Sizin reklam burada

Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi

Baxış Sayı:545

Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi
“Yəqin ki, təhlükəsizliyimizi qoruyacaqlar”
“Sumqayıt”la yarımfinalın cavab görüşündə inamlı oynamasına və sona qədər meydanda qalmasına rəğmən, Yuri Maksimov Kamran Ağayevi “Zirə” ilə görüşdə ehtiyatda oturtmuşdu. Bununla belə, oyunsonrası brifinqdə o da jurnalistlərin suallarını cavablamağa razılıq verdi. Kamran həmişəki ampluasında idi, yenə maraqlı açıqlamalarla diqqət mərkəzinə düşdü. Komandası finalda çıxış edəcək birinin həlledici qarşılaşmanın məkanı haqda xəbərsiz olduğunu deməsindən çarpıcı, həm də absurd nə ola bilər?!
- "Keşlə" "Sumqayıt"ı nəyin sayəsində üstələməyi bacardı?
- Hər şey insanın öz əlindədi. Sizin düşüncənizlə bizimki eyni ola bilməz. Çox söz demək olar. Amma gərək mübarizə aparasan, əziyyət çəkəsən. Əks halda, nəticə əldə etmək çox çətin olar. Bugünkü oyun da çox ağır keçdi. Futbolçuların bəzilərində yorğunluq var idi, bəzilərinə istirahət verilmişdi. Amma əvəzolunmaz futbolçu yoxdu. Meydana çıxan hər kəs sözünü deməlidi. Normal hazırlaşdıq və qələbəyə nail olduq. Finalda da qalib gəlmək istəyirik.
- Çoxları deyir ki, final matçının Qəbələdə keçirilməsi "Keşlə" üçün mənfi məqamdı...
- Necə ola bilər ki, final Qəbələdə keçirilsin? Mən bunu bilmirdim. Belə şey ola bilməz.
- Səncə, final matçının yeri dəyişdirilməlidi?
- Hər şey reqlamentə uyğun olmalıdı. Mən birinci dəfədi eşidirəm. Bu, normal deyil. Amma belə məsləhət görürlərsə, yəqin belə də olacaq. Fikrimcə, final matçı ya Naxçıvanda, ya da Lənkəranda keçirilməlidi. Gəncədə də oynamaq olar.
- Gəncə şəhər stadionunda işıqlandırma ilə bağlı problem olduğu üçün oyun Qəbələ şəhər stadionuna təyin olunub...
- "Qəbələ" finalda ev sahibi kimi çıxış edəcək? Vallah, indi sizdən eşidirəm. Dünya futbolunda belə hal varmı? Onda Superkubok uğrunda "Neftçi" - "Xəzər Lənkəran" oyununu niyə Naxçıvana salmışdılar?
- Qəbələdə təhlükəsizlik sarıdan problem ola bilər?
- Yəqin ki, təhlükəsizliyimizi qoruyacaqlar. Azarkeş amili vacibdi. Əsas odu ki, Azərbaycan torpağında oynayacağıq. Mübarizə aparacaq, vuruşacağıq. Sabah nə olacağını bilmirik. Bu gün üçün yaşayırıq.
- Bugünkü oyunda epizodların birində Yuri Maksimovla nəyisə müzakirə edirdiz...
- Zarafatla desəm, olar? Mən sizdən şəxsi həyatınızı soruşuram? Şəxsi söhbətimizi niyə soruşursuz? Bunu aqressiv formada demirəm. Siz gördüyünüzü soruşa bilərsiz. Sadəcə, komandadaxili söhbətləri, təhlilləri ictimaiyyətə çatdırmaq olmaz. Biz nə danışdığımızı və nə etdiyimizi özümüz bilirik.
- Sonda milli komanda ilə bağlı sual vermək istərdik...
- Milli ilə bağlı sualı millinin düşərgəsində olduğumuz vaxt verərsiz. "Keşlə"yə dair sualınız varsa, buyurun.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR