaq lazımdı. Tribuna yüzlərlə, minlərlə adamın toplaşdığı yerdisə, deməli, ehtiyatlanmaq vacibdi. Görəsən, premyer-liqanın hər turunda tribunalarda görməyə alışdığımız azarkeş qruplarının rəhbərləri, üzvləri nə düşünür? Azarkeşsizlik məsələsində onların mövqeyi necədi?
Sübhan Əliyev (Forza Neftçi): “Açığı, PFL-in saytındakı xəbəri oxuyanda xeyli sevindik. Bizimlə bağlı xatırlatmaya qədər hər şey yaxşı idi. Oyunların azarkeşsiz keçirilməsi ilə bağlı cümləni oxuyanda qanımız qaraldı. Neçə ay otur gözlə, indi də belə. Sevdiyin komandanın oyununu kənardan izləmək adama əzab verir. Çox istərdik stadionda olaq, “Neftçi”yə dəstək verək. Sadəcə, elə bir vəziyyət yaranıb ki, adam söz də deyə bilmir. Bu dəqiqə tək biz yox, dünyadakı bütün fanatlar əziyyət çəkir. Ona görə də qalırsan belə. Belə bir xəstəlik əsrdə bir dəfə olar, ya olmaz. Dözməkdən başqa çarəmiz yoxdu. O boyda Avropada çempionatları ləğv edirlər, qaldığı yerdə başa vururlar. Yenə yaxşı ki, bizdə bərpa etmək fikirləri var.
Dövlət, futbol rəhbərliyi azarkeşi, xalqını qorumaq istəyir. Bizim üçün atılan addımdı. Ən pis halda hardasa yığışıb baxarıq. Fanatıq, karantin qurtarsa, Allahın izni ilə stadionun yanından dəstək olarıq. Yenə deyirəm, dözməkdən başqa yolumuz yoxdu”.
Elvin Əsədov (İmarət): “Hər oyunda tribunadakı yerimizi tutub, “Qarabağ”ın yanında olduğumuzu göstərmək dəyişməz məqsədimizdi. Başqalarını deyə bilmərik, amma biz, çempionat bərpa olunsa belə, oyunların azarkeşsiz keçiriləcəyini bilirdik. Belə deyim, buna hazır idik, bizim üçün yenilik olmadı. Xatırlayırsızsa, hələ karantin dövründən əvvəl oyunların azarkeşsiz keçirilməli olduğunu demişdilər. Və bu hissləri ilk dəfə onda yaşamışdıq. Ona görə də qeyri-adi hisslər keçirmədik.
Belə bir qərar qəbul ediblərsə, yaxud edəcəklərsə, nə deyə bilərik? Dövlərin təhlükəsizlik tədbirləridi, qarşı çıxmaq olmur. Əlbəttə, çox istərdik stadionda olaq. Alınmayandan sonra edə biləcəyimiz bir şey yoxdu. Kimsə televizorda “Qarabağ”ın oyununa baxmaq haqda danışanda mənə qəribə gəlirdi. Sən demə, bu günlər bizi də gözləyirmiş. Azərbaycanda hansısa oyuna stadiondan baxmadığımı xatırlamıram. Həftələrdi, aylardı çempionatın bərpasını gözləyirdik ki, “Qarabağ”ımızı görək, o da belə alındı. Ümid edirik ki, ən qısa zamanda vəziyyət yaxşıya doğru dəyişər və biz azarkeşlər yenidən tribunadakı yerimizi tutarıq”.
Cavad Şərifli (Red Black Army): “PFL-in məlumatından, təbii ki, xəbərdaram. Həmişə deyirik ki, azarkeşik, bizi başa düşmək lazımdı. Amma indiki halda biz onları və özümüzü başa düşməliyik. Həyatda insan sağlamlığı hər şeydən önəmlidi. Əlbəttə, komandamıza kənardan baxmaq çətin olacaq. İllərdi tribunadayıq, isti-soyuq, qar-yağış, yaxın-uzaq bilmədən daim tribunada olmağa çalışmışıq. İndi isə nəinki tribunasız, ümumiyyətlə, futbolsuz qalmışıq.
Futbolun başlayacağına sevinsək də, oyunları televiziya vasitəsi ilə izləmək adama cansıxıcı gəlir. İstənilən halda, veriləcək qərarla razılaşmaqdan başqa çarəmiz yoxdu”.
Elnur Yusifov (Old Wolf): “Sevdiyin komandanın çıxışını kənardan izləmək adama çətin gəlir. Çox istərdik ki, hansısa qaydalar qoyulsun, qadağalar olsun, amma tribunadakı yerimizi tutaq. Heç kimin xətrinə dəyməsin, onsuz da Azərbaycan çempionatında azarkeşlərin sayı çox deyil. Həmin 300-500 nəfər əlcək-maskada oyuna gəlib, bir-birindən 2-3 metrlik məsafədə dayanardı. Maşallah, stadionların hamısı böyükdü, yerləşmək olardı. İstənilən halda, veriləcək qərarı anlayışla qəbul etməliyik. Düzdü, çətindi, amma canımızın sağlamlığı hər şeydən vacibdi. Sevindiri hal odu ki, çempionat bərpa olunacaq, oyunlar keçiriləcək. Ən azı televiziyadan olsa da, futbola baxarıq”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR