Yaşar Vahabzadə Arzu Mirzəyevə cavab vermədi
Ötən həftə “Kəpəz”in baş məşqçisi təyin olunan Yaşar Vahabzadə srağagün Gəncəyə səfər edərək, “sarı-göylər”in futbolçuları ilə görüşüb, infrastrukturla tanış olub. Yaşar bəylə söhbətdə ilkin təəssüratını bizimlə bölüşməsini istədik: “Mən və məşqçilər korpusunda yer alan mütəxəssislər futbolçular və texniki heyətin üzvləri ilə bir araya gəldik. Tanışlıq xarakteri daşıyan görüşə ötən mövsüm “Kəpəz”in şərəfini qoruyan 12 oyunçu qatılmışdı. Mən çıxış etdim, futbolçuları dinlədim. İnşallah, çalışacağıq Gəncə azarkeşlərini sevindirə biləcək “Kəpəz” formalaşdıraq. Komanda üzvləri ilə görüşdən sonra infrastrukturla maraqlandım, yeni salınan süni örtüklü meydanda görülən işlərlə tanış oldum. Komandanın avqustun 1-dən məşqlərə başlayacağını planlaşdırmışıq. Hələ ki heyətlə bağlı dəqiq bir söz deyə bilməyəcəm. Daha çox gəncəli futbolçulara şans verməyi düşünürəm. Kənardan futbolçu dəvət etmək o qədər də asan deyil. Bu məsələ daha çox maliyyə tələb edir. Hər halda, rəhbərliklə görüşüb müzakirə aparacağıq”.
Yaşar bəyin “Kəpəz”ə gəlişi bəzi gəncəli veteranlar tərəfindən heç də xoş qarşılanmayıb. Təyinatla bağlı mediaya açıqlama verən Arzu Mirzəyev (bu haqda başqa yazıda oxu – red.) yeni baş məşqçinin ünvanına kəskin fikirlər səsləndirib. Yaşar bəylə söhbətdə bu mövzuya da toxunduq. Ancaq o Mirzəyevin söylədiklərinə şərh vermək istəmədiyini bildirdi.
RƏŞAD