Sizin reklam burada

Alesio Renat məsələsinə nöqtə qoydu və sürpriz vəd etdi

Baxış Sayı:628

Alesio Renat məsələsinə nöqtə qoydu və sürpriz vəd etdi
“Mənim taktikamı üç günə mənimsəmək çətindi”
Yanvarın 18-dən etibarən tam heyətlə Avropa çempionatına hazırlaşan futzal millimizin dünən Bakı İdman Sarayında baş tutan səhər məşqinin ilk 15 dəqiqəsi mətbuata açıq oldu. Eyni zamanda yığmanın baş məşqçisi Joze Alesio da Silvanın, o cümlədən Vitali Borisovun iştirakı ilə brifinq təşkil olundu. Məşqdən əvvəl media mənsubları önünə çıxan braziliyalı mütəxəssis ilk növbədə 20 Yanvar - Ümumxalq Hüzn günü ilə bağlı Azərbaycan xalqına başsağlığını çatdırdı: “Hamınızı salamlayıram və bura gəldiyinizə görə təşəkkürümü çatdırıram. Bilirəm ki, sabah (bu gün) Azərbaycanda milli matəm günüdü. Xalqınıza başsağlığı verirəm. Alah şəhidlərə rəhmət eləsin”.
Daha sonra o, toplanış barədə ümumi fikirlərini çatdırdı və ardından jurnalistlərin suallarını cavabladı.
- Təlim-məşq toplanışına rəsmən dünəndən başlamışıq. Legionerlərimiz Vitali Borisov, Fineo və Vassura da artıq komandaya qoşulub. Tam heyətlə məşq edirik. Yanvarın 23-ü və 24-də İran yığması ilə iki yoldaşlıq görüşü keçirəcəyik. Bu oyunlardan sonra Avropa çempionatı üçün yekun heyəti müəyyənləşdirəcəyik.
- Komandanın qarşısına hansı hədəflər qoyulub?
- Başlıca məqsəd qrup mərhələsini adlamaqdı, biz ilk növbədə bunu bacarmalıyıq. İlk görüşdə Fransa ilə münasibətləri aydınlaşdıracağıq. Bu, bizim üçün finala bərabər oyun olacaq.
- Amma qrupda İspaniya da var...
- İspaniya dəfələrlə qitənin güclüsü adını qazanmış, son Avropa çempionatının qalibi olmuş yığmadı. Bu komandanın gücü hər kəsə bəllidi. Amma ilk növbədə birinci oyunu fikirləşmək lazımdı. Startda fransızlarla qarşılaşacağıq deyə, mən hazırda ilk oyun haqda düşünürəm.
- Legionerlərin durumu necədi?
- Vassuranın durumu normaldı. Birləşmiş Ərəb Əmirliklərində ölkə çempionatı davam etdiyindən, son oyununu üç gün əvvəl keçirib. Vitalinin vəziyyətinə gəlincə, o, 20 gün məşq etməyib. Çünki Serbiya çempionatı artıq bitib. Fineo da həmçinin. Komandası pley-off mərhələsinə yüksələ bilməyib. Ona görə hər ikisinin fiziki hazırlıq üzərində daha çox çalışmasına ehtiyac duyulur. Amma fikrimcə, 10 gündən sonra normal vəziyyətə çatacaqlar.
- Əvvəlki mövsümlərdə yığmanın bazası rolunu "Araz" oynayırdı. İlk dəfədi kənardan üç legioner cəlb olunur. Bu amil yığmanın oyun sisteminə müsbət, yoxsa mənfi təsir göstərə bilər?
- Əlbəttə, legionerlərimiz təcrübəli və səviyyəli oyunçulardı. Məncə, elə bir problem yaranmayacaq. Çünki yığmada daim birgə çıxış ediblər. Sadəcə, məşq etmək, hazırlaşmaq lazımdı. Düzdü, "Araz"ın da baş məşqçisiyəm, amma hazırda millini Avropa çempionatına hazırlamağı düşünürəm. "Araz" hazırda çempionatda birinci pillədə qərarlaşıb və çempionluq uğrunda mübarizə aparır. Yəni heç bir gərginlik yoxdu.
- Demək istəyirdim ki, əvvəllər əksəriyyət klubda eyni taktika əsasında çıxış edirdi. Ancaq Vitali, Vassura və Fineo hazırda yığma ilə müqayisədə fərqli sistemlə oynayır...
- Borisovla Vassura taktikama bələddirlər. Çünki onlarla əvvəllər də birgə işləmişik. Bu baxımdan Fineoya çətin ola bilər. Amma Avropa çempionatına qədər vaxt var. Çalışacam ki, o da taktikamızı qavrasın.
- Çempionatda ən çox qol vuran oyunçu Renat Sultanovdu. Lakin onu milliyə çağırmamısız. Bunun səbəbi nədi?
- Renatı İranda keçirilən turnirə aparmışdıq. Bu dəfə də ona dəvət göndərmişdik. Amma mənə məlumat verildi ki, çimərlik futbolu yığmasının heyətində çıxış etmək istəyir. Ona görə də Renatdan imtina etməli oldum.
- Renat Sultanov həmçinin futzal yığmasının heyətində bundan əvvəl iştirak etdiyi İrandakı turnirdə meydana buraxılmamasından şikayətlənib...
- Ona görə ki, cəmi 3 gün əvvəl yığmaya gəlmişdi. Amma mənim taktikamı 3 günə mənimsəmək çətindi. Belə qısa müddətdə çətin oyuna hazır ola bilməzdi. Renat və daha bir neçə futzalçı hazırlığa gec qoşulmuşdu, tam hazır deyildilər. Buna görə onları oynatmamışam. Onlara vaxt lazım idi. İrad tuta bilərsiz ki, indi də Fineoyla Vassura hazırlığa gec qoşulublar. Amma onlar Braziliya taktikasına bələd olduqlarından, oyunlara hazırlıq zamanı çətinlik çəkmirlər.
- Qarşıdakı Avropa çempionatına hansı sürprizi hazırlamısız və bunu İranla yoldaşlıq görüşlərində sınaqdan çıxaracaqsızmı?
- Əlbəttə, olacaq. Hazırlaşmaq lazımdı. Məşq etdiyimiz, üzərində işlədiyimiz sistem nəticə verməsə, sürprizlər işə düşəcək. Sürprizlər hər zaman lazımdı.
Alesionun ardından Vitali Borisov kameralar qarşısına keçdi. Serbiya “Ekonomaç”ında çıxış edən təcrübəli futzalçı “yaxşı qrup” adlandırdığı rəqibləri dəyərləndirdi: "Hazırlığa 3 gündü başlamışıq. Avropa çempionatına ciddi hazırlaşırıq. Yaxşı qrupda mübarizə aparacağıq. İspaniya və Fransa ilə qarşılaşmalar çox maraqlı olacaq. İspaniya dünyanın ən yaxşı yığmalarından biridi, Fransa isə Xorvatiyanı turnirdən kənarda qoyub. Bu səbəbdən hər ikisi güclü rəqibdi. Avropa çempionatında zəif komanda olmur. Qrupdakı hər bir komandanın növbəti mərhələyə yüksəlmək üçün 33 faiz şansı var. Oyunlara çıxanda hər şey bəlli olacaq. Hamı bir-birindən xal ala, uda da, uduza da bilər".
Borisov Alesionun onun oyun təcrübəsindən əziyyət çəkməsi barədə fikrinə də münasibət bildirdi: "Düzdü, Serbiya çempionatında ilk dövrəyə ötən ayın ortalarında yekun vurulub. Elə buna görə "Ekonomaç" klubundan xahiş etdim ki, məni yığmanın düşərgəsinə tez buraxsınlar. Rəhbərlik də icazə verdi. Üç gün əvvəl Bakıya gəldim və məşqlərə qoşuldum".
Məşqə gəlincə, milli üzvləri saat 10.30-da meydana çıxdılar. Hazırlıq prosesi 20 Yanvar şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardından Alesio yetirmələrini “taktika lövhəsi”nin önünə toplayıb uzun-uzadı izahat verdi. Daha sonra qapıçı meydançasının xətti boyunca düzülən milli üzvləri “kvadrat” oynadılar.
Bu arada heyətdə yeni futzalçı diqqəti cəlb etdi. Baş məşqçi Joze Alesio da Silva FK.İD-in oyunçusu Nihat İsmaylovu yığmaya çağırıb. Bu dəyişikliyi məcburi saymaq olar. Belə ki, Tyaqo Telesin zədəsi var və onun yüngül məşqlə kifayətləndiyini qeyd edək. Ancaq bu, gənc futzalçının braziliyalını əvəzləyəcəyi anlamına gəlmir. Sadəcə, Alesio sahə oyunçularının sayını 12-yə çatdırmaq, belədə 3 “4-lik”lə müəyyən taktikaları sınaqdan keçirmək niyyəti güdür. Tyaqonun İranla oyunlarda iştirak edib-etməyəcəyi dəqiq deyil. Ancaq o, Sloveniyaya aparılacaq. Üç il əvvəl aldığı zədə ağır məşqlərdən sonra özünü göstərdiyindən, Alesio onu riskə atmaq istəmir və həmyerlisinin ayın 28-nə qədər bərpa olmasına çalışır.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR