Sizin reklam burada

Foqts: “Rüfət daha yüksək liqalarda asanlıqla oynaya biləcək səviyyədədi”

Baxış Sayı:533

Foqts: “Rüfət daha yüksək liqalarda asanlıqla oynaya biləcək səviyyədədi”
Yığmamızın müdafiəçisi Ufuk Budak zədəsini sağaldıb. Türkiyə mətbuatında yer alan xəbərdə “Samsunspor”un üzvünün məşqlərə başladığı qeyd olunub. Lakin o, PTT liqasının növbəti turunda sabiq komandası “Əskişəhərspor”a qarşı oynaya bilməyəcək. Çünki Ufuk hələ ki fərdi məşqlərlə kifayətlənir. Həkimlər müdafiəçiyə yalnız yüngül qaçışla hazırlaşmağa icazə veriblər. Yığmamızın üzvü bir müddət sonra kollektiv məşqlərə qoşulacaq.
Bu arada milli komandamızın sabiq baş məşqçisi Berti Foqts Rüfət Dadaşovun 3-cü bundesliqa təmsilçisi “Proyssen”lə müqavilə bağlamasına münasibət bildirib. “Bild”ə danışan təcrübəli mütəxəssis bu keçidi hər iki tərəf üçün böyük şans sayıb. 2008-14-cü illərdə yığmamızın “sükanı arxasında” olan və həmin dövrdə Dadaşova 16 qarşılaşmada şans verən 72 yaşlı Foqts hücumçunun daha yüksək liqalarda oynaya biləcəyini deyib: “Rüfət Dadaşovun 3-cü bundesliqaya, “Proyssen”ə transfer olunacağını gözləmirdim. Rüfət yaxşı oğlandı və daha yüksək liqalarda asanlıqla oynaya biləcək səviyyədədi. “Proyssen” onu almaqla böyük “ov yaxaladı”.
Hazırda zədədən əziyyət çəkən 26 yaşlı forvard isə “Dinamo”nu bu şəkildə tərk etmək istəmir. O, mövsümün sonuna qədər sağalacağına inandığını söyləyib: “Berlin klubundakı taleyimin belə olacağını təsəvvür etmirdim. Amma iyunun 30-da “Proyssen”ə qoşulana qədər meydana qayıda bilərəm”.
Qeyd edək ki, Rüfət Dadaşov “Proyssen”lə 2 illik müqavilə imzalayıb.
Yığmamızın ölkə xaricində çıxış edən digər üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Ertsgebirge” bu gün 2-ci bundesliqada 30-cu turun oyununa çıxacaq. “Arminiya”nın qonağı olacaq Aue təmsilçisinin baş məşqçisi Hannes Dryus uğurlu çıxışın davamını arzulayır. 36 yaşlı mütəxəssis Bilefeld səfərində hücum “üçlüy”ünə güvənəcəyini açıqlayıb. O, Nazarovun adını xüsusi qeyd edib: “Sören Bertramın iki aydan sonra sıraya dönməsi məni çox sevindirir. O artıq oynamağa hazırdı. “Arminiya” ilə görüşdə 9 oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirməyə çalışacağıq. Bu mənada hücumda yer alan Dmitri Nazarov, Paskal Köpke və Riç Mansiyə inamımız böyükdü. Xüsusən də Nazarovun performansı böyük rol oynayacaq. Çünki o, təkcə hücumçu deyil, eyni zamanda oyun quruculuğunu, öndə komandanı yönləndirməyi yaxşı bacarır. Ümid edirəm ki, bu “üçlük” bizə ardıcıl 3-cü qələbəni gətirən qolları vuracaq”.
Qeyd edək ki, hesabında 39 xal olan “Ertsgebirge” 8-ci pillədə qərarlaşıb. Nazarovun komandasını 4-cü yerdəki “İnqolştadt”dan cəmi 2 xal ayırır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR