Sizin reklam burada

“Qarabağ” möcüzə axtarışında

Baxış Sayı:485

“Qarabağ” möcüzə axtarışında
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
BATE (Belarus) - Qarabağ
Hakimlər: ANDRİS TREYMANİS, Harald Qudermanis, Aleksey Spasyonņikov, Aleksandr Qolubev (hamısı Latviya).
Hakim-inspektor: Françesko Byanki (İsveçrə).
UEFA nümayəndəsi: Giorgos Fantaros (Cənubi Kipr).
14 avqust. Belarus. Borisov Arena. Saat 21.00
İlk oyun – 1:0.
Bu gün Çempionlar Liqasında 3-cü mərhələnin cavab oyunlarına start verilir. Beləliklə, qitənin ən nüfuzlu klub turnirində pley-offa adlayacaq bütün komandaların adları bu gün və sabah bəlli olacaq. Ümid edək ki, işi çətinə düşən “Qarabağ” da ÇL-də çıxışını davam etdirə biləcək. Ötən həftənin çərşənbə axşamı Tofiq Bəhramov adına Respublika stadionunda BATE-ni sınağa çəkən, ancaq minimal hesabla uduzaraq azarkeşlərini üzən Qurban Qurbanovun yetirmələri Borisova möcüzə arxasınca yollanıb. Əslində ağdamlıların səfərdə Avropanın tanınan komandalarına qalib gəlib mərhələnin taleyini rəqib meydanında həll etdiyi görüşlər az olmayıb. Ancaq bu dəfə vəziyyət fərqlidi. BATE indiyə qədər səfərdə qələbə qazandıqdan sonra həmişə mərhələ adlayan tərəf olub. Belarus təmsilçisi 1999-cu ildən bu yana, başqa sözlə, qitə kuboklarına qatıldığı vaxtdan etibarən 7 dəfə səfərdə keçirdiyi ilk oyunu qələbəylə vurub və bunların hamısında mərhələni adlayıb. Üstəlik, bunlardan 4-də evdə də qələbə qazanıb və 3-də heç-heçə ilə kifayətlənib. “Qarabağ” qələbə qazana bilsə, həm bu seriyanı qıra, həm də ÇL-in pley-offuna adlaya bilər.
Qeyd edək ki, UEFA qarşılaşmanı latviyalı hakimlər briqadasına həvalə edib. Baş hakim Andris Treymanisə Harald Qudermanis və Aleksey Spasyonnikov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Aleksandr Qolubev yerinə yetirəcək. Hakimlərin işinə isveçrəli Françesko Byanki qiymət verəcək. UEFA nümayəndəsi isə Cənubi Kiprdən olan Giorgos Fantarosdu.
Maraqlıdı ki, Treymanis, həmçinin briqadasındakı həmyerliləri Harald Qudermani və Aleksey Spasyonnikov Belarusla yığmamızın martın 23-də Bakıda keçirilən yoxlama matçında (0:1) da iş başında olublar. Bu, Qurban Qurbanovun əsas komandanın baş məşqçisi kimi ilk ev oyunu idi. Bundan başqa, 33 yaşlı latviyalı FİFA referisi millimizin son rəsmi oyununu da idarə edib. Bu, 10 ay öncə - DÇ-2018-nin seçmə mərhələsi mərçivəsində 2017-ci il oktyabrın 8-də Kayzerslautern şəhərində Almaniya yığmasına 1:5 hesabıyla uduzduğumuz matçdı. Treymanis millimizin son məğlubiyyətini aldığı bu oyunda yeganə sarı vərəqəni "Qarabağ"ın artıq sabiq yarımmüdafiəçisi Riçard Almeydaya göstərib. 2014-cü il martın 9-da U-21 yığmamızın israilli həmyaşıdlarına "Dalğa Arena"da 3:0 hesabıyla qalib gəldiyi rəsmi oyunda da Treymanis baş hakim olub. Rəhman Hacıyevin dubl edtiyi, daha bir qolun müəllifinin isə Ağabala Ramazanov olduğu həmin oyunda latviyalı referi iki futbolçumuza - qapıçı Şahruddin Məhəmmədəliyevlə müdafiəçi Şəhriyar Əliyevə sarı vərəqə göstərib. Treymanis 2011-ci ildə U-17-nin Avropa çempionatının seçmə oyunlarında yığmamızın Xorvatiyanı 2:1 hesabı ilə yendiyi və Ukrayna ilə qolsuz heç-heçə etdiyi maçları da idarə edib. O, ukraynalılarla qarşılaşmada Şirməhəmməd Məmmədova, xorvatlarla oyunda Ruslan Nəsirliylə Kamran Abdullazadəyə sarı vərəqə göstərib. Ruslan həmin oyunda qol da vurub. Digər fərqlənən oyunçumuz Orxan Əliyev olub. Treymanisin FİFA referisi adına yiyələndiyi 2011-ci ildə bizimlə ilk dəfə yolu kəsişib və bu, Bakıda baş tutub. Bu, 7 il öncə - Avropa Liqasının 2011/12 mövsümünün AZAL – “Minsk” görüşündə olub. FİFA referisi "AZAL Arena"da 1:1 hesabı ilə bitən matçda bir futbolçumuza sarı vərəqə göstərib.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 21.00-da başlayacaq oyunu “CBC Sport” canlı yayınlanayacaq.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR